İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderləri azad Xankəndidə bir araya gələcək
Azərbaycanın iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi yerini və mövqeyini möhkəmləndirməsi ev sahibliyi etdiyi tədbirlərin fonunda daha aydın görünür. Son beş ilin qürurverici hadisəsi isə paytaxt Bakı ilə yanaşı, azad edilmiş torpaqlarımızın bu tədbirlər üçün ideal məkan kimi qəbul edilməsidir. Bugünədək azad Şuşa, Laçın, Ağdam, Zəngilan, Xankəndi bu tədbirlərə ev sahibliyi etməklə tarixi Zəfərimizin yaratdığı yeni reallıqların təqdimatında, bu məkanlardan günümüzün əsas çağırışlarının səsləndirilməsində əhəmiyyətli rol oynayır.
Azərbaycan beş ildir tarixi Zəfərinin yaratdığı reallıqları yaşayır. Bu reallıqlardan biri azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın öz doğma yurd-yuvalarına mərhələ-mərhələ qayıdışı, bu məkanlarda yeni həyatın başlanmasıdır. 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağı dalğalandı. Həmin ilin noyabrında Xankəndi şəhərində Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Dövlət başçısı İlham Əliyev həmin paradda bir daha bəyan etdi ki, mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək.
Ötən ilin fevralında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, sentyabr ayında parlament, bu ilin yanvarında isə bələdiyyə seçkiləri keçirildi. Dövlət başçısı İlham Əliyevin prezident seçkilərində ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verməsi tarixi Zəfərimizin qürurverici reallıqlarından oldu. Bu gün azad edilmiş torpaqlarımız quruculuq meydanına çevrilib. Müasir tələblər səviyyəsində həyata keçirilən bərpa işlərinin miqyası ölçüyəgəlməzdir. Azad Ağdamda və Zənginlanda keçirilən Azərbaycan Milli Şəhərsalma forumları ölkəmizin bu sahədə təcrübəsinin beynəlxalq ictimaiyyətə təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycanın zəngin şəhərsalma təcrübəsi, eyni zamanda, gələn il Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyini də şərtləndirir. Genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın bu torpaqlara qayıdışı ilə müşayiət olunur. Artıq qayıdış ünvanlarının sayı günbəgün artır. Növbəti qayıdış ünvanının Xankəndi olacağını əminliklə qeyd edirik. Suverenliyimizin bərpasından ötən iki ilə yaxın dövrdə görülən işlərin bariz nümunəsi Xankəndi şəhərinin artıq diplomatik mərkəz kimi dünyanın diqqətində olmasıdır. 3-4 iyul tarixlərində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin liderləri bir araya gələcək. Xankəndidə baş tutacaq 17-ci sammitlə yanaşı, Ağdamda Gənclər, Şuşada Biznes və Laçında Qadınlar forumları keçiriləcək. Builki mövzu davamlı inkişaf barədə olacaq.
Qeyd edək ki, ECO-nun 16-cı Zirvə Görüşü 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmişdir. Həmin Zirvə görüşündəki çıxışında dövlət başçısı İlham Əliyev bu məqamları xüsusi qeyd etdi ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Cənab İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.
Sammitin Xankəndidə keçirilməsi özündə mühüm çağırışları ehtiva edir. Əvvəldə də qeyd etdiyimiz kimi, işğaldan azad olunan torpaqlarda beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurlarından biridir. 13 ölkə liderinin iştirak edəcəyi tədbirdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq. Azərbaycanın ECO-da fəal rolu və təşkilatın məqsədlərinə verdiyi dəstək bu Zirvə toplantısının uğurlu keçməsinə zəmin yaradır. Ölkəmizin bu günədək ev sahibliyi etdiyi tədbirlərə diqqət yetirsək təşkilatçılığın yüksək səviyyəd olduğunu, həmçinin uğurlu nəticələrə imza atıldığını görərik. Bu, Azərbaycanın regionda və dünyada liderliyinin təsdiqidir. Ötən il dünyanı Bakıya toplayan COP29 iqlim konfransı Azərbaycanın beynəlxalq nüfuzunun, söz sahibliyinin təqdimatıdır. Son beş ildə diqqət çəkən mühüm məqamlardan biri də ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin iştirakçılarının azad edilmiş ərazilərimizə səfər etməsi, burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmalarıdır.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 12 iyun 2025-ci il tarixli «Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamına əsasən, Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edildi. Sənəddə qeyd olunduğu kimi, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır. Şuşa, eyni zamanda, Azərbaycanın, türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.
