Evliliyin “qızıl qaydası” həyat yoldaşınızı dəyişmək yox, onu anlamağa çalışmaqdır...
Ailə cəmiyyətin təməl daşı sayılır. Lakin son illərdə boşanma hallarının artması bu təməl daşının sarsıldığını göstərir. "Bir ömür boyu birlikdə" ilə başlayan ümidlər "bizdə alınmadı"nun məyusluğu ilə tükənir. Boşanma, sadəcə, iki nəfərin ayrılığı deyil – ailə, övladlar və bəzən bütöv nəsillərin həyatında dərin izlər buraxan sosial problemdir. Bəs, harada səhv edirik? Kimdir bu səhnənin görünməyən günahkarı?: cəmiyyətmi, valideynlərmi, dəyişən zamanmı, yoxsa bir-birini anlamağı bacarmayan ürəklər?
Bu yazıda biz sadəcə statistikaya baxmayacağıq. Biz səbəblərin kökünə enəcək, susqun münasibətlərin psixologiyasını açacaq və mütəxəssislərin fikirlərinə əsaslanaraq, boşanmanın əsas səbəblərini, cəmiyyətə və fərdlərə təsirini, habelə çıxış yollarını müzakirə edəcəyik, ailəni qorumağın mümkün yollarını araşdıracağıq. Çünki dağılmış hər bir ailə, sadəcə, bir cütlüyün deyil, bir millətin sabahına vurulan zərbədir.
Boşanma hallarının artması bu prosesin cəmiyyətdə getdikcə adi hal kimi dəyərləndirilməsi riskini doğurur
Milli Məclisin deputatı Günay Ağamalı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, evlilikdən qısa müddət sonra baş verən boşanma halları cəmiyyətimizi ciddi narahat edən məsələlərdəndir. Ailə cəmiyyətin, cəmiyyət isə dövlətin təməl sütunlarından biridir və onun zəifləməsi bütövlükdə ictimai münasibətlər sistemində dərin mənfi təsirlər doğura bilər. Təəssüf ki, son illər ölkəmizdə boşanmaların dinamikası artmaqdadır və bu prosesin arxasında həm sosial, psixoloji səbəblər, həm də qlobal müstəvidə cərəyan edən mənfi tendensiyalar da yer alır.
G.Ağamalı vurğuladı ki, boşanma iki insanın ayrılığı ilə yanaşı, eyni zamanda, uşaqlara, ailənin yaxın çevrəsinə və bütövlükdə cəmiyyətin ailə institutuna mənfi təsir göstərir. Ailə münasibətlərində səbir, qarşılıqlı anlayış, empatiya və məsuliyyət əsas dayaqlar kimi möhkəmləndirilməlidir. Eyni zamanda, boşanma hallarının artması bu prosesin cəmiyyətdə getdikcə adi hal kimi dəyərləndirilməsi riskini doğurur.
Deputatın sözlərinə görə, bu cür halların qarşısını almaq üçün kompleks yanaşmaya ehtiyac var. Belə ki, ailə dəyərlərinin daha çox təbliği, gənclərin ailə qurmağa psixoloji və hüquqi hazırlığının artırılması, ailə institutunu möhkəmləndirən qanunvericilik bazasının daha da təkminləşdirilməsi vacibdir.
Yolun sonu boşanma olmasın deyiriksə, yolun əvvəlinə düzgün niyyətlə çıxmalıyıq...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) baş məsləhətçisi, hüquqşünas Rafiq Mahmudov sözügedən məsələ ilə bağlı “İki sahil”ə özəl açıqlamasında bildirdi ki, boşanmanın arxasında duran səbəblər təkcə bir və ya iki amillə məhdudlaşmır. Amma ən çox qarşılaşılan problemlərə diqqət yetirsək görə bilərik ki, bu səbəblərin içində ailədə yaşanan psixo-sosial problemlərin üstün olmasıdır. Bir çox cütlüklər bir-birini yetərincə tanımadan, bəzən isə ailə təsiri və ya təzyiqi ilə ailə qururlar. Ailə qurandan sonra ortaya çıxan bir-birinə uyğunlaşma çətinlikləri və ardınca valideyn məsuliyyəti yaranan xəyalların dağılmasına gətirib çıxarır. Emosional uyğunluğun olmaması, ünsiyyət çatışmazlığı, hörmətin tədricən azalması da münasibətin kökünü sarsıdır. Ətraf mühitin təsiri də az deyil. Tanınmış simaların ayrılıqları, serial və filmlərdə boşanmanın adi, bəzən də “azadlıq” kimi təqdim olunması insanlarda bu məsələyə daha “rahat” yanaşma formalaşdırır. Sosial şəbəkələrdə "xoşbəxt deyilsənsə, get" kimi mesajların arxasında ailə dağılır, uşaq psixologiyası sarsılır, cəmiyyətin əsas dayaqları zərbə alır.
Komitə nümayəndəsi bildirdi ki, bu vəziyyətdən çıxış yolu isə ilk növbədə düşüncə tərzimizin dəyişməsindən keçir. Evlilik təkcə hisslərlə yox, həm də məsuliyyət, səbir, əməkdaşlıq, emosional dəstək üzərində qurulmalıdır. Hər bir gənc evliliyə yalnız “toy günü” və “bal ayı” gözü ilə baxmamalıdır. Onlara ailə həyatının həm gözəl, həm də çətin tərəfləri öyrədilməlidir. Bu baxımdan, nikahdan əvvəl psixoloji məsləhət xidmətləri çox faydalı ola bilər. Gənclər özlərini tanımalı, qarşılarındakı insanın da daxili dünyasına bələd olmalıdırlar.
R. Mahmudov qeyd etdi ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə bir sıra təşəbbüslər həyata keçirir. Şəhər və rayonlarda layihələr həyata keçirdir, ailə dəyərləri haqqında maarifləndirmə işləri aparır. Komitə, həmçinin ailədaxili zorakılığın qarşısının alınması, qadınların hüquqlarının müdafiəsi və erkən evliliyinin qarşısının alınması istiqamətində də davamlı fəaliyyət göstərir. Amma bu iş yalnız dövlətin və ya bir qurumun işi deyil. Cəmiyyətinin hər bir üzvü bu məsələdə məsuliyyət daşıyır.
Həmsöhbətimiz əlavə etdi ki, əgər ailədə fikir ayrılığı yaranırsa, bu, dərhal ayrılıq səbəbi olmamalıdır. Qarşılıqlı empatiya, səbir və hörmət ailəni dağılmaqdan qoruyan görünməz qalalardır. Həyat yoldaşınızı dəyişmək yox, onu anlamağa çalışmaqdır. Bir sözlə, yolun sonu boşanma olmasın deyiriksə, yolun əvvəlinə düzgün niyyətlə çıxmalı, bu yolda üzləşəcəyimiz maneələri birlikdə aşmağı öyrənməliyik.
Boşanmaların sayını azaltmaq üçün dövlət tərəfindən ailələrə ailə psixoloqları təyin olunsun
Psixoloq Sibel Piriyeva boşanmanın çox mürəkkəb və emosional yüklü bir mövzu olduğunu diqqətə çatdırdı: “Bu, sadəcə, iki insanın yollarını ayırması deyil, həm də psixoloji, sosial və bəzən maddi nəticələri olan bir prosesdir. Boşanmanın səbəbləri isə cütlükdən-cütlüyə dəyişir. Ən çox yayılmış psixoloji səbəblərə ünsiyyət azlığı, güvənsizlik və ya xəyanət, xarakter tiplərində və maraqlarda uyğunsuzluq, kənar müdaxilələr, psixoloji təzyiqlər daxildir”.
S.Piriyeva vurğuladı ki, boşanmış insanların psixologiyası onların yaşına, həyat təcrübəsinə, boşanmanın necə baş verdiyinə və psixoloji hazırlığına görə fərqli olur. İnsanın yeniyetməlik və gənclik yaş dönəmlərində riskə meyillilik orta və yaşlılıq dönəmlərindən daha çoxdur. Gənclik yaş dövründə boşanma sayı və qərarı buna görə daha çoxdur. Münasibətlərində qəfil ayrılıq qərarı alan cütlüklərdən biri "şok" yaşayır. Daha sonra o şəxslərdə inkar edirlər, qəbullana bilmirlər. Özlərinə qarşı qəzəblənirlər və günahlandırırlar. Lakin bəzi cütlüklərdə isə münasibətlərində öncə soyuqluq yaranır. Bunu aradan qaldırmadıqlarında yataqlarını hətta otaqlarını ayırırlar. Bu cütlüklər bunları yaşadıqca boşanmaya qarşı psixoloji hazırlayırlar. Digər cütlüklərə nisbətdə daha az psixoloji ağrını yaşayırlar.
Həmsöhbətimiz əlavə etdi ki, mühitdə, ailədə, dəyərləri və tərbiyə sistemində fərqlənən, ailə həyatı qurmaq qərarı alan cütlüklər öz şəxsiyyət, xarakterlərini tiplərini və münasibətlərində yarana biləcək problemlərini balanslaşdırmaq üçün cütlük seansından yararlana bilərlər. Bu, yanlış evliliklərin qarşısını alaraq boşanmanın sayını azaldacaq. Tövsiyə olunur ki, boşanmaların sayını azaltmaq üçün ailələrə dövlət tərəfindən ailə psixoloqları təyin olunsun. Eyni zamanda, nikahdan əvvəl tibbi müayinə qədər psixoloji analiz də labüddür.
Qadınlar köhnə qayda ilə yaşamaq istəmir, kişilər də köhnə qayda ilə qadınları idarə edə bilmirlər…
Sosioloq Üzeyir Şəfiyev isə “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, son vaxtlar sanki bir boşanma bumu yaşanır. Sürətli şəkildə boşanmaların statistikasında artım var. 2024-cü ilin statistikasında 49508 nikah müqaviləsi bağlanmış, 21384 nəfər boşanma halı qeydə alınmışdı.
Boşanmanın səbəblərindən söz açan sosioloq vurğuladı ki, cəmiyyətdə düşüncə transformasiyası gedir. Azərbaycanda uzun müddət ənənəvi cəmiyyət olub. Patriarxal, yəni kişi mərkəzi cəmiyyət olub və belə cəmiyyətlərdə el qınağı, ictimai qınaq, sosial nəzarət güclü olurdu. İnsanlar hətta ailədə problemlər olduqda belə onu büruzə vermirdilər. Çünki cəmiyyət boşanmış qadına da, kişiyə də ön yarqı qoyurdu, seqmatik yanaşırdı, ad qoyurdu. Azərbaycan açıq cəmiyyətə, qlobal dünyaya inteqrasiya olundu. Artıq insanlar boşanmaya ailə faciəsi kimi deyil, sanki normal hadisə kimi yanaşmağa başladılar və beləliklə də, insanlar ictimai qınağı nəzərə almadılar, daha liberal dəyərlərə meyilləndilər. Yəni, bu düşüncə transformasiyası insanları daha eqoist, zövqə düşkün bir həyata meyilləndirdi. Bu da nəticədə boşanmaya gətirib çıxarıb. Boşanmanın digər mühüm səbəbi isə odur ki, qadınlar məşğul əhaliyə çevrilməyə başladılar, özlərini təmin etdilər. Kişidən iqtisadi asılılığı azaldıqca fikirləşdi ki, iqtisadi cəhətdən özümü təmin edirəmsə, niyə köhnə, konservativ təfəkkürlü kişiyə dözməliyəm? Yəni, qadınlar köhnə qayda ilə yaşamaq istəmir, kişilər də köhnə qayda ilə qadınları idarə edə bilmirlər, ona görə nəticə boşanmaya gəlib çıxarır. Digər səbəb sosial şəbəkələr üzərindən xəyanətin sayının çoxalmasıdır. Başqa bir səbəb isə məşhur imzaların, adamların sanki boşanmaları təbliğ etməsi, təşviq etməsi kimi halların olmasıdır. Televiziyalarda boşanmış qadınların təmtəraqlı, təntənəli həyatının təqdim olunması, eyni zamanda, hətta məşhur adamların çox rahatlıqla xəyanət etdiyini etiraf etmələri, bütün bunlar da şübhəsiz ki, boşanmaları körükləyir bunun qarşısı alınmalıdır.
Həmsöhbətimiz əlavə etdi ki, insanlar sanki daha eqoist yaşamağa üstünlük verirlər. Ailə, uşaq məsuliyyətindən uzaq durmaq istəyirlər. Misal üçün, Azərbaycanda boşanmalarda əsas üç yeni tendensiya bizim diqqətimizi cəlb edir və çox düşündürür. Birinci odur ki, boşanma statistikası artıb, hətta 50 yaşdan yuxarı insanlar arasında da boşanmaların sayı çoxalır. Bu, təqribən beş minə yaxın boşanmadır. Bu da Azərbaycan üçün heç vaxt xarakterik olmayıb. Növbəti yeni tendensiya odur ki, əvvəl uşaqlı ailələrdə boşanma az olurdu. İndi boşanmaların 60 faizi məhz uşaqlı ailələrdə baş verir.
Üzeyir Şəfiyev tövsiyə etdi ki, ailələrlə işləyən məhz sosial işçi və psixoloqlar olmalıdır. Yəni, onların fəaliyyəti lisenziyalaşmalıdır ki, onlar münaqişəli ailələrlə işləsin və münaqişə boşanma həddinə çatmamış onu tənzimləsin və ailədəki psixoloji iqlimi normallaşdırsın. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün bölgələrdə öz fəaliyyətini genişləndirsin və münaqişəli ailələri qeydə alsın. Komitə sosial agentlər vasitəsilə boşanmaq istəyən tərəflərlə sosial, psixoloji iş aparılmalıdır. Eyni zamanda, orta məktəblərdə, ali məktəblərdə ailə dərsləri keçirilməlidir. Gənclər ailə böhranlarına hazır olmalıdır. Sonra televiziyalarda örnək ailələrlə bağlı verilişlər vermək lazımdır ki, bunlar gənc ailələrə öz həyat təcrübəsindən danışsınlar və böhranlı vəziyyətlərdən gənc ailələri çıxarmaq yollarını göstərə bilsinlər. Dövlət tərəfindən də əlavə sosial dəstək paketləri olmalıdır ki, gənc ailələrin mənzil-məişət, eləcə də məşğulluq məsələləri təmin olunsun.
Mütəxəssislər bildirirlər ki, boşanma prosesində günahkar axtarmaqdansa, səbəbləri və həll yollarını anlamaq daha önəmlidir. Bu məsələdə həm qadınlar, həm kişilər, həm də cəmiyyət öz üzərinə düşəni etməlidir. Ailə məsləhət mərkəzləri, psixoloji dəstək proqramları və maarifləndirici tədbirlər bu yolda önəmli rol oynaya bilər.
Yaqut Ağaşahqızı, “İki sahil”