11 iyun 2025 21:49
210

Şuşa Bəyannaməsi tarixi sənəddir, tarixin sənədidir…

İkinci Qarabağ müharibəsi ərəfəsində qardaş Türkiyə Respublikasının Müdafiə naziri Hulu­si Akar demişdi ki, Türkiyə Azərbaycanın yanındadır. Bu fikir Azərbaycan üçün də, Azərbaycanla müharibə aparan dövlət üçün də əhəmiyyətli olmuşdu. Biri qürurla, sevgilərlə, digəri səksəkəylə, qorxuyla. Bu müharibədə Azərbaycan qardaş Türkiyənin həm mənəvi, həm siyasi, həm də hərbi dəstəyi olacağına əmin oldu. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da eyni fikirləri bildirmişdi: Türkiyə azərbycanın yanında olacaq!..

İkinci Qarabağ müharibəsində Türkiyə siyasi, mənəvi, hərbi dəstəyi ilə Azərbaycanın ya­nın­da oldu – könüldən könülə yollar varıydı. Azərbaycan Ordusu döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində dediyi fikirlər ordunun döyüş əzmini, qələbə ruhunu artırırdı, Azərbaycanda olduğu kimi Türkiyədə də qazanılacaq Böyük Qələbənin işığına dönürdü: "Dünyada heç bir qüvvə bizi haqq yolun­dan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bil­məz. Biz haqq yolundayıq. Biz qalib gəli­rik. Biz zəfər çalırıq və biz öz tor­paq­larımızı geri alacağıq, ərazi bütöv­lü­yü­müzü bərpa edəcəyik".

Azərbaycan Ordusu noyabrın 8-də Şuşanı işğaldan azad etdi, üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Azərbaycanın qalibiyyət sənədi, Ermənistanın məğlubiyyət sənədi oldu.

Tarixi Zəfərdən sonra 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında   Şuşa Bəyannaməsi” imzalandı. Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “İmzalanmış Bəyannamə tarixə əsas­lanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Bu Bəyannamə qardaşlığın yeni tarixi mərhələsini müəyyənləşdirməklə Türkiyə və Azər­bay­can arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini əhatə edir.

Bəynnamədə göstərilir ki, Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hamının istifadə edə biləcəyi yeni bir ortaq iq­ti­sadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.

Azərbaycanla Türkiyə  bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı onların hərbi qüdrətini artıracaq. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynamışdı. Bəyannamədə göstərilir ki, Azərbay­can bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. İki qardaş dövlət həm də silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində bir­gə səylər göstərəcək, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlər həyata keçirəcək, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq yaranacaq. Bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyəti təmin ediləcəkdir.

Şuşa Bəyannaməsi imzalananda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq dedi: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyan­na­mə­sinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda, 2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda, 2024-cü ilin iyunun 15-də “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəf­lərə doğru” mövzusunda beynəlxalq konfranslar keçirildi. Bunlar Şuşa Bəyannaməsinin siyasi əhəmiyyətinin göstəricisi olamqla hər iki dövlətin hərbi gücünün daha da modernləşdiriləcəyinin perspektivlərini də göstərir.

Şuşa Bəyannaməsi tarixi sənəddir, tarixin sənədidir…

Səbinə Xasayeva,
Milli Məclisin deputatı