02 iyul 2025 18:15
203

İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib

İyulun 2-də Laçın şəhərində “İƏT Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq İƏT Həftəsinin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təşkil edilməsini tarixi hadisə adlandırıb. 

Qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunmasının cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisi olduğunu vurğulayan Komitə sədri əlavə edib ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini paylaşmağa hazırdır.

O, ölkəmizdə qadın sahibkarlığının inkişafı ilə yanaşı, qadınların təhsilə çıxışı, elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ciddi nəticələr əldə edildiyini qeyd edib. Əlavə edib ki, Laçın da daxil olmaqla azad edilmiş bölgələrdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir.

Tarixən də Azərbaycan qadınının güclü ictimai mövqeyə malik olduğunu vurğulayan B.Muradova, hələ 1919-cu ildə Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu tanıyan dövlət olduğunu bildirib: “Məşhur xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev “Qızı oxutsan, bir ailəni savadlandırmış olarsan” kimi mühüm fikiri təşviq edirdi. Onun qızların təhsilinə verdiyi töhfə əvəzsizdir”.

B.Muradova bildirib ki, “Cəmiyyətin inkişafını qadınsız təsəvvür etmək olmaz” deyən Ulu öndər Heydər Əliyev müasir Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir.

Məhz Ümummilli liderin hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlət strukturlarında  və ictimai işlərdə qadınların irəli çəkildiyini dilə gətirən Komitə sədri qeyd edib ki,  1998-ci ildə Ulu öndərimiz Azərbaycanda qadınlarla bağlı siyasətin məzrkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamışdır.

B.Muradova əlavə edib ki, qadın məsələlərinin həlli sahəsində cənab Prezident İlham Əliyevin,  eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı, ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını təşviq edən nümunəvi dövlət siyasətinin təzahürüdür. 

Azərbaycanın digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarı olduğunu vurğulayan sədr, bu platformanı 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026–2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər.

Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Silapberdi Nurberdiyev çıxış edərək, ev sahibliyinə və Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

İƏT rəsmisi Forumun həm üzv dövlətlərin öz təcrübələrini bölüşməsi, həm də beynəlxalq təşkilatların töhfə verməsi baxımından mühüm platforma olduğunu qeyd edib. O, güclü iqtisadiyyatın və inklüziv cəmiyyətin qurulmasında, eləcə də dayanıqlı müqavimətin formalaşdırılmasında qadınların vacib rolunu vurğulayıb. S. Nurberdiyev, iqlim fəaliyyətində rəhbər səylərin gücləndirilməsini, həmçinin iqlim dəyişmələrinə qarşı mübarizə aparılmasında daha çox imkanların yaradılmasının vacibliyini bildirib. O, qadınların qeyri-ənənəvi sahələrdə biliklərin mənimsənilməsi və iştirakının artırılması üçün bir sıra planların olduğunu qeyd edib və əlavə edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün düzgün maliyyələşdirməni və məlumatları toplamağı təmin etməliyik.

İƏT rəsmisi qadınların elmi, texnoloji və riyazi sahələrdə iştirakı artırılmasını və gender əsaslı zorakılığın qarşısının alınması sahəsində daha tutarlı tədbirlər görülməsinin prioritet istiqamətlər olduğunu da diqqətə çatdırıb.

Daha sonra BMT Baş Katibinin müavini, BMT-nin Dayanıqlı İnkişaf Qrupunun Sədri Amina J. Mohammed və BMT Baş Katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı Katibi Armida Salsiah Alisjahbananın video müraciətləri dinlənilib.

Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamovanın çıxış edərək bildirib ki, Forum İƏT regionuna daxil olan ölkələrin və beynəlxalq tərəfdaş dövlətlərin qadın rəhbərləri arasında konstruktiv dialoq, eləcə də gələcək əməkdaşlıq üçün etibarlı platforma çevriləcəkdir.

Özbəkistanda ailə və qadınların dəstəklənməsinə yönəlmiş Milli proqramın fəal və ardıcıl şəkildə həyata keçirildiyini vurğulayan Z. Maxkamova qeyd edib ki, bu proqram qadınların cəmiyyətdəki rolunun artırılmasına, qərarqəbuletmə proseslərində iştiraklarının və töhfələrinin gücləndirilməsinə, qadın sahibkarlığının və innovativ fəaliyyətin inkişafına, eləcə də resurslar və xidmətlərə geniş əlçatanlığın təmin edilməsinə yönəlib.

O çıxışının sonunda qeyd edib ki, regional gender göstəricilərini inkişaf etdirmək, monitorinq sistemi tətbiq etmək, qadınların ekoloji fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirilməsi mexanizminin, eləcə də yaşıl iqtisadiyyatın təşviqi, iqlim dəyişikliyi ilə mübarizə, ekoloji təhsil və yenilikçi "yaşıl" texnologiyalar sahəsində ixtisaslaşması məqsədi ilə Mərkəzi Asiyada "Eco-hub" vahid mərkəzin yaradılması vacibdir.

Sonra “Qızların təhsilinə dəstək gələcəyə sərmayədir” adlı film nümayiş etdirilib.

Forum panel sessiyalar ilə davam edir.