03 iyul 2025 17:55
285

Yeni Azərbaycan Partiyası: Sabitliyin, inkişafın və gələcəyə inamın siyasi dayağı

1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən bərpa edən Azərbaycanda ölkədaxili qarşıdurmalar, idarəçilik böhranı və siyasi xaos hökm sürürdü. Belə bir mürəkkəb tarixi şəraitdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası (YAP) milli dövlətçiliyimizin xilaskarı, ölkədə sabitliyin bərpası və inkişafın lokomotivi oldu. Bu gün YAP təkcə bir siyasi təşkilat deyil, həm də Azərbaycanın çağdaş tarixində strateji rol oynamış və bu gün də oynamaqda davam edən genişmiqyaslı siyasi hərəkatdır.

Yeni Azərbaycan Partiyasının yaranması tarixi bir ehtiyacdan doğmuşdu. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilmiş təsis konfransında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP qısa müddət ərzində xalqın dəstəyini qazandı. 91 tanınmış ziyalının müraciəti ilə siyasi səhnəyə qədəm qoyan bu partiya fəaliyyətinin ilk günündən Azərbaycanın dövlətçiliyini qorumağı, ölkəni anarxiyadan xilas etmək və cəmiyyətə sabitlik gətirməyi qarşısına məqsəd qoydu.

YAP-ın əsas ideoloji prinsipləri dövlətçilik, milli maraqların qorunması, demokratik inkişaf, qanunun aliliyi və sosial ədalətdir. Bu prinsiplər Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı siyasi xəttin əsas dayaq nöqtələridir. YAP həmçinin milli-mənəvi dəyərlərə bağlılığı və müasir dünyagörüşlü islahatçılığı birləşdirən nadir siyasi platformadır.

2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasına Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyev rəhbərlik edir. Onun siyasi kursu Heydər Əliyev irsinin davamı olmaqla yanaşı, yeni dövrün tələblərinə uyğun müasir yanaşmaları da əhatə edir. İqtisadi inkişaf, sosial rifah, beynəlxalq əməkdaşlıq və hərbi gücün möhkəmləndirilməsi sahəsində əldə olunan nəticələr bu siyasi kursun uğurlarını nümayiş etdirir.

Ən önəmli nailiyyətlərdən biri 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədir. Bu zəfər təkcə Azərbaycan Ordusunun deyil, eyni zamanda, cənab İlham Əliyevin yenilməz siyasi iradəsinin, xalq-iqtidar birliyinin və YAP-ın rəhbərliyinin qələbəsidir. Başqa sözlə, Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsidir.

Yeni Azərbaycan Partiyası bu gün ölkənin ən böyük siyasi təşkilatıdır. Onun sıralarında müxtəlif sosial təbəqələrdən olan insanlar – ziyalılar, gənclər, sənayeçilər, kənd təsərrüfatı işçiləri, sənətkarlar və sahibkarlar təmsil olunurlar. YAP-ın bu geniş bazası onu xalqın ümumi maraqlarına cavab verən, cəmiyyətin güzgüsü funksiyasını yerinə yetirən siyasi qüvvəyə çevirir.

Partiyanın Gənclər Birliyi, Veteranlar Şurası və regional təşkilatları ictimai fəallığın artmasına, siyasi mədəniyyətin formalaşmasına, vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə verirlər.

Yeni Azərbaycan Partiyası həm də beynəlxalq siyasi platformalarda aktiv iştirakı ilə seçilir. Partiyanın müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq, siyasi dialoqun təşviqi və demokratik dəyərlərin təbliği istiqamətində atıldığı addımlar Azərbaycanın beynəlxalq imicini gücləndirir.

YAP bu gün regionda və dünyada sülh, təhlükəsizlik və tərəqqi naminə əməkdaşlıq edən partiyalardan biri kimi tanınır. Onun beynəlxalq tərəfdaşlarla münasibətləri Azərbaycanın xarici siyasət kursuna paralel şəkildə inkişaf edir.

Yeni Azərbaycan Partiyası ötən 30 ildən artıq dövrdəki fəaliyyətində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqın rifahına, ictimai sabitliyə və iqtisadi inkişafın təmin edilməsinə misilsiz töhfələr vermişdir. Tarixdən dərs alan, bu günü dəyərləndirən və gələcəyə inamla baxan YAP Azərbaycan xalqının siyasi iradəsinin ifadəsinə çevrilmişdir.

Bu gün YAP təkcə siyasi partiya deyil, müasir Azərbaycanın rəmzidir. Dövlətin və millətin gələcəyi naminə sabitlik, inkişaf və milli birliyi öz siyasi platformasında birləşdirən Yeni Azərbaycan Partiyası gələcəkdə ölkənin inkişafının əsas təminatçısı olaraq qalacaq.

Yengibar Əliyev,

YAP Xətai rayon təşkilatının Xocalı prospekti 30 ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini,

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri