ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik səbəbi ilə 12 ölkə vətəndaşlarının ABŞ-a səyahətinə qadağa qoyub.
“İki sahil” xəbər verir ki, Ağ Ev siyahının zamanla yenilənə biləcəyini və “dünyada yaranan təhlükələr” əsasında yeni ölkələrin əlavə oluna biləcəyini açıqlayıb.
Bu, Trampın konkret ölkələrə ikinci səyahət qadağasıdır. İlk qadağa 2017-ci ildə - onun prezident kimi ilk müddətində tətbiq edilib.
Qadağa Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına şamiledilir.
Bundan əlavə, Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına qismən səyahət məhdudiyyətləri tətbiq edilir.
Yeni tədbirlər bazar ertəsi yerli vaxtla saat 12:01-də qüvvəyə minəcək. Bu dəfə hava limanlarında 2017-ci ildə olduğu kimi xaosun qarşısını almaq üçün əvvəlcədən keçid müddəti veriləcək.
Ağ Ev qadağanın “müdrik tədbir” olduğunu və amerikalıları “təhlükəli xarici aktyorlardan” qorumaq məqsədi daşıdığını bildirib.
Tramp “Truth Social” platformasında yerləşdirdiyi videoda Kolorado ştatının Boulder şəhərində törədilən hücuma istinad edib. İsrailli girovlara dəstək üçün toplaşan qrupa hücum zamanı 12 nəfər yaralanıb. Hücum edən şəxsin Misir vətəndaşı olduğu müəyyən edilib.
Tramp deyib ki, bu hadisə “qeyri-adekvat yoxlanılmış xarici vətəndaşların yaratdığı ciddi təhlükəni vurğulayır”.
Trampın sərəncamı həm yerli, həm də beynəlxalq ictimaiyyətin reaksiyası ilə qarşılanıb. Bildirilir ki, bununla bağlı hüquqi sınaqlar gedir.
Somalinin ABŞ-dakı səfiri Dahir Həsən Abdi ölkəsinin ABŞ ilə münasibətlərinə dəyər verdiyini və təhlükəsizlik problemlərini həll etmək üçün əməkdaşlığa hazır olduğunu bildirib.
Venesuelanın daxili işlər naziri Diosdado Kabello, "ABŞ-da olmaq təkcə venesuelalılar üçün deyil, hər kəs üçün böyük riskdir", - deyib.
Demokrat Partiyasının üzvləri qərara sərt reaksiya veriblər. Vaşinqton nümayəndəsi Pramila Jayapal, “Trampın ilk dəfə müsəlman qadağasının genişləndirilməsi olan bu qərar bizi dünya səhnəsində daha da təcrid edəcək”, - deyib.
Nümayəndə Don Beyer Trampın “ABŞ-ın qurucu dəyərlərinə xəyanət etdiyini” müdafiə edib.
Tramp ilk səyahət qadağasını 2017-ci ildə - səlahiyyətlərinin birinci ilində tətbiq etmişdi. Qadağan olunmuş ölkələr arasında İran, Liviya və Somali də var. İlk siyahıda yer alan yeddi ölkənin hamısında müsəlmanların çoxluq təşkil etdiyi üçün qərar “müsəlman qadağası” kimi xarakterizə edildi. Reaksiyadan sonra Şimali Koreya və Venesuela kimi qeyri-müsəlman ölkələr də siyahıya əlavə edilib və tənzimləmə 2018-ci ildə ABŞ Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Trampın yerinə gələn prezident Co Bayden 2021-ci ildə qadağanı ləğv etdi və qərarı “milli vicdanımıza ləkə” kimi qiymətləndirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”