27 may 2025 23:17
183

Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji poliqonuna çevrilir

Ötən il bu bölgələrdəki 32 su elektrik stansiyasından 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz enerji istehsal olunub

Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında  aparılan tikniti və quruculuq işlərinin önündə buradakı yeni su elektrik stansiyalarının yaradılması gəlir. Həm Qarabağ, həm də Şərqi Zəngəzurun bol sulu çayları belə stansayaların qurulması üçün əlverişlidir. Təkcə ötən il burada «AzərEnerji» ASC-nin quraşdırdığı  32 su elektrik stansiyasından 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub. Bu barədə ASC-nin saytından əldə etdiyimiz məlumatlarda göstərilir ki, həmin enerjinin üçdə biri, yəni 200 milyon kilovat saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını təmin edib. Qalan hissəsi isə ölkəmizin enerji sisteminə ötürülərək digər rayonların tələbatına yönləndirilib. Nəticədə, 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Xatırladaq ki, 2024-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Belə ki, Kəlbəcər rayonunda son dörd ildə «AzərEnerji» ASC tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən ən böyük su elektrik stansiyası - 22,5 MVt-lıq «Yuxarı Vəng», 4,3 MVt-lıq «Zar», Laçın rayonunda 2,8 MVt-lıq «Zabux», 4,6 MVt-lıq «Qarıqışlaq», Zəngilan rayonunda isə hər birinin gücü 10,5 MVt olmaqla «Şayıflı», «Zəngilan» və «Sarıqışlaq» su elektrik stansiyaları istismara verilib. Bununla da, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı tapşırığının icrası üzrə işlər ardıcıllıqla görülür. Belə ki, 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara buraxılıb və 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur.

Bundan başqa, ölkənin digər ərazilərində də  bu tipli enerji obyekti  inşa edilməkdədir. 2023-cü ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən Mingəçevirdə təməli qoyulan 1280 meqavatlıq yeni elektrik stansiyasında işlər yekunlaşmaqdadır. Yeni tikilən elektrik stansiyası qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyası olmaqla yanaşı, ölkədəki digər istilik elektrik stansiyaları arasında hər kilovatsaat üçün ən az qaz yandıran elektrik stansiyası olacaq. Mingəçevir şəhərindəki «Azərbaycan» İES-in ərazisində inşa edilən bu nəhəng enerji obyektinin qrafikə uyğun olaraq, 2025-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılsa da artıq proses qrafikdən əvvəl başa çatmaqdadır. Hazırda yeni elektrik stansiyasının 4 ədəd turbin və generatorlarından 3 dəsti test edilərək qoşulub və bir dəstinin isə yaxın vaxtlarda işə buraxılması həyata keçiriliəcək. 

Bəs bu nəhənglikdə enerji obyektinin istismarı və idarə edilməsi üçün yerli kadr təminatı varmı? Qeyd edək ki, yeni elektrik stansiyasının turbin və generatorları İtaliyanın «Ansaldo Energia», util qazanlar isə Çinin «Dongfang» şirkətinin istehsalı olduğundan son 2 ildə dəfələrlə bu şirkətlərin mütəxəssisləri Mingəçevirdə, «AzərEnerji» ASC-nin mütəxəssisləri isə İtaliya və Çində olub, əyani kurslarda iştirak ediblər. İndi isə stansiyada qurğuların, avadanlıqların texniki sistemlərinin tam və etibarlı şəkildə istismarının təmin edilməsi, Qazan-Turbin sexinin işçilərinin bilik və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə «Util Qazan təlim proqramı» üzrə aparılan Turbin, Generator və Avtomatika sahələri üzrə kadr hazırlığı proqramı davam etdirilir. Eyni zamanda, belə bir təlim proqramı İtaliyanın «Ansaldo Energia» şirkətinin nümayəndələri tərəfindən stansiyanın işçiləri üçün keçirilir və layihə kurs şəklində davam etdirilir. Bu kurslara «AzərEnerji» ASC-nin 130 əməkdaşı cəlb olunub. Onu da bildirək ki, bundan əvvəl yanvar ayında Çinin «Dongfang» şirkəti tərəfindən də belə bir təlim kursu keçirilib və təlimçilər müəyyən olunan proqramlar üzrə mütəxəssislərin verdiyi bilik və bacarıqlara yiyələniblər. 

Ümumiyyətlə, istər Qarabağ və Şərqi Zəngəzurda, istərsə də ölkəmizin dəgər rayonlarında istehsal edilən elektrik enerjisində ciddi artımlar var. Məsələn, 2025-ci ilin üç ayı ərzində «AzərEnerji» ASC-nin balansında olan istilik və su elektrik stansiyalarında 6 milyard 295 milyon kVts elektrik enerjisi istehsal olunub. Müqayisə üçün deyək ki, ötən ilin üç ayı ərzində isə su elektrik stansiyalarında 420 milyon kVts enerji istehsal edildiyi halda, 2025-ci ilin ilk üç ayında 645 milyon kVts istehsal olunub. Bununla da 1,5 dəfə istilik enerjisi azaldılaraq su elektrik enerjisi ilə əvəzlənib. Sözsüz ki, su elektrik stansiyalarınının payına düşən  istehsalın artması Qarabağ və Şərqi Zəngəzurda ardıcıllıqla tikilərək istismara verilən kiçik su elektrik stansiyaları ilə əlaqəlidir. Təbii ki, istilik enerjisinin azaldılması isə ekoloji cəhətdən təmiz və sərfəli su enerjisinin artması ilə bağlıdır. Bundan əlavə ötən ilin müvafiq dövrü ilə müqayisədə «AzərEnerji» tərəfindən 1 kVts elektrik enerjisi istehsalı üçün şərti yanacağın xüsusi sərfiyyatı 6,2 qram azaldılıb ki, bununla da 78,5 milyon kubmetr təbii qaza, o cümlədən maliyyə vəsaitinə qənaət edilib. 

Elçin Zaman, «İki sahil»