13 iyun 2025 00:56
171

Fermerlər ondan necə və nə qədər yararlana bilirlər? - Aqrar sığorta

2025-ci ildə də ölkəmizin kənd təsərrüfatı üçün  hava şəraiti ürəkaçan deyil. Xüsusilə son üç ayda davamlı yağan yağışlar, dolu düşmələri, ən dəhşətlisi isə sel sularının bütövlükdə əkin sahələrini  məhv etməsi fermərlər  üçün ciddi çətinliklər yaradıb. Nəticədə ciddi zərər çəkən kənd təsərrüfatına görə bazarlarda qıtlıq və bahalıq yaşanır. Bu, bir həqiqətdir ki,  yalnız riskləri diqqətdə saxlayaraq onlardan  sığortalanmağı bacaran fermerlər uğur qazana bilirlər. İndi feremerlərin qarşısında duran əsas məsələlərdən biri də məhsullarını gözləyən təhlükələrdən sığortalanmaqdır. Ona görə ki, onların  əksəriyyətinin sığortası olmadığından belə riskli vəziyyətlə qarşılaşdıqda dəymiş zərəri özləri qarşılamaq məcburiyyətindədirlər. Təbii ki, bu kimi problemlərin həlli üçün fermerlərdən yalnız işgüzarlıq deyil, həm də daha ciddi təşəbbüs də tələb edilir. Bu,  aqrar sığortanı işgüzar həyatlarına daxil etmələridir.

Bəs aqrar sığorta nədir və fermerlər ondan necə yararlana bilərlər? Məlumdur ki, aqrar sığorta  «Aqrar sığorta haqqında» Qanuna əsaslanır. 2019-cu ilin iyun ayında qəbul edilən sözügedən Qanun  2020-ci ilin yanvarın 1-də qüvvəyə minib. Eyni zamanda, Azərbaycan dövləti bu sahənin inkişafını və səmərəliliyini artırmaq üçün Aqrar Sığorta Fondu (ASF) yaradıb. ASF-nin  nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat ayrılıb. ASF-nin mətbuata açıqlamasında bildirilir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi üzrə sığorta ödənişləri artır, sığortadan faydalanan fermerlərin sayı çoxalır.Belə ki, 2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 6 milyon 423 min manat məbləğində sığorta ödənişi edilib. Bu, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasından sonra qeydə alınan ən böyük illik sığorta ödənişi məbləğidir. Əvvəlki illə müqayisədə aqrar sığorta ödənişləri 2 milyon manat və ya 46 faiz artıb. Xatırladaq ki, 2023-cü ildə fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 407 min manat sığorta ödənişi edilib. Ötən il fermerlərə sığorta ödənişlərindən 5 milyon 246 min manatı bitkiçilik sığortası, 1 milyon 177 min manat isə heyvandarlıq sığortası üzrə edilib. Həmin dövrdə heyvandarlıq sığortası üzrə ödənişlər isə 267 min manat və ya 29 faiz artıb. Belə ki, 2023-cü ildə sığortalı heyvandarlıq təsərrüfatlarına dəyən zərər üzrə 910 min manat ödənilib.

2024-cü ildə bitkiçilik sahəsində ən çox hadisə və sığorta ödənişləri fırtına-qasırğa, sel-subasma və dolu hadisələri üzrə edilib. Ötən il fermer və təsərrüfatlara ən çox sığorta ödənişləri, taxıl, pambıq və qarğıdalı əkinləri ilə yanaşı, üzüm, gilas, alma, badam və ərik bağları, eləcə də çəltik və qarpız sahələri üzrə edilib. Heyvandarlıq sığortası üzrə ən çox sığorta ödənişləri isə yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancmalarına görə həyata keçirilib.

Xatırladaq ki, ASF bitkiçilik və heyvandarlıq təsərrüfatlarını çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlər, fırtına, qasırğa, dolu, şaxtavurma, yanğın, sel-subasma, 3-cü şəxslərin hərəkətləri, vəhşi heyvanların hücumu, zəhərlənmə və sair risklərdən qoruyur. Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən qarşılanır. Kənd təsərrüfatı mütəxəsisləri bildirirlər ki, aqrar bölmənin  inkişafında mühüm rolu olan sığorta mexanizminin əhatə dairəsinin genişlənməsi bundan sonra da artacaq. Çünki fermerlərin bu məsələyə marağı artıb.

Faktlardan və rəqəmlərdən də göründüyü kimi, kənd təsərrüfatında sığorta olduqca vacibdir. Çünki kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha riskli sahə olduğundan burada sığortasız gəlir əldə etmək çətindir.  Eyni zamanda, risklər sığortalanarsa kreditləşmə, investisiya qoyuluşu da stimullaşacaq. Diqqəiçəkən faktdır ki, heç bir ölkədə sığorta sistemi olmadan aqrar sahəyə kütləvi və davamlı kredit qoyuluşu reallaşmır.

Ümumiyyətlə, aqrar sığortanın beynəlxalq təcrübəsinə nəzər yetirəndə aydın olur ki, hətta ən inkişaf etmiş ölkələrin fermerləri belə aqrar sığortasız normal iş qura bilmirlər.  Məsələn, sığorta büdcəsi baxımından nümunə göstərə biləcəyimiz ölkələrdən olan ABŞ -da kənd təsərrüfatı məhsullarının sığorta haqqı 9,3 milyard, Çində 5,4 milyard, Hindistanda 2,8 milyard və Kanadada 1,3 milyard avrodur. Qardaş Türkiyədə  isə bu göstərici 478 milyon avrodur.  Rəqəmlərdən də göründüyü kimi, hər yerdə aqrar sığorta fermerlər üçün həyati məsələ kəsb edir. Bir sözlə, bu amilə önəm verənlər üçün aqrar sahədə məhsuldarlığı  artırmaq və bazar problemini həll etmək daha asanlaşır.   

Elçin Zaman, «İki sahil»