Strateji dövlət əhəmiyyətli Heydər Əliyev adına Neft Emalı Zavodunun emal qurğularının gücündən səmərəli istifadə olunması və müasir texnologiyanın, elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin tətbiqi üçün tədbirlərin həyata keçirilməsi SOCAR rəhbərliyinin daim diqqət mərkəzindədir. Məhz onun diqqət və qayğısı sayəsində müasirləşən zavod neft məhsullarının keyfiyyətini daim artırır. Məlum olduğu kimi ölkəmizdə istifadə olunan avtomobil yanacaqlarına Avropa standartları tətbiq olunur. Zavodda bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər öz müsbət nəticəsini vermişdir.
“Azərbaycan Respublikasının yanaçaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” çərçivəsində Heydər Əliyev adına NEZ-də emal dərinliyinin hazırkı səviyyədə saxlanılması, ilkin emal qurğusunun (ED-AVQ-6) istehsal gücünün artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yanacaq-enerji sərfiyyatının azaldılması və digər istismar xərclərinin aşağı salınması üçün yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həyata keçiriləcək tədbirlər sırasında katalitik krekinq qurğusunun gücünün artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, istismar xərclərinin aşağı salınması, dizel yanacaqlarının keyfiyyət göstəricilərinin artırılması (setan ədədinin artırılması, aromatik birləşmələrin və kükürdün azaldılması), katalitik riforminq qurğusunda yüksəkoktanlı benzinin tərkibindən benzol və digər yüngül karbohidrogenlərin ayrılması və nəticədə NEZ-də istehsal olunan bütün növ avtomobil benzinlərinin tərkibində benzolun səviyyəsinin Avropa standartlarına çatdırılması da vardır.
Məlumdur ki, uğurlu nəticələrə, yüksək məhsuldarlığa nail olunmasında aparılan cari və əsaslı təmirlərin böyük əhəmiyyəti vardır.Zavod rəhbərliyinin, baş mütəxəssislərin və kollektivin gərgin əməyi sayəsində əsas istehsal sahələrinin texnoloji sxemlərində edilmiş dəyişikliklər, aparılmış yenidənqurma, cari və əsaslı təmir işləri və s. texniki-təşkilatı tədbirlər böyük iqtisadi səmərə ilə müşayiət olunur.Müəssisədə istehsal məsələlərinin kompleks həllinin təmin olunması inkişafa zəmin yaradır.
Məlum olduğu kimi, avqustun 10-dan Heydər Əliyev adına NEZ-in əsas texnoloji qurğularında irimiqyaslı əsaslı təmir işləri aparılır.Təmirə 30 gün müddət ayrılmışdır. Mütəxəssislər bunu son illərin zavodun texnoloji qurğularında ən böyük əsaslı təmir və yenidənqurma işləri hesab edirlər. Odur ki, SOCAR və zavod rəhbərliyinin, baş mütəxəssislərin, mühəndis - texniki işçilərin nəzər-diqqəti hal-hazırda təmir işləri gedən 55№li katalitik krekinq, 21 №-li ilkin emal, 43№li kokslaşdırma, 31№li katalitik riforminq qurğularına yönəlmişdir.
Təmir dövründə müxtəlif təyinatlı briqadalar təmir işlərini vaxtında başa çatdırmaq üçün uzadılmış iş rejimində, sözün əsl mənasında, fədakarlıqla çalışaraq gərgin əmək sərf edirlər.
Əsaslı təmirə saxlanılmış qurğuların texniki tələblərə uyğun, etibarlı vəziyyətə gətirilməsi üçün ixtisaslaşdırılmış təmir-tikinti idarələri, eləcə də müəssisənin təmir-quraşdırma üzrə 13№-li sahəsi, ayrı-ayrı sahələrdən çilIngərlər briqadaları səfərbər edilmişlər.
Məqsəd aydındır; təxminən bir ay müddətində qurğular əsaslı təmir olunmalıdır. Bəs qarşıya qoyulmuş məqsədin nəzərdə tutulmuş vaxtda yerinə yetirilməsi mümkün olacaqmı?
Elə bu suala cavab tapmaq üçün qurğuya yollanırıq.
