02 iyun 2025 16:03
198

Liderlərin görüşü üçün lazımi tədbirləri görməyi planlaşdırırıq - Fidan

İstanbulda Rusiya və Ukrayna arasında baş tutan ilk iclasda verilən qərarların həyata keçirilməsi üçün tərəflər çox vacib addımlar atıblar.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən ikinci görüşün açılışında deyib:

“Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə mütəmadi təmasdadır. Birinci görüşün ardınca Prezidentimizin təlimatları əsasında Moskva və Kiyevə səfər edərək bugünkü iclası təşkil etmə imkanı yaratdıq. Hər iki tərəflə də məsələni ətraflı müzakirə etmişik”.

Nazir min nəfərlik hərbi əsir mübadiləsinin qısa müddətdə tamamlandığını, hər iki tərəfin atəşkəsə əməl etdiyini vurğulayıb:

“Bugünkü görüşdə iki ölkənin atəşkəslə bağlı şərtlərini və perspektivlərini davam etdirməyi hədəfləyirik”.

H.Fidan hərbi əsirlərin mübadiləsi məsələsini bir addım da irəli aparmağı hədəflədiklərini qeyd edib.

"Liderlərin görüşü üçün lazımi tədbirləri görməyi planlaşdırırıq. Qarşılıqlı problemlərin dialoq yolu ilə həllini hədəfləyirik. Sülhə gedən yolun düzəldilməyin mümkün olacağına inanırıq. Ən qısa zamanda arzulanan nəticəyə çatmaq əsas məqsədimizdir. ABŞ-nin bu görüşlərə yönələn inancını önəmli hesab edirik. Trampın sülhün yaradılması yönündəki qərarlılığı yeni fürsət pəncərəsi açıb", - o deyib.