24 avqust 2017 21:05
490

Fəaliyyətsiz quyu fondundan 62 quyu istismara qaytarılıb

Ötən yeddi ay bütövlükdə “Azneft” İstehsalat Birliyi üçün uğurlu dövr olmuşdur. Birliyin bütün idarə və struktur birləşmələrində böyük işlər görülmüşdür. Cari ilin ötən dövrü ərzində yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri, eləcə də işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində, bütün sahələr üzrə kompleks tədbirlər görülmüşdür.

Ümumilikdə 2017-ci ilin yeddi ayında uğurlu nəticələr əldə edilmiş, neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara əməl olunmuşdur.

2017-ci ilin yeddi ayı ərzində “Azneft” İstehsalat Birliyi üzrə 3 milyon 595,5 min ton neft, 2,99 milyard kubmetr qaz hasil edilmişdir.

Yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilmişdir. Çoxsaylı qazma işləri həyata keçirilmiş, yeni-yeni neft və qaz quyuları istismara verilmişdir. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində ilin ilk 7 ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 39 quyu qazılaraq istismara verilmişdir. Yeni quyuların qazılması nəticəsində 48 min ton neft hasil edilmişdir.

Ötən 7 ayda fəaliyyətsiz quyu fondundan 38 quyu nəzərdə tutulduğu halda 62 quyu istismara qaytarılmışdır. Bu quyulardan 26,8 min ton neft alınmışdır.

İlin əvvəlindən 377 geoloji tədbir keçirilmiş, nəticədə 135,6 min ton neft hasil edilmişdir ki, bu da plana qarşı 48 tədbir çox və 51,3 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 22,1 min ton plana qarşı 31 min ton neft hasil edilmişdir.