08 iyul 2025 10:05
140

Qanun qohum evliliklərinə “yox” deyir: Səbəbsiz deyil!

Azərbaycanda gələcək nəsillərin sağlamlığının qorunması və anadangəlmə xəstəliklərin qarşısının alınması məqsədilə iyulun 1-dən etibarən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirilir. Bu dəyişikliklərin mahiyyəti və tətbiqi ilə bağlı “İki sahil”in suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK)  Hüquqi təminat şöbəsinin aparıcı məsləhətçisi Leyla Abdinova cavablandırır.

-“Ailə Məcəlləsi”nə edilən mühüm dəyişikliklə bağlı oxucularımıza ətraflı məlumat verərdiniz...

-Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən mühüm dəyişiklik nəticəsində nikahın bağlanmasına yol verilməyən şəxslərin dairəsi genişləndirilmiş və mövcud hüquqi çərçivəyə məhdudiyyətlər əlavə edilmişdir. Əgər əvvəllər yalnız– valideyn və övlad, baba və nəvə, bacı və qardaş, habelə övladlığa götürmə münasibətlərində olan şəxslər arasında nikaha yol verilmirdisə, yeni dəyişiklik bu siyahını daha da genişləndirir. Qanuna əsasən, artıq aşağıdakı qohumluq münasibətləri əsasında da nikah bağlanması qadağan edilir:

Eyni bioloji baba və ya nənəyə malik olan bacı və ya qardaşların övladları arasında – Bu dəyişiklik əmioğlu ilə əmiqızı, dayıoğlu ilə dayıqızı, yaxud xalaoğlu ilə xalasıqızı kimi ikinci dərəcəli qan qohumlarının nikahını əhatə edir və onların arasında nikaha yol verilməməsi qanunla təsbit olunur. Əmi və ya dayı ilə qardaşının və ya bacısının qızı arasında – Bu hal əminin və ya dayının bacısı və ya qardaşı qızı ilə nikah bağlamasını nəzərdə tutur.

Bibi və ya xala ilə qardaşının və ya bacısının oğlu arasında – Bu dəyişiklik bibinin və ya xalanın qardaşı və ya bacısı oğlu ilə nikah bağlamasını əhatə edir və bu cür nikahların da hüquqi baxımdan yolverilməz olduğu müəyyən edilmişdir.

-Qanun yalnız bioloji qohumluğa əsaslanır, yoxsa hüquqi (məsələn, övladlığa götürülmüş şəxslər) də nəzərə alınır?

-Qanuna əsasən, qardaşların və (və ya) bacıların yanlız ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməməsi qət edilmişdir.

-Bəs bu dəyişikliyin tətbiqinə nəzarəti hansı dövlət orqanı həyata keçirəcək?

-Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaqdır. Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər.Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaqdır.

-Bu qadağa beynəlxalq hüquq və ya digər ölkələrin qanunvericiliyi ilə nə dərəcədə uzlaşır?

-Bu qadağa yalnız Azərbaycanda mövcud deyildir. Bir sıra ölkələrin qanunvericiliyində də qohum nikahları qadağan edilmişdir. Belə qadağaların qoyulmasının başlıca səbəbi ölkədə gələcək nəsillərin və genofondun qorunmasıdır. Qohum nikahları sağlam ailələrin formalaşması üçün hər zaman təhdid olmuşdur. Belə nikahların mövcudluğu sağlamlıq imkanları məhdud olan uşaqların dünyaya gəlməsinə, genetik xəstəliklərin artmasına, sosial cəhətdən həssas qrupların sayının çoxalmasına birbaşa təsir göstərmişdir. BMT-nin Uşaq Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Konvensiyası ailə institutunun və uşaqların müdafiəsini əsas götürərək, dövlətlərə gələcək nəsillərin rifahını qorumaqla bağlı öhdəliklər müəyyən edir. Genetik risklər daşıyan nikahların məhdudlaşdırılması bu öhdəliklərin yerinə yetirilməsi baxımından hüquqi və etik cəhətdən əsaslandırılmış hesab olunur.

-Yeni qadağanın tətbiqi zamanı kənd yerlərində rast gəlinən qohum evlilikləri ilə bağlı hansı maarifləndirmə tədbirləri planlaşdırılıb?

-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirir, maarifləndirici vəsaitlər, sosial reklamlar hazırlayır və onların dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, qeyri-dövlət təşkilatları və gənclər arasında yayılmasını təşkil edir, tabeliyindəki uşaq və ailələrə dəstək mərkəzlərinin vasitəsilə əhali arasında maarifləndirmə işini təşkil edir, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair tədqiqatlar aparır, onların nəticələri ilə ictimaiyyəti tanış edir. Eyni zamanda,  Gənclər və İdman,   Səhiyyə Elm və Təhsil Nazirlikləri, Gənclər Fondu, , Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Yerli icra hakimiyyəti orqanları gənclər arasında erkən nikahdan və qohumlar arasında nikahdan olan uşaqların sağlamlığına mənfi təsirinə dair maarifləndirmə işi aparırlar. Sadalanan dövlət orqanları gənclər arasında maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər barədə məlumatları hər ilin 20 dekabr tarixinədək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edib, özlərinin rəsmi internet saytlarında yerləşdirməlidirlər. Dövlət Komitəsi orqanlardan daxil olan məlumatları ümumiləşdirir və hər növbəti il yanvarın sonunadək özünün rəsmi internet saytında dərc edir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

-Qanunun pozulması halında nəzərdə tutulan hüquqi məsuliyyət nədən ibarətdir? (inzibati, cinayət, nikahın ləğvi və s.)

-Qeyd olunan qanun pozuntusu, yəni, qanunla qadağan edilmiş qohumluq münasibətləri əsasında nikah bağlama cəhdi birbaşa inzibati və ya cinayət məsuliyyəti doğurmur. Lakin bu cür evliliklər qanunvericilik baxımından hüquqi nəticələr doğurmur və dövlət qeydiyyatına alınması mümkün deyil. Başqa sözlə desək, belə evliliklər hüquqi qüvvəyə malik olmayan evlilik sayılır. Bu isə gələcəkdə ciddi hüquqi fəsadlara səbəb ola bilər. Nikahın rəsmi qeydiyyata alınmaması səbəbi ilə ailə hüququ subyektlərinin (ərin və arvadın) hüquq və vəzifələri yaranmır. Miras hüququ, aliment, birgə mülkiyyətin bölünməsi, vergi və sosial təminatlar kimi hüquqi münasibətlərdə tərəflər dövlət müdafiəsindən məhrum olurlar. Belə evlilikdən doğulmuş uşaqların hüquqi statusunun müəyyən edilməsi (atalığın tanınması və s.) çətinlik yarada bilər.  Qanunsuz nikah cəhdi müəyyən edilərsə, nikah aktı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınmır və Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkəmə qaydasında etibarsız sayılır. Beləliklə, qanunvericilikdə birbaşa sanksiya, yəni, inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulmasa da, nikahın dövlət qeydiyyatından keçməməsi şəxs və ya ailə üzvləri üçün hüquqi nəticələrə və müdafiəsizlik vəziyyətinə səbəb ola bilər.

-Əhalinin genetik sağlamlığının qorunması baxımından bu dəyişiklik hansı elmi əsaslara söykənir?

