Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel şəhidi Nurlan Əsgərli qardaşlarının əziz xatirəsinə həsr olunmuş uşaqlar və az yaşlı yeniyetmələr arasında cüdo idman növü üzrə Lənkəran-Astara region açıq turniri keçirilib.
Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun əməkdaşları və idmançıların Masallı rayonunda yerləşən Qəhrəmanlar parkını və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel şəhidi Nurlan Əsgərli qardaşlarının ev muzeyini ziyarət etməklə başlanıb.
Masallı şəhər N. Nərimanov adına 2 saylı tam orta məktəbin idman zalında təşkil edilən bu turnirdə ümumilikdə Masallı və Cəlilabad rayonlardan 1 komanda, Lənkəran rayonundan 2 komanda, region üzrə 4 komanda olmaqla 70 nəfərdən artıq idmançı qələbə uğrunda xalça üstünə çıxıb.
Sonda qalib gələn idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü