14 iyun 2025 10:25
137

Kənan Quluzadə: Orta Dəhliz çərçivəsində turizm məhsulları hazırlanır

Orta Dəhliz təkcə yük daşımaları üçün deyil, həm də turizm sahəsində əməkdaşlıq baxımından böyük perspektivlər vəd edir.

“İki sahil” xəbər verir ki, "Report"un “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar mediaturda deyib.

Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, yol qovşağında yerləşməsi ölkəyə strateji üstünlüklər qazandırır:

"Orta Dəhliz sadəcə bir nəqliyyat marşrutu deyil, simvolik bir yol olaraq həm də regionlararası əlaqələrin inkişafına xidmət edir. Mərkəzi Asiyadan Avropaya getmək istəyənlər üçün yol Azərbaycandan keçir. Bu baxımdan biz bu imkanlardan maksimum dərəcədə faydalanmalıyıq".

O əlavə edib ki, Orta Dəhliz çərçivəsində turizm sahəsində də məhsullar hazırlanır:

“Məsələn, Türk dövlətlərinin xidmət qurumları birlikdə müəyyən marşrutlar və xidmət paketləri üzərində çalışırlar. Bu, faktiki olaraq yeni turizm məhsullarının formalaşmasına gətirib çıxarır. Eyni zamanda, İpək Yolu çərçivəsində hazırlanan məhsullar da bu dəhliz üzərindəki ölkələri əhatə edir”.

K. Quluzadə vurğulayıb ki, prosesin tam dinamik şəkildə irəliləməsi üçün region ölkələri arasında hüquqi, maliyyə və institusional əməkdaşlıq da vacibdir:

“Hazırda bu sahədə müxtəlif müzakirələr aparılır, müəyyən razılaşmalar əldə edilir. Lakin bəzi qlobal proseslər, o cümlədən müxtəlif ölkələrdəki siyasi proseslər bu dinamikanı bəzən ləngidə bilər. Buna baxmayaraq, bu istiqamətdə işlər davam etdirilir və nəticələr gözlənilir”.