-Qohum nikahlarının məhdudlaşdırılması və ya qadağan edilməsi bir sıra elmi tədqiqatlara, tibbi statistikaya və beynəlxalq təcrübəyə əsaslanır. Elmi araşdırmalar sübut edir ki, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin yaranma riski əhəmiyyətli dərəcədə yüksəlir. Bu risk əsasən autosom-resessiv yolla keçən irsi xəstəliklərlə bağlıdır. Belə ki, hər iki valideyndə eyni genetik mutasiya daşıyıcılığı olduqda, doğulan uşaqlarda həmin mutasiyanın klinik təzahür etmə ehtimalı artır. Araşdırmalara əsasən, qohum olmayan şəxslərin nikahından doğulan uşaqlarda irsi xəstəliklərin yaranma ehtimalı təxminən 2-3% təşkil etdiyi halda, birinci və ikinci dərəcəli qan qohumları arasında bağlanan nikahlarda bu göstərici 8-12%-ə qədər yüksəlir. Yəni, bu ehtimal 3-5 dəfə artıq olur. Bu da o deməkdir ki, qohum nikahlarından doğulan uşaqlarda irsi metabolik pozuntular, anadangəlmə inkişaf qüsurları, eşitmə və görmə çatışmazlıqları, sinir sistemi xəstəlikləri, əqli və fiziki inkişaf ləngimələri kimi bir sıra ağır patologiyalar müşahidə oluna bilər.

-Qohum evliliklərinin qarşısının alınması üçün bundan sonra daha hansı hüquqi və sosial addımlar planlaşdırılır?

-Qanunun qüvvəyə minməsinə baxmayaraq, əhalinin, xüsusilə də ailə qurmağa hazırlaşan cütlüklərin qohum evliliyinin təsirləri/fəsadları haqqında mütəmadi olaraq məlumatlandırılmasına yenə də ehtiyac vardır. Qadağa ilə yanaşı, vətəndaşların belə halların qarşısının alınmasında yaxından iştirak etməsi fəallıq göstərməsi də cəmiyyətdə qohum evlilikləri ilə bağlı düzgün fikrin, münasibətin formalaşmasına öz töhfəsini verəcəkdir. Bu qadağa sağlam gələcəyin, sağlam ailələrin qurulmasında əhəmiyyətli rol oynayacaqdır. Maarifləndirmə və məlumatlandırma tədbirləri sistemli şəkildə aparılacaq və ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə həyata keçiriləcəkdir.

-Bu dəyişiklik nikah yaşına çatmamış şəxslərin müdafiəsinə və onların hüquqlarının qorunmasına hansı əlavə imkanlar yaradır?

Mütəxəssislər bir çox hallarda erkən evlilik və qohum evliliyi faktlarını birlikdə qeyd edirlər. Sevindirici haldır ki,1 iyul tarixindən etibarən, artıq Ailə Məcəlləsində müstəsna hallarda nikah yaşının 1 yaş azaldılmasını nəzərdə tutan 10.2-ci maddə də qüvvədən düşür və bundan sonra qanunvericiliyə əsasən heç bir sui-istifadə halına yol verilməyəcəkdir. Qanunda erkən evlilk dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq nəzərdə tutulur.  Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.  Məcəlləyə əlavə edilən 176-2-ci maddə on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır. Yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması üçün sözügedən qanunla İnzibati Xətalar Məcəlləsinə əlavələr edilmişdir. Bu əlavələrə əsasən, 16 yaşına çatmamış şəxsin erkən nikahının təşkili, bu yaşda olan şəxsə dair evlilik sövdələşməsinə daxil olunması, erkən nikahla bağlı mərasimlərin keçirilməsi və dini kəbinin kəsilməsi inzibati məsuliyyət yaradan hallar kimi müəyyən edilmişdir. Bu əməllərə görə daha geniş subyektlər dairəsi üçün inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutun 189-2 və 189-3-cü maddələrin məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardandır. Ümumiyyətlə, son illər erkən evlilik, erkən nikah hallarının sayında da azalmalar müşahidə olunur. Təbii ki, göstəricilərin azalması hələ işin bitməsi demək deyildir. Məlumatlandırma və maarifləndirmə davam edəcəkdir, qanunla müəyyən edilən hər bir hala ciddi nəzarət olacaqdır.

-Müsahibə üçün təşəkkür edirik.

Yaqut Ağaşahqızı, “İki sahil”