04 iyul 2025 11:03
113

Azərbaycanla Özbəkistan arasında münasibətlər yeni mərhələyə yüksəlib

“Azərbaycanla Özbəkistan arasında münasibətlər yeni mərhələyə yüksəlib. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana növbəti səfəri olduqca önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki qardaş ölkə arasında münasibətlərin uğurla inkişafı ilə bağlı mühüm addımlar atır. Sözsüz ki, xalqlarımız arasındakı tarixi sarsılmaz bağlar üzərində formalaşan bu əlaqələr münasibətlərin xarakterinə də müsbət təsir edir.”

“İki sahil” xəbər verir ki,  bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Komissiya sədri Azərbaycanla Özbəkistan arasında diplomatik münasibətlərin 30-cu ildönümündə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərinin əhəmiyyətindən bəhs edib: “Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında əlaqələrin yeni müstəviyə yüksəlməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya və qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Şavkat Mirziyoyevin təkbətək görüşü, iki iki ölkə arasında imzalanan vacib sənədlərin tarixi əhəmiyyətə malikdir. Eyni zamanda hər iki ölkə Liderinin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi də bu xüsusda vacib amil hesab edilir. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev mətbuata bəyanatlarla birgə çıxışında da olduqca mühüm mesajlar səsləndiriblər”.

Deputat Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin mahiyyətinə toxunub: “Azərbaycan bu xüsusda müxtəlif dövlətlərlə o cümlədən Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin sürətli inkişafına mühüm önəm verir. Bu mənada Azərbaycanla Özbəkistan arasında əlaqələr mühüm əhəmiyyət kəsb edir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan xalqlar arasındakı əlaqələr bu gün dövlətlərin birgə addımlamasını təşviq edir. Azərbaycan və Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra da tarixi dostluq, qardaşlıq münasibətləri üzərində münasibətlərini formalaşdırmağa başlayıb. Məhz bunun nəticəsidir ki, 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirlikləri açılıb. Bu ügn isə Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri özünün ən yüksək dövrünü yaşayır. Sözsüz ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri təsirli rola malikdir. Əldə olunan bu nəticələr imkan verir ki, bundan sonra da ölkələr arasında əlaqələrin bütün sahələr üzrə inkişafı təmin olunacaq”.

Sevinc Hüseynova Bakıda “Özbəkistan” parkının təməlinin qoyulmasının da tarixi hadisə olduğunu söyləyib: “Özbəkistan” parkı böyükmiqyaslı mədəni-rekreasiya layihəsidir. Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand regionlarının zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirəcək nadir mühit yaradılacaq. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək. Parkın əsas obyektləri Buxara, Səmərqənd və Xivədəki memarlıq nümunələri olacaq. Paytaxtdakı Ağ Şəhərdə salınacaq bu park Azərbaycan və Özbəkistan dövlətləri və xalqları arasında tarixən mövcud olan qardaşlığın, dostluğun rəmzidir. Bu parkın salınması ilə xalqlarımızın mədəni əlaqələri daha da möhkəmlənəcək”.