01 iyun 2025 22:27
209

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.

“İki sahil” xəbər verir ki, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivalda müxtəlif maraq dairələrinə uyğun əyləncə zonaları yaradılıb.

Festivala Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb. Onlar üçün xüsusi zonada hədiyyəli və əyləncəli proqram təqdim olunub.

Paytaxt sakinləri və şəhərin qonaqlarının böyük marağına səbəb olan festivalda uşaqların səmərəli vaxt keçirməsi üçün hər cür şərait yaradılıb. Uşaqlarla bərabər, valideynlər də festivaldan məmnun qaldıqlarını ifadə ediblər.

Şəhər sakini Çinarə Cənnətova AZƏRTAC-a müsahibində bildirib ki, bu il festival fərqli proqramı ilə seçilir: “Mənim oğlumun adı Qeysdir, 10 yaşı var və hazırda 4-cü sinifdə oxuyur. Qızımın adı Nilaydır, 6 yaşı var və məktəbəqədər hazırlıq mərhələsindədir. Uşaqlarımla birlikdə vaxt keçirmək mənim üçün böyük sevinc və zövqdür.

Mən müxtəlif şou və tədbirləri izləməyi çox sevirəm. Fərqli şəhərlərdə keçirilən bu tədbirlərdə iştirak etmək mənə böyük maraq və əyləncə bəxş edir. Xüsusilə əl işləri sərgilənən zonalara üstünlük verirəm – bu cür zonalarda festival ab-havası yaşanır və çoxlu çeşidlər təqdim olunur”.

Heydər Əliyev Mərkəzi ərazisində keçirilən Uşaq Festivalının önəminə toxunan Ç.Cənnətovanın sözlərinə görə, bu cür tədbirlər həm mənəvi rahatlıq, həm də motivasiya verir: “Eləcə də insanı inkişaf etdirir, əyləncəli və faydalı təcrübələr qazandırır”.

10 yaşlı Qeys festivalda çox əyləndiyini vurğulayaraq, daha çox face-art və toxunma əl işləri zonasını bəyəndiyini ifadə edib.

“Yaşama dəstək” kəpənək ixtiyoz və imundefisit xəstələrin rahat yaşamına dəstək mərkəzinin rəhbəri Elgül Hüseynquliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, mərkəz Azərbaycanda üç nadir xəstəlikdən əziyyət çəkən xəstələrə daim dəstək verir: “Kəpənək ixtiyoz - faciəvi bir xəstəlikdir. Yanan uşaqlar Epidermolizis Bulloza (Kəpənək), ixtiyoz və imunodefisitfən əziyyət çəkir. İkisi dəri xəstəliyi, digəri isə qanında imunitet sıfır olan bir xəstəlikdir. Artıq 7 ildir ki, mərkəz cəmiyyətdə bu xəstəliyi olan insanlara dəstək göstərir. Onları həm cəmiyyətlə, həm də dövlət qurumları ilə əlaqələndiririk. Hər zaman qulluq tələb edən xəstəlikdir.

Həkim deyiləm, çünki mənim gördüyüm iş tək həkimliklə əlaqəsi olan iş deyil. Bu xəstəlik baxım tələb etdiyi üçün həm həkim, həm də onların dəstəkçisi kimi hər zaman onların yanındayam”.

E. Hüseynquliyeva göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür etdiyini bildirib: “2019-cu ildən bugünədək

Leyla xanım bizə böyük dəstək göstərir. Onun sayəsində bu uşaqlar üçün xüsusi dövlət proqramı hazırlanıb. Tez-tez uşaqlarımızla görüşür, onları bağrına basır”. O, hazırda “Yaşama dəstək” mərkəzində 400-dən artıq uşağın olduğunu vurğulayıb: “Ümumiyyətlə, Azərbaycanda 900-ə yaxın ixtiyoz, 100-ə yaxın Epidermolizis Bullozadan (Kəpənək) və imunadefisit xəstəliyindən əziyyət çəkən uşaq var. Bizim cəmiyyət artıq böyükdür. Onların mərkəzi var”.

Heydər Əliyev Mərkəzinin parkında mövzular və əyləncə növləri üzrə yaradılan zonalarda maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub.

Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları keçirilib, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirib, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olub, viktorinalar təşkil edilib.

“Aqrar zona”da iştirakçılara kənd təsərrüfatı və təbiət haqqında interaktiv məlumatlar verilib. Uşaqlar bitki həyatı, ətraf mühitə bitkilərin təsiri haqqında maarifləndirici məlumatlarla isə “Botanika zonası”nda tanış ola biliblər. Bu sahədə təcrübə qazanmaq üçün uşaqlara ustad dərsləri keçirilib.

Uşaqların heyvanlar aləminə marağı nəzərə alınaraq, festivalda “Zoopark zonası” da yaradılıb.

Builki festivala Dövlət Kukla Teatrı da dəvət olunub. Teatrın ixtiyarına verilən zonada uşaqlar üçün “Qoğal” nağılı nümayiş etdirilib.

Daha bir yenilik isə festivalda Bakı Dövlət Sirkinin iştirakı olub. Animatorlar və sirk ustaları maraqlı şou proqramlarla uşaqları sevindirib, akrobatlar, klounlar və sehrbazlar xüsusi nömrələr nümayiş etdiriblər.

Festivalda daha bir yenilik moda meydançası olub. Bu zonada uşaqlar və gənclər peşə təhsili müəssisələri tərəfindən dizayn, floristika, moda dünyasına səyahət edib, öz yaradıcılıqlarını nümayiş etdirib və müxtəlif dizayn ideyaları ilə tanış olublar.

Muzey zonasında Milli Xalça Muzeyi xalça toxunması üzrə ustad dərsi keçirilib.

Kosmos və astronomiya, həmçinin planetarium vasitəsilə ulduzlar və planetlər haqqında bilgiləri isə“Azərkosmos” və “Planetarium” zonasında əldə etmək mümkün olub.

Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası (AAF) uşaqlar üçün “Təhlükəsiz yollar/Ralli” zonası da təşkil edib.

Bu gün Mərkəzin parkında “Oxu zonası”nda oxu saatı keçirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə gələcək nəslin sağlam böyüməsinə bir daha diqqəti yönəltmək məqsədilə festivalda “Sağlam uşaqlar zonası” fəaliyyət göstərib. Burada uşaqların müayinəsi üçün kuponlar verilib.

Uşaqların fiziki aktivliyini artırmaq məqsədilə “Estafet zonası”nda müxtəlif yarışlar və idman oyunları keçirilib, attraksionlar qurulub. “Badminton zonası”nda maraqlı yarışlar təşkil olunub.

Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilib.