03 iyul 2025 17:47
189

ATƏT PA Azərbaycana ərazilərin minalardan təmizlənməsi və bərpası sahəsində yardım etməyə çağırıb

Azərbaycan Milli Məclisinin deputatı Qaya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28 iyun - 03 iyulda Portuqaliyanın Porto şəhərində keçirilmiş illik sessiyasında iştirak edib.

“İki sahil” xəbər verir ki, nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev daxil olub.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və Portuqaliyadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov nümayəndə heyətini müşayiət edib. Sessiyada Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb və ATƏT PA prezidenti, vitse-prezidenti və digər vəzifələrə seçkilər keçirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Assambleyanın plenar iclasında və komitələrin iclaslarında müzakirələrdə fəal iştirak edib, çıxışlarında Azərbaycanın regionda sülh və əməkdaşlığın bərqərar olması səyləri, ətraf mühitin qorunması sahəsində beynəlxalq əməkdaşlıq, o cümlədən COP29-da Azərbaycan rəhbərliyinin səyləri sayəsində razılaşdırılmış tarixi qərarlar və hazırda COP29-un sədri kimi Azərbaycan tərəfinin həyata keçirdiyi səylər barədə ətraflı məlumat vermiş və ümumavropa təhlükəsizliyi məsələləri ətrafında fikirlərini bölüşüblər.

Milli Məclisin deputatları münaqişənin Azərbaycana vurduğu ziyan və mina problemi haqqında Assambleyanı məlumatlandırıb, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinin zəruriliyini vurğulayıblar.

Nümayəndə heyətinin rəhbəri Qaya Məmmədovun təklifi ilə Parlament Assambleyası beynəlxalq ictimaiyyəti Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə, yenidənqurma və bərpa məsələlərində yardım göstərməyə çağıran qərar qəbul edib.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev yenidən ATƏT PA İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri seçilib.

Sessiyada Ermənistan nümayəndə heyəti Assambleyanın yekun sənədinin layihəsinə Azərbaycan əleyhinə düzəlişlər (hazırda məhkəmələri gedən erməni millətinə məxsus məlum şəxslərin qeyd-şərtsiz azadlığa buraxılması, Azərbaycanda erməni irsinin guya dağıdılması və s.) verib. Lakin Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində bu düzəlişlər Assambleya tərəfindən səsvermədə rədd edilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri və üzvləri ATƏT PA-nın yeni seçilmiş prezidenti Pere Joan Pons, vitse-prezidentləri və digər ölkələrin nümayəndə heyətləri ilə çoxsaylı görüşlər keçirib.