12 iyun 2025 17:25
350

Sumqayıtda Milli Qurtuluş Günü ərəfəsində yubileyi olan Ərazi partiya təşkilatı sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında 2025-ci ildə yubileyi olan Ərazi partiya təşkilatı sədrləri ilə görüş keçirilib. Görüşdə partiyaya yeni üzv qəbul edilmiş gənclər də iştirak edib.

“İki sahil” xəbər verir ki, görüş iştirakçılarını salamlayan YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın keçdiyi 32 illik şərəfli yol və bu illər ərzində əldə edilən uğurlar haqqında geniş məlumat verib. O, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün yalnız ölkəmizin deyil, regionun da ən güclü siyasi təşkilatına çevrilib və dövlətimizin bütün uğurlarında yaxından iştirak edir.

Ramiz Hüseynov Ərazi partiya təşkilatı sədrlərini yubileyləri münasibətilə təbrik edərək qeyd edib ki, YAP bu gün milli həmrəyliyin, siyasi sabitliyin və inkişafın əsas dayağı olaraq çıxış edir. Partiyanın sıraları gündən-günə vətənpərvər, əqidəli və savadlı gənclərlə genişləndirilir. Bu baxımdan ərazi partiya təşkilatlarının fəaliyyəti və onların sədrlərinin əzmkarlığı xüsusi əhəmiyyət kəsb edir.

Sonra tədbirdə çıxış edən ərazi partiya təşkilat sədrləri göstərilən yüksək diqqət və etimada görə təşəkkürlərini bildirərək, bundan sonra da partiyanın fəaliyyətində fəallıqlarını artıracaqlarını, partiyanın ideya və prinsiplərinə sadiq qalacaqlarını vurğulayıblar.

 Daha sonra YAP-a yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunub. Bu mərasim partiyanın gəncləşən, yeniləşən və cəmiyyətin bütün təbəqələrini əhatə edən dinamik bir quruma çevrildiyini bir daha nümayiş etdirib.

Sonda yubileyi olan Ərazi partiya təşkilatı sədrlərinə Fəxri Fərmanlar və xatirə hədiyyələri təqdim olunub, tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.