26 may 2025 16:59
550

Rusiyanın Finlandiyadakı səfirinə nota təqdim edilib

Mayın 26-da Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov Rusiya hərbi təyyarələrinin Finlandiya hava məkanını pozması iddiası ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Rusiya diplomatına nota təqdim olunub.

“Finlandiya Xarici İşlər Nazirliyi bu gün Rusiya səfirini çağıraraq hava məkanının pozulması ilə bağlı aydınlıq gətirilməsini tələb edib”, - deyə, Finlandiya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki paylaşımında deyilir.

Finlandiyanın "Yle" telekanalının məlumatına görə, söhbət Porvoo sahillərində iki Rusiya hərbi təyyarəsinin hava məkanını pozduğu iddiasından gedir. Finlandiyanın Müdafiə Nazirliyi insidentlə bağlı mayın 23-də məlumat yayıb. Ölkənin müdafiə naziri Antti Hakkanenin qeyd etdiyi kimi, Finlandiya sərhəd xidməti bu insidentlə bağlı araşdırmalara başlayıb.