Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBNM, Orta Dəhliz) inkişafına xüsusi diqqət yetirir.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev Astanada keçirilən "Qazaxıstan – İtaliya" biznes forumunda bildirib. "Dənizə çıxışı olmayan ölkə kimi Qazaxıstan daim alternativ logistik marşrutlar axtarışındadır. Bu baxımdan, logistik zəncirlərin yenidən qurulması fonunda Şimal dəhlizinə alternativ olaraq getdikcə daha vacib və xüsusi rol qazanan Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilir", - nazir qeyd edib. Onun sözlərinə görə, 2024-cü ildə Orta Dəhliz üzrə yük daşımalarının həcmi 2023-cü illə müqayisədə 63 % artaraq 4,1 milyon tona çatıb, konteyner daşımaları isə 2,6 dəfə artaraq 50,5 min TEU təşkil edib: “Bunlar, mühüm artım göstəricisidir”.
A.Şakkaliyev həmçinin deyib ki, Qazaxıstan İtaliya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır: "İtaliya maşınqayırma, sənaye dizaynı və enerji texnologiyaları kimi sahələrdə tanınmış dünya lideridir, Qazaxıstanın iri layihələrində iştirak edə bilər".