14 iyun 2025 14:07
174

Hikmət Hacıyev: Yaşıl dəhliz Azərbaycanın şərq-qərb enerji bağlantısının yeni mərhələsidir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqa şəhərində keçirilən “GLOBSEC Forum 2025” çərçivəsində təşkil olunmuş “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” adlı paneldə yaşıl dəhlizin ölkənin enerji strategiyasındakı yerindən danışıb.

“İki sahil” xəbər verir ki, Hikmət Hacıyev “Yaşıl dəhliz” təşəbbüsünün Azərbaycanın enerji bağlantısı strategiyasının məntiqi davamı olduğunu və bu istiqamətdə yeni mərhələni ifadə etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın quruda və dənizdə ümumi bərpaolunan enerji potensialı 200 giqavatt həcmində qiymətləndirilir. Məhz bu potensiala əsaslanaraq, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə keçəcək kabel layihəsi üzərində çalışır. Bolqarıstan da bu təşəbbüsə qoşulub.

Hikmət Hacıyev qeyd edib ki, hazırda iki istiqamətdə yaşıl dəhliz üzərində iş aparılır: biri Qara dəniz marşrutu üzrə, digəri isə Türkiyə və Bolqarıstan xətti üzrədir. O əlavə edib ki, COP29 zamanı Azərbaycan Mərkəzi Asiya ölkələri, Qazaxıstan və Özbəkistanla Trans-Xəzər bərpaolunan enerji layihələri üzrə Anlaşma Memorandumu imzalayıb.

O vurğulayıb ki, Avropa İttifaqı yeni enerji mənbələrinə ehtiyac duyur və rəqəmsal keçid fonunda yeni elektrik tutumları tələb olunur. Bu baxımdan, Cənubi Qafqaz və Xəzər bölgəsi Avropa üçün həm coğrafi cəhətdən yaxın, həm də etibarlı tərəfdaşdır.

“Bu parametrləri nəzərə alaraq, yaşıl dəhliz şərq-qərb dəhlizinin yeni və strateji komponenti kimi çıxış edə bilər”,- deyə Hikmət Hacıyev bildirib.