“Bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini əks etdirir. O, Azərbaycan Respublikasında demokratik hüquqi dövlətin qurulmasını, ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir. Bu, bizim özümüzün Konstitusiyamızdır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”.
Ulu Öndər Heydər Əliyev
Konstitusiya hər bir dövlətin hüquqi - siyasi dayağı, suverenliyinin və idarəçilik sisteminin əsasını təşkil edən ən mühüm sənəddir. Azərbaycan Respublikasının Konstitusiya tarixi və suverenlik yolu 1918-ci ildən 2025-ci ilə qədər bir neçə əsas mərhələlərdən keçmişdir. Bu prosesdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Sovet hakimiyyəti dövrü, müstəqilliyin bərpası, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu və sonrakı illərdə aparılan islahatlar mühüm rol oynamışdır. Azərbaycanın ilk müstəqillik dövrü 28 may 1918-ci ildə qəbul edilən İstiqlal Bəyannaməsi ilə başladı. İstiqlal Bəyannaməsi Azərbaycan xalqının müstəqillik və özünüidarəetmə hüququnun tanınması baxımından tarixi bir addım idi. Bu hüquqi (həm də siyasi) sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı (xalq cümhuriyyəti formasında) bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin dövlət fəaliyyətinin əsasını təşkil etməsinin bəyan edilməsi suveren, demokratik, hüquqi dövlət yaradılması istəyini nümayiş etdirirdi. İstiqlal Bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda milli dövlətin siyasi əsaslarını, yəni demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, daxili və xarici, eyni zamanda milli siyasətin əsaslarını, vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirdi.
Bu sənədlə Azərbaycan:
• Müstəqil dövlət elan olundu.
• Xalq hakimiyyəti prinsipi əsas götürüldü.
• Hər kəsin hüquq bərabərliyi təmin edildi.
• Demokratik dövlət quruluşu təsbit edildi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin idarəçilik prinsiplərini müəyyən edən bir sıra mühüm qanunlar qəbul edildi. 1918-ci ilin dekabrında Azərbaycanın ilk parlamenti formalaşdı və demokratik idarəçilik sisteminin təməli qoyuldu. Lakin 1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal edildi və Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. Bu dövrdə Azərbaycan SSR-in hüquqi əsaslarını müəyyən edən bir neçə Konstitusiya qəbul edildi:
1921-ci il Konstitusiyası: Azərbaycan SSR-in ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. 5 bölmə, 15 fəsil və 104 maddədən ibarət olan bu Konstitusiya Azərbaycanda sovet quruluşunun yarandığını, əməkçilərin mənafelərinin və hüquqlarının qorunduğunu təsbit etdi. Dövlət idarəçilik formasını kommunist diktaturasının ən demokratik siyasi forma hesab etdiyi formada – sovetlər respublikası formasında müəyyən edən Azərbaycan SSR-in ilk Konstitusiyasında ali hakimiyyətin fəhlələrə və əməkçi kəndlilərə, öz əməyi ilə yaşayanların hamısına məxsus olduğu qeyd olunurdu. Söz və mətbuat azadlığı, yığıncaqlar, mitinqlər, küçə yürüşləri azadlığı, vicdan azadlığı, milli, irqi və dini mənsubiyyətindən asılı olmayaraq bərabərlik hüququ, ictimai təşkilatlarda birləşmək hüququ, pulsuz, ümumi və icbari təhsil hüququ bu Konstitusiyada öz əksini tapmışdı. Hüquq və azadlıqların verilməsi və onların həyata keçirilməsinin təminatı ilə yanaşı, 1921-ci il Konstitusiyası vətəndaşların üzərinə müəyyən vəzifələr qoyurdu. Əməklə məşğul olma vacib vəzifə kimi qarşıya qoyulurdu. Konstitusiya bərabərlik hüququnu təsbit etsə də, bəzi kateqoriya şəxsləri seçki hüququndan məhrum edirdi.
Azərbaycan SSR-in birinci Konstitusiyasına 14 mart 1925-ci ildə 4-cü, 26 mart 1927-ci ildə 5-ci, 14 fevral 1931-ci ildə 7-ci və 11 yanvar 1935-ci ildə 8-ci Ümumazərbaycan Sovetlər qurultayında dəyişiklik və əlavələr edilmişdir.
1937-ci il Konstitusiyası: Bu Konstitusiya 14 fəsil və 155 maddədən ibarət idi. İqtisadi sahədə, cəmiyyətin sinfi quruluşunda və milli qarşılıqlı münasibətlərdə əmələ gəlmiş əsaslı dəyişikliklər sosialist demokratiyası prinsipinə uyğun surətdə dövlət orqanları sistemində və seçki hüququ prinsipində bir sıra yeniliklərin təsbit edilməsinə səbəb oldu. Hakimiyyət orqanlarının hamısı gizli səsvermə yolu ilə ümumi, müstəqim və bərabər seçki hüququ əsasında seçilməyə başladı. Əvvəlki Konstitusiyalardan fərqli olaraq Azərbaycan SSR-in 1937-ci il Konstitusiyası bir sıra yeni fəsilləri – “İctimai quruluş”, “Vətəndaşların əsas hüquq və vəzifələri”, “Naxçıvan MSSR-nın ali dövlət hakimiyyəti orqanları”, “Məhkəmə və prokurorluq” adlanan fəsilləri əhatə edirdi. Sosialist federasiyasının tamhüquqlu üzvü kimi Azərbaycan SSR-in “dövlət suverenliyi” formal da olsa onun Konstitusiyasının müddəalarında ifadə olunmuşdu: SSRİ-nin dövlət quruluşu respublikaların federativ birliyi kimi müəyyən edilsə də, Azərbaycan SSR tərkibində iki muxtar qurumun olmasına baxmayaraq, unitar quruluşa malik idi.
1978-ci il Konstitusiyası: 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul olundu. Bu, Azərbaycan SSR-də qəbul edilən sonuncu Konstitusiya idi. Bu Konstitusiya 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət idi. Əvvəlki konstitusiyalardan fərqli olaraq Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası öz müsbət və həmin dövr üçün cəsarətli, mütərəqqi müddəaları ilə seçilirdi. Bu Konstitusiyanın “Dövlət və şəxsiyyət” adlanan ikinci bölməsi vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi, onların yeni məzmunla və əlavə maddi, hüquqi təminatlarla zənginləşdirilməsi ilə səciyyələnirdi. İlk dəfə olaraq məhz bu Konstitusiyada xalq hakimiyyətinin bilavasitə demokratiya institutu olan referendum düzgün olaraq ümumxalq səsverməsi kimi təsbit edilmişdir. Bu Konstitusiyanın müsbət tərəflərindən biri də odur ki, o referendumu ictimai rəy sorğusundan və qanun, qərar layihələrinin müzakirəsindən fərqləndirirdi. İlk dəfə olaraq ölkəmizin Konstitusiya tarixində “xalq hakimiyyəti” və “demokratiya” terminləri məhz Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında qəbul olunmuşdur. Burada deyilirdi ki, Azərbaycan SSR-də bütün hakimiyyət xalqa məxsusdur.
Bu Konstitusiyada ilk dəfə Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi və Ümummilli Liderimiz bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuş oldu.
Tarixdə elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın, dövlətin inkişaf yolunu müəyyən edir, qoyduqları irs isə gələcək nəsillər üçün dövlətçilik ənənələrinin yaşamasında inkişafın istiqamətini formalaşdırır. Azərbaycan dövlətçiliyi tarixində Ümummilli Liderlik zirvəsinə ucalan məhz Heydər Əliyev olub. Azərbaycan tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. 1978-cı ildə qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasında dövlət dili haqqında maddə yer alanda sovetlər ittifaqının on beş respublikasından yalnız ikisinin - Gürcüstan və Ermənistanın Konstitusiyalarında dövlət dili haqqında maddə var idi. Ümummilli Lider Heydər Əliyevin bu cəsur addımı əslində, həmin dövrdə digər respublikaların — Ukrayna, Belarus, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Qazaxıstanın da ana dillərini öz konstitusiyalarında qəbul etmələrinə yol açdı.
SSRİ-nin dağılması prosesində Azərbaycanda 18 oktyabr 1991-ci ildə referendumla “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu sənədlə Azərbaycan Respublikasının tam müstəqil dövlət olduğu elan edildi. Dövlətin hüquqi əsası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması prinsipi üzərində quruldu və SSRİ-yə aid bütün qanunların qüvvədən düşdüyü bildirildi. Sovetlər Birliyindən ayrıldıqdan sonra Azərbaycan SSR-nin Konstitusiyası (1978-ci il) artıq müstəqil dövlətin reallıqlarına cavab vermirdi. Yeni siyasi sistem – demokratik, hüquqi, suveren dövlət qurulurdu və bu da yeni bir əsas qanun tələb edirdi. Müstəqil Azərbaycanın hüquqi bazası yenidən qurulmalı idi. Sovet dövrünə aid qanunvericilik sistemi müstəqil dövlət üçün uyğun deyildi. Yeni Konstitusiya insan hüquq və azadlıqlarını təmin edən, hakimiyyət bölgüsünü (qanunverici, icra, məhkəmə), hüquqi dövlət prinsiplərini təmin edən bir sənəd kimi hazırlanmalı idi. Sovet iqtisadi sistemindən (mərkəzləşdirilmiş planlı iqtisadiyyat) azad bazar iqtisadiyyatına keçid üçün hüquqi zəmin yaradılmalı idi. Yeni Konstitusiya mülkiyyət hüququ, sahibkarlıq azadlığı və iqtisadi fəaliyyət prinsiplərini tanımalı idi. Sovet ideologiyasından uzaq, milli dəyərlərə, milli mənsubiyyətə əsaslanan bir Konstitusiya tələb olunurdu. Xalqın iradəsini əks etdirən, dövlətçiliyin milli əsaslara söykəndiyini göstərən bir sənədin qəbuluna zərurət yaranmışdı. Azərbaycan beynəlxalq aləmdə tanınmaq, digər dövlətlərlə bərabər hüquqlu olmaq üçün universal dəyərlərə uyğun Konstitusiyaya sahib olmalı idi. Bu, həm də BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlara üzv olmaq baxımından önəmli idi. Bütün bu zərurətləri nəzərə alaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş və həmin ilin noyabrın 27-dən qüvvəyə minmişdir. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si ölkədə Konstitusiya Günü kimi qeyd edilir.
Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, “bizim Konstitusiyamız Azərbaycan Respublikasının tarixi ənənələrini, xüsusiyyətlərini əks etdirir. O, Azərbaycan Respublikasında demokratik hüquqi dövlətin qurulmasını, ölkəmizdə olan bütün vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəkdir. Bu, bizim özümüzün Konstitusiyamızdır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır”. Ulu Öndər yazırdı: "Konstitusiya elə bir sənəddir ki, o, gərək uzun müddət yaşasın. Onun ömrü uzun olmalıdır. Konstitusiya elə bir sənəddir ki, o dövlətin təməl dirəklərindən birini təşkil etməklə yanaşı, uzunmüddətli proseslərə təsir gücünə malik olaraq həm bu günü, həm də gələcəyi tamamilə əks etdirə bilməlidir”.
5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Azərbaycan Respublikasının Konstitusiyası ölkənin hüquqi - siyasi sistemini müəyyən etdi və aşağıdakı əsas prinsipləri təsbit etdi:
1. Azərbaycan Respublikası müstəqil, demokratik, hüquqi və unitar dövlətdir.
2. Hakimiyyət bölgüsü prinsipi təsbit olundu - qanunvericilik, icra və məhkəmə hakimiyyətləri bir-birindən ayrıldı. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, məhkəmə hakimiyyətini isə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
3. Əsas insan və vətəndaş hüquq və azadlıqları təsbit edildi.
Hüquqi və idarəetmə islahatları, yeni ictimai-siyasi reallıqlar, insan hüquq və azadlıqlarının təkmilləşdirilməsi, Azərbaycan qanunvericiliyinin Avropa və beynəlxalq standartlara uyğunlaşdırılması, texnoloji və sosial dəyişikliklər və bu kimi bir çox zərurətlər Azərbaycan Respublikasının Konstitusiyasına üç dəfə mühüm dəyişikliklərin edilməsinə səbəb oldu. Konstitusiyada dəyişikliklərin edilməsi ilə bağlı ilk referendum 2002-ci ildə keçirildi. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2002-ci il tarixli 722 saylı Fərmanına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası referendum aktının yeni layihəsi 24 avqust 2002-ci ilə təyin olunmuş ümumxalq səsverməsinə (referenduma) çıxarıldı. 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi (referendumu) zamanı majoritar seçki sisteminə keçildi, Prezidentin seçilməsi üçün üçdə iki səs çoxluğu tələbi, sadə səs çoxluğu tələbi ilə əvəzləndi və s.
Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərin edilməsi ilə bağlı ikinci referendum 2009-cu il martın 18-də keçirilmiş və sözügedən referendumla qəbul edilmiş dəyişikliklər həmin ilin martın 30-da qüvvəyə minmişdir.
