Energetika naziri Pərviz Şahbazov Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində Lyublyana şəhərində nazir Bojan Kumer, eləcə də Sloveniyanın aparıcı enerji şirkətləri - “Geoplin”, “Petrol Group”, “Plinovodi” və “HSE” ilə görüşlər keçirilib.
“İki sahil” xəbər verir ki, ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerlə görüşdə gələn il diplomatik münasibətlərin 30 illiyini qeyd edəcək Azərbaycan - Sloveniya ikitərəfli əlaqələrinin inkişafından, qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə edilib. Xüsusilə son illərdə enerji sahəsində əlaqələrin daha intensiv və məhsuldar inkişaf etdiyi vurğulanıb. Bu aspektdə, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Sloveniya Respublikasının Ətraf Mühit, İqlim və Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu, həmçinin SOCAR və “Geoplin” arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunun imzalanmasının əhəmiyyəti qeyd olunub. Sloveniyaya Azərbaycan təbii qazının tədarükünə başlanılması enerji sahəsində əməkdaşlığın real nəticəsi və Avropanın enerji təhlükəsizliyinə, eləcə də təchizatın şaxələndirilməsinə mühüm töhfə kimi qiymətləndirilib. Azərbaycanın etibarlı və güvənilən tərəfdaş olduğunu vurğulayan Bojan Kumer, ölkəmizdən tədarük edilən qazın ötən il Sloveniyanın ümumi qaz istehlakının təxminən 5 faizini təşkil etdiyini və bu həcmlərin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə Sloveniyanın enerji siyasətinə dair prioritetləri, Azərbaycanın enerji strategiyası və Avropa İttifaqı ilə strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, qaz tədarükünün artırılması üçün infrastrukturun inkişafı, uzunmüddətli müqavilələrin imzalanması və maliyyələşmə kimi zəruri şərtlərin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb. 2026-cı ildən başlayaraq Trans-Adriatik Boru Kəməri (TAP) ilə qaz tədarükünün 1,2 milyard kubmetr artırılması planı çərçivəsində, habelə uzunmüddətli əsasda Sloveniyaya qaz tədarükü imkanları, hasilat və nəql layihələrinin inkişaf perspektivləri, regional enerji təhlükəsizliyi və qarşılıqlı məsləhətləşmələrin gücləndirilməsi müzakirə olunub.
Görüşdə, həmçinin Azərbaycanın Avropa ilə enerji inteqrasiyası “Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi”, “Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan” interkonnektoru və “Mərkəzi Asiya - Azərbaycan Enerji Dəhlizi” layihələri kontekstində dəyərləndirilib. Bu layihələrin Xəzər dənizi vasitəsilə yeni ticarət yolları, enerji təhlükəsizliyi və regional əməkdaşlıq üçün böyük imkanlar açdığı qeyd olunub, Sloveniya ilə “yaşıl enerji” üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Neft, təbii qaz və “yaşıl enerji” təchizatı üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi “Geoplin” şirkətinin icraçı direktoru Simon Urbancl, “Petrol Group” şirkətinin İdarə Heyətinin prezidenti Sašo Berger, “Plinovodi” şirkətinin icraçı direktoru Marjan Eberlinc və “HSE” şirkətinin icraçı direktoru Tomaž Štokelj ilə görüşdə də davam etdirilib. Sloveniyanın enerji istehlakı, neft, qaz və elektrik enerjisi ilə təminatı, qonşu ölkələrlə təbii qaz ötürücü əlaqələrin qurulması və gücləndirilməsi, habelə bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş və külək enerjisindən elektrik istehsalını artırmaq istiqamətində görülən tədbirlər nəzərdən keçirilib. Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib. Sloveniyanın enerji şirkətləri Azərbaycanın “yaşıl enerji” layihələrində investor və bu enerjinin alıcısı qismində iştiraka dəvət edilib.
***
Azərbaycan Sloveniya ilə “yaşıl enerji”nin təchizatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin dəvəti ilə bu ölkəyə işgüzar səfər çərçivəsində enerji sahəsində ikitərəfli əlaqələrin, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının inkişafı kontekstində yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məsələləri üzrə səmərəli görüş keçirdik