24 iyun 2025 18:50
133

Şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Ağdam, Bakı-Horadiz, Bakı-Lənkəran, Bakı-Sabirabad, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Horadiz, Mingəçevir-Qazax, Mingəçevir-Balakən, Şəki-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

“İki sahil” xəbər verir ki,  bu barədə AYNA-dan bildirilib.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 23 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Ağdam, Bakı-Horadiz, Bakı-Lənkəran, Bakı-Sabirabad istiqamətlərində 6 Lot üzrə avqustun 12-də;

Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Horadiz, Mingəçevir-Qazax, Mingəçevir-Balakən istiqamətlərində 6 Lot üzrə avqustun 15-də;

Şəki-Mingəçevir, Gəncə-Qazax, Qazax-Gəncə istiqamətlərində 5 Lot üzrə avqustun 19-da baxılacaq.

Şəhərlərarası (rayonlararası) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.