Xankəndidə keçiriləcək Zirvə toplantısı Azərbaycanın əməkdaşlıq məkanı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, Qarabağın diplomatik mərkəzə çevrildiyini bir daha təsdiqləyəcək.
İqtisadi Əməkdaşlıq Təşkilatının keçdiyi yola qısa nəzər salaq. 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılır. Azərbaycan 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran. ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu, o deməkdir ki, təşkilat ciddi potensiala malikdir. Bu potensial təşkilatın gələcəyi barədə aydın təsəvvür yaradır.
Xankəndi Zirvə görüşü Azərbaycanın yüksək səviyyədə həyata keçirdiyi tədbirlərdən biri olacaq. Zirvə görüşü ECO-ya daxil olan ölkələrin Qarabağda aparılan bərpa-quruculuq işlərinə sürətlə cəlb olunmasına gətirib çıxara bilər. Artıq üzv dövlətlərdən Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bərpa-quruculuq işlərinə öz töhfələrini veriblər. Göstərilən dəstək türk birliyinin, həmrəyliyinin dünyaya nümayişi oldu.
Artıq göründüyü kimi, 30 illik işğal dövrünün dağıntılarını müasir tələblərə uyğun bərpa işləri əvəzləyir. Bu torpaqlarımız sülh, dayanıqlı inkişaf və əməkdaşlıq üçün platformadır. Müxtəlif mövzularda təşkil olunan tədbirlərdə qəbul olunan qərarlar gələcək əməkdaşlıq üçün möhkəm bazadır. Bu gün qürurla azad Şuşanın, Xankəndinin sevincili, çal-çağırlı günlərindən bəhs edirik. 30 illik işğal dövrünün «Tezliklə üçrəngli bayrağımız Qarabağda, Şuşada, Xankəndidə dalğalanacaq» hədəfi artıq reallıqdır. Bu gün bu torpaqlarda Azərbaycan Bayrağı ilə dost ölkələrin bayraqları yanaşı dalğalanır.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Prezidenti Ersin Tatar Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfər edəcəklər. Bir müddət öncə 28 May-Müstəqqilk Günündə tarixə Laçın Zirvəsi yazıldı. Həmin tarixdə Azərbaycan, Türkiyə və pakistan liderləri Laçında bir arpaya gələrək, Zirvə görüşünü keçirdilər. Atılan hər bir addım əməkdaşlığa, bölgədə sülhə, təhlükəsizliyə xidmət edir. Dövlət başçısı İlham Əliyev həmin Zirvə görüşündə bildirdi ki, Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdikləri siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik. Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret investisiya layihələri üzrə işlər gedir.
O da qeyd edilmişdir ki, Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik. Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir. Beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Cənab İlham Əliyev ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Bu fikirlərin davamı olaraq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif vurğuladı ki, bugünkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcəkdir və firavanlığı təmin edəcəkdir. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik. Biz silahdaş qardaşlar kimi sülhü, ədaləti və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək, regionda və daha geniş coğrafiyada sülhə və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu, bizə zəruri siyasi məsuliyyətlə yanaşı, qarşılıqlı maraq doğuran sahələrdə birgə irəliləmək üçün təkan verir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsində öz sözünü deyəcək. Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri çərçivəsində ölkə Prezidenti İlham Əliyev və digər üzv dövlətlərin başçıları ilə görüşlər keçirəcəyi gözlənilir. Görüşlərdə qarşılıqlı əməkdaşlıq, iqtisadi əlaqələr, enerji, ticarət, regional sabitlik, diplomatik tərəfdaşlıq mövzularında müzakirələrin aparılacağı planlaşdırılır. Şimali Kipr Prezidenti Ersin Tatarın səfəri çərçivəsində bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur. Şimali Kipr Prezidentinə, eyni zamanda, Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub. O, iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin Prezidenti kimi iştirak edəcək.
Qısa təhlil tarixə yazılacaq Xankəndi Zirvəsinin əhəmiyyəti barədə aydın təsəvvür yaradır. Bu gün tarixi sahibinə qovuşan torpaqlarımızın yaşadığı çal-çağırlı, xoşbəxt günlərdən qürurluyuq. Azad Qarabağ və Şərqi Zəngəzur hələ bundan sonra necə-necə beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.
Yeganə Əliyeva, "İki sahil"