1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənin hüququn – sənin gəncliyin!” adlı tədbir təşkil olunub.
“İki sahil” xəbər verir ki, tədbir Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, Azərbaycan Pediatrlar Assosiasiyası və Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilib.
Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutan tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadə, deputatlar Mehriban Vəliyeva, Müşfiq Məmmədli, Günay Ağamalı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mehriban Nəcəfova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt üzrə sektor müdiri İman Ağayev, təhsil işçiləri, valideynlər, şagirdlər, şəhid və qazi ailələrinin üzvləri iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rəsmi hissədə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları, xüsusilə də Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın bizə əmanət övladlarını təbrik edib, onlara sağlam, sevgi dolu və işıqlı gələcək arzulayıb.
“Uşaqlar – bu həyatın ən saf, ən təmiz nümayəndələridir. Onların gülüşü dünyanı işıqlandırar, baxışları səmaları ümidlə doldurar. Onlar bizim sabahımız, güclü vətəndaş cəmiyyətimizin bünövrəsidir!” – deyə Hicran Hüseynova bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti uşaqların hüquqlarının qorunması, onların təhsil, sağlamlıq və rifahının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürüdür. Ulu Öndər Heydər Əliyevin “Uşaqlar xalqın, dövlətin gələcəyidir” fikri bu siyasətin əsasını təşkil edir və bu yanaşma Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi çoxşaxəli layihələr – xüsusilə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, müalicəsi və sosial inteqrasiyasına verilən dəstək – yüksək dəyərləndirilib.
Çıxışının sonunda Hicran Hüseynova belə əhatəli və məqsədyönlü tədbirin təşkilinə verdikləri töhfəyə görə ilk öncə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadəyə, Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Elmira Yaqubovaya, eləcə də əməyi keçən bütün iştirakçılara təşəkkürünü bildirib.
Millət vəkili, eyni zamanda, xüsusi təşəkkürlərini tədbirdə istedad və bacarıqları ilə seçilən balaca iştirakçılara – məktəblilərə ünvanlayıb. Qeyd edib ki, onların parlaq çıxışları tədbirə xüsusi rəng və mənəvi dəyər qatıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları, məktəb müəllimləri və digər natiqlər uşaq hüquqları, sosial müdafiə, sağlamlıq və təhsil sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üzrə möhkəm qanunvericilik bazası formalaşıb və bu sahədə atılan addımlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.
Daha sonra məktəblilər “Yaşa, Azərbaycan!”, “Uzun dərə” rəqsi və “Ana Vətən” adlı ədəbi-bədii kompozisiyalarla çıxış ediblər. Sonda səhnədə səsləndirilən “Xoşbəxt olsun uşaqlar” çıxışı ilə uşaqlara xoş arzular ünvanlanıb.
Tədbirin sonunda Sumqayıt şəhər M.Füzuli adına ümumtəhsil məktəbinin direktoru Elmira Yaqubova çıxış edərək iştirakçılara təşəkkürünü bildirib və bütün uşaqlara sağlam, firavan və işıqlı gələcək arzulayıb.
Yekununda Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü ilə aztəminatlı, şəhid və qazi ailələrindən olan məktəblilərə uşaq hüquqları mövzusunda maarifləndirici kitablar və müxtəlif hədiyyələr təqdim olunub.