“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhərində uşaqlar üçün rəngarəng festival keçiriləcək. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” festivalı 2025 keçiriləcək.
“İki sahil” xəbər verir ki, festival iyun ayının 1-də Naxçıvan şəhərində yerləşən “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində baş tutacaq. Tədbirin açılış mərasimi saat 10:00-da keçiriləcək və gün ərzində – saat 19:00-dək davam edəcək. Bayram ovqatında təşkil olunacaq “Uşaqların rəngli dünyası” festivalı 2025 çərçivəsində ərazi Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi dekorlarla bəzədiləcək və dörd əsas zona üzrə qurulacaq.
"Təhsil zonası”nda uşaqlar üçün müxtəlif yaradıcı və maarifləndirici dərnəklər fəaliyyət göstərəcək. Burada xalçatoxuma, STEAM, frontal zəka oyunları, dulusçuluq, döymə, oyma, rəsm, muncuq işi və digər sahələr üzrə stendlər nümayiş olunacaq.
“İdman zonası”nda isə stolüstü tennis, şahmat, voleybol, “Şən startlar” və müxtəlif əyləncəli uşaq oyunları təşkil ediləcək.
“Əyləncə zonası” festivalın ən rəngarəng hissələrindən biri olacaq. Burada xüsusi dekorlar və foto zonalarla bəzədilmiş sahələr yaradılacaq, uşaqlar üçün səhnə qurulacaq, nağıl personajlarının çıxışları təqdim olunacaq. Bu zonada Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən teatr tamaşaları və konsert proqramları nümayiş olunacaq.
“İaşə və istirahət zonası” isə həm dincəlmək, həm də ailəvi istirahət üçün nəzərdə tutulub. Bu ərazidə isti və sərin içkilər, müxtəlif yemək xidmətləri göstəriləcək, piknik üçün xüsusi yerlər ayrılacaq. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən fiziki imkanları məhdud şəxslərin və qadın sahibkarların əl işlərinin sərgi-satışı təşkil olunacaq.
“Uşaqların rəngli dünyası” festivalı 2025 çərçivəsində hər bir zonada özünəməxsus proqramlar təqdim olunacaq. Təşkilatçılar tərəfindən könüllülərin iştirakı da nəzərdə tutulub və ümumilikdə, 40 könüllü festivalın müxtəlif hissələrində fəaliyyət göstərəcək.
Naxçıvanda keçiriləcək “Uşaqların rəngli dünyası” festivalı 2025 uşaqlara sürprizlərlə və mükafatlarla dolu bir gün yaşatmağı, onların yaradıcılıq və bacarıqlarını nümayiş etdirmələri üçün əlverişli mühit yaratmağı hədəfləyir. Genişmiqyaslı bu tədbir uşaqların sevinci və xoşbəxtliyi naminə əsl bayrama çevriləcək.