12 iyun 2025 14:22
155

Aprel döyüşləri zamanı 18 döyüş mövqeyi itirdik - Mnatsakanyan

İyunun 12-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş və şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb.

“İki sahil” xəbər verir ki, həmin vaxt general-leytenant rütbəsi ilə qondarma rejimin “müdafiə naziri” olan L.Mnatsakanyan Aprel döyüşlərinin nəticələrinin Ermənistanda necə qiymətləndirilməsi barədə sualı cavablandırarkən, həmin döyüşlər zamanı 18 döyüş mövqeyi “itirdiklərini” bildirib.

Məhkəmədə L.Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi iki müsahibəsindən bəzi hissələr də nümayiş etdirilib.

O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə “Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir” deyir. L. Mnatsakanyan jurnalistin “Düzdür ki, qarşı tərəf də müdafiə olunur?” sualına “Bəli” cavabını verir.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Nəsir Bayramovun “Müsahibdə barəsində danışdığınz qarşı tərəf kimdir və sizin hansı hücumdan müdafiə olunur?” sualına isə L.Mnatsakanyan konkret cavab verməyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.