2009-cu il martın 18-də ümumxalq səsverməsi (referendumu) nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına 29 maddə üzrə dəyişikliklər edilmişdir. Bu dəyişikliklər, dövlət idarəçiliyi, insan hüquqları, seçki sistemi və digər sahələrdə bir sıra əhəmiyyətli yenilikləri əhatə edir. Referendum nəticəsində Konstitusiyaya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı əsasında müharibə şəraitində hərbi əməliyyatların aparılması seçkilərin keçirilməsini mümkünsüz etdikdə Azərbaycan Respublikasının Prezidentinin və Milli Məclisinin çağrışının səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması ilə bağlı müddəalar daxil edildi, Prezidentin iki dəfədən artıq seçilməsinə dair məhdudiyyət ləğv edildi və s.
Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklərin edilməsi ilə bağlı sonuncu referendum 2016-cı ildə keçirilmişdir. 18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə Sərəncam imzaladı. 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendumu) zamanı prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilədək artırıldı, vitse-prezidentlik institutu yaradıldı, prezidentin vaxtından əvvəl vəzifədən getməsi halında, yeni dövlət başçısı seçilənədək onun səlahiyyətlərinin birinci vitse-prezident tərəfindən icra edilməsi təsbit edildi, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı bəzi yeniliklər qəbul edildi. Bu dəyişikliklər Azərbaycanda dövlət idarəçiliyinin gücləndirilməsinə və hüquqi sistemin daha çevik olmasına yönəlmişdir.
Suverenlik - ölkənin daxilində və ondan kənarda müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququndan ibarətdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir.
Azərbaycan Respublikası 30 ildən artıq müharibə şəraitində yaşayaraq torpaqları işğal altında qalan, suverenliyi və ərazi bütövlüyü pozulan ölkə olmasına baxmayaraq, mübarizə əzmi qırılmayan və daim inkişaf edən bir ölkəyə çevrilib. Azərbaycan Respublikasının Konstitusiyası ölkənin suverenliyini təsbit etsə də, 1991-ci ildən etibarən Ermənistanın torpaqlarımızı işğal etməsi səbəbindən ərazi bütövlüyümüz pozulmuşdu. Lakin 2020-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə və 2023-cü ildə separatizmin tam aradan qaldırılması nəticəsində ölkəmizin suverenliyi bərpa edildi.
2020-ci ildə Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazandı. Xalq öz Prezidentinin ətrafında yumruq kimi sıx birləşdi və öz suverenliyini bir daha bərpa etdi. Azərbaycan Respublikası bütün dünyaya öz gücünü, birliyini, suveren olmaq istəyini yenidən bəyan etdi. Buna görə biz suveren Azərbaycanın xoşbəxt vətəndaşlarıyıq. Bu gün artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsində ərazi bütövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib. Müharibədən sonra işğaldan azad edilmiş torpaqlarda aparılan islahatlar, bərpa, yenidənqurma işləri, həyat və yaşayış üçün ən vacib məsələ olan yeni infrastrukturun qurulması və dövlət tərəfindən atılan digər müsbət addımlar ölkənin getdikcə artan iqtisadi uğurundan xəbər verir.
Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilib. Ölkə başçısı cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si ölkəmizdə “Dövlət Suverenliyi Günü” elan edilib. Bütün bu qalibiyyət ilə Azərbaycan Respublikası dünyada yeni reallıqların müəllifi kimi tanınır. Yeni reallıqlar isə Azərbaycanımızı yeni uğurlara hədəfləyir. Azərbaycan Respublikası tarixi inkişaf yolunda hər bir mərhələdə dövlətin idarə olunma sistemini formalaşdırmaq və milli dəyərləri qorumaq üçün böyük addımlar atmışdır.
Azərbaycan Respublikası “Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq platformalarda öz mövqeyini daha da gücləndirmək üçün bir sıra addımlar atmış və atacaq:
Azərbaycan Respublikası beynəlxalq təşkilatlarda suveren hüquqlarını daha da aktiv müdafiə edəcək;
Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində yeni təşəbbüslər irəli sürülür;
Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün beynəlxalq investisiya cəlb edilir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində iqtisadi və sosial sahələrdə də mühüm layihələr həyata keçiriləcək:
İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri genişləndirilir və daha da genişləndiriləcək. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində regionda başlamış yenidənqurma və bərpa işləri öz bəhrəsini verməkdədir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur;
Yeni iş yerlərinin yaradılması və sahibkarlığın inkişafı üçün güzəştlər tətbiq edilir və ediləcək;
Enerji təhlükəsizliyi və yaşıl enerji layihələri sürətləndirilir;
Sosial təminat sisteminin gücləndirilməsi istiqamətində yeni addımlar atılır.
Amin Budaqov,
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin məsləhətçisi