Bu qurğunun ərazisinə daxil olmadan, zavodun 5№-li istehsalatının 55№-li katalitik krekinq qurğusunun ərazisində olarkən uzaqdan gözə dəyən texnika vasitələri, səyyar köşklər, çoxsaylı işçilərdən ibarət mənzərədən belə bir rəy yaranır ki, burada irihəcmli işlər görülür. Təmir, tikinti, quruculuq işlərində əvəzedilməz kranlar, müxtəlif traktor, ekskavatorlar, müvafiq nəqliyyat vasitələri qurğunun ətrafına cəmlənib. Dəfələrlə olduğumuz bu qurğunun yerləşdiyi əraziyə çatanda orada gedən təmirin səs-küyünü, maşın-mexanizmlərin uğultusunu eşidirik. Daha sonra əzəmətli mürəkkəb kompleksin qarşısında ayaq saxladıq. Şübhəsiz, belə vaxtda istehsalat, qurğu rəisini, mexaniki tapıb, onlardan məlumat almaq heç də asan deyil. Buna görə də müşahidələrimizə və bir də 55 və 21№-li qurğularının arasında yerləşən səyyar köşkdə (bunu həmçinin “ştab” da adlandırırlar) baş mütəxəssislərdən aldığımız məlumatlara əsasən təmir haqda təsəvvürlərimizi formalaşdırmaq məcburiyyətində qalırıq. Bütövlükdə müsahiblərimizin məlumatlarında qurğuya cəlb edilmiş təmir briqadaları, təchizat, təmir işlərinin gedişinə aydınlıq gətirilir.
İşin olduqca gərgin və vaxtının az olduğuna baxmayaraq 2 saylı istehsalatın rəisi Şahin Əsgərovu bizə məlumat verməyə razı salırıq.
Təmir işlərini aparan iş icraçıları, mütəxəssislər ona tez-tez müraciət etdiyindən söhbətimizə fasilə, ara vermək məcburiyyətində qalırıq.
Bizə məlum olur ki, 21 №-li qurğuda K-1-2-3-8 kolonlarının içərisindəki boşqabların texniki vəziyyəti yoxlanılmış, ciblər və axınlar təmir olunmuşdur. K-8 kolonunun şlem xətti HS-22/25-ə kimi dəyişilir. Vakuum kolonunun daxili quruluşu sökülüb yenidən yığılır və sıradan çıxmış paketləri əvəz olunur. İD-7/1,2,3;İD-10/1,2 istidəyişdiricilərinin boru dəstləri yuyulmuşdur.Tutumlar yuyulub təmizlənmişdir. Dörd sobanın hamısı təftiş olunmuş, qüsurlar aradan qaldırılmış və tarkret-beton istilik izolyasiya qatları bərpa edilmişdir. S1/2 Sobasının nəqliyyat xəttində 500mm-lik siyirtmə və S-3 sobasının çıxış axın xətti dəyişdirilmişdir.Qurğunun nasosxasında da əsaslı işlər görülmüşdür. Belə ki, zavodun baş mexaniki Arif Bəndəliyevin təklifi ilə daxili imkanlar hesabına sıradan çıxmış nasosların əvəzinə 2 ədəd nasos quraşdırılır ki, bu da zavoda xeyli məbləğdə maddi vəsaitə qənaət etmək imkanı verəcəkdir. Bu işin yerinə yetirilməsində təmirçilərlə yanaşı, istehsalatın mexaniki Elşən Salayevin böyük zəhməti və rolu olmuşdur.
N-25/1.2 nasosların çıxışında 25 mm-lik qızdırıcı boru yenisi lə əvəz olunmuş, N-25/1.2 nasosların girişdən çıxışa qızdırıcı boru sökülmüş və deşiklər bağlanmışdır. Yüksək yerlərdə işləri icra etmək üçün ixtisaslaşdırılmış “Qartal” Tikinti İdarəsi qurğunun 140 m.-lik tüstü borusunun qüsurlu hissələrini aradan qaldırmaqla məşğuldur.Təmir müddətində fürsətdən istifadə edilərək, istehsalatın 1N-li çənlər parkının rəisi Elxan Səlimovun rəhbərliyi ilə yeni tikilən bitum qurğusu ilə əlaqə yaratmaq üçün müvafiq işlər görülür.
55№-li katalitik krekinq qurğusunda isə məlumatları bizə 5 №-li istehsalatın böyük mexaniki Əli Mustafayev çatdırır:
- Qurğunun R/201 reaktorunda siklonların lülələri, “miqalka”ları (qapayıcı) və paylayıcı başlıqları yeniləri ilə əvəz edilmişdir. D-201-də daxili torkret-beton izolə qatlarının sökülüb-dağılmış hissələri bərpa olunmuşdur. R/202-də 2 cüt siklonlar yenisi ilə əvəz olunmuşdur. 2-104, 2-181-də kubotalar təftiş edilmişdir.Bu ilki təmirin əsas xüsusiyyəti ondan ibarət olmuşdur ki, qurğunun aparatları zavodun modernizasiyası ilə əlaqədar NDT testinə hazırlanır. Təmir zamanı yeni layihə həyata keçirilir.Belə ki, K-203 kalonunun işə qoşulması ilə əlaqədar nasosların əlaqələndirilməsi, B-100-dən texniki kondensatın nəqli, üfürülən qazların S-102-də yandırılması prosesi həyata keçiriləcəkdir ki, bununla da kanalizasiyaya axıdılan kondensat yenidən qızdırılıb karbohidrogenlərdən təmizlənəcəkdir.Bu da zavodun ətraf mühütinin çirkləndirməsini minimuma endirəcək.
300-cü bölmədə N-323-də əlaqələndirici borular, T-307-də qüsurlu səviyyə ölçənin əlaqələndici boruları yenisi ilə əvəz olunur. Mk-301-də qaz kompressorlar təftiş olunmuş, kompressor Mk-301-in yağ soyuducusunun su xətti dəyişdirilmişdir.Bu bölmədə də aparatlar çöküntülərdən təmizlənərək, NDT testinə hazırlanmışdır. 400-cü bölmədə EK-401-də qidalandırıcı xətlər və T-401-də qüsurlu borular dəyişdirilir. Buxar qızdırıcısı üçün yeni bir boru dəsti quraşdırılmışdır.
Söhbət texnoloji qurğuların əsaslı təmirini həyata keçirənlər haqda düşəndə, bu işləri zavodun təmir-quraşdırma üzrə 13№-li sahəsi ilə birgə, zavodun 6, 9, 11, 12, 16, 19, 23, 21, 25 N-li sahələrin çilingər briqadalarının, o cümlədən kənar təmir təşkilatların- “Neftqaztikinti” tresti, “Bərpa-AS” MMC, “Təmir-Tikinti Az NY” QSC, Mühərrik-quraşdırma “Qartal” Tİ-nin və başqalarının əməklərini xüsusi vurğuladılar. Eləcə də zavodun Əməyin mühafizəsi və keyfiyyətə nəzarət departamentinin (rəis Güləli Ağamirov), əsaslı tikinti (rəis Ramil Zeynalov), əsaslı təmir (rəis Nazim Quliyev), mexanika (baş mexanik, rəis Arif Bəndəliyev), energetika (baş energetik, rəis Nizami Mürsəlov), metrologiya (baş metroloq, rəis Yaşar Ələkbərov), texniki nəzarət (Əyyub Əhmədov) şöbələrinin işi haqda xoş sözlər söylənildi, razılıq ifadə edildi.
Boşdayanmalara yol verilməməsi, vaxtdan səmərəli istifadə olunması, qısa vaxt ərzində işlərin başa çatdırılmasına nail olmaq, operativliyi, çevikliyi təmin etmək üçün hər gün zavodun baş mühəndisinin rəhbərliyi ilə mütəxəssislərin toplandığı səyyar köşkdə gündəlik təmir işlərinin yekunları barəsində müşavirələr keçirilir. Zavodun direktoru Elman Ismayılov tez-tez qurğularda olur və təmirin gedişini xüsusi nəzarətində saxlayır. O cümlədən, təmirin gedişində SOCAR-ın rəhbər, məsul işçiləri zavodda olub, qurğularda gedən əsaslı təmirin vəziyyəti ilə maraqlanır və məsləhətlərini verirlər.
...Təmir işlərinin gedişi ilə yerində tanış olur, icra edilən işləri nəzərdən keçiririk.
Bu müşahidələrdən sonra yalnız onu demək olar ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun baş mütəxəssislərinin, istehsalatların, 13№-li sahənin və kənar təmir idarələrinin təmirçilərinin bacarığının şahidi olmaq üçün qurğularda apardıqları işlərə nəzər yetirmək kifayətdir.
Qeyd edək ki, Zavodun 43N-li tədrici kokslaşma və 31N-li katalitik riforminq qurğularında da əsaslı təmir işləri davam etdirilir.
Zavodun texnoloji qurğularında aparılan təmir işlərinin vüsətini, operativ təchizat, ciddi nəzarət, məsuliyyət və digər başqa amilləri nəzərə aldıqda, müəyyən olunmuş vaxt ərzində qarşıya qoyulmuş məqsədə nail olunacağına heç bir şübhə qalmır. Inanırsan ki, zavod müdiriyyəti və kollektivi Azərbaycan Prezidenti cənab İlham Əliyevin: “Ölkədə “Avro-3” standartına keçid sürətləndirilməlidir: “Avro-3” də son hədd deyildir. “Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda fəaliyyət göstərən neftayırma zavodlarının da böyük rolu var. Orada da yenidənqurma aparılmalıdır” tövsiyəsini rəhbər tutaraq bu sınaqdan da üzüağ çıxacaqlar.
Şamil Həşimov,
“Neftayıran qəzetinin redaktoru