24 iyun 2025 13:19
102

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

“Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilir.

“İki sahil” xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyunun 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması məqsədilə “Təhsil haqqında” Qanunun 18.5-ci maddəsində məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, “Məktəbəqədər təhsil haqqında” Qanunun 8.5-ci maddəsində məktəbəhazırlığın həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələrinin, həmin Qanunun 11.4-cü maddəsi ilə müəyyən edilən məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin növlərinə isə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin əlavə edilməsi təklif olunur.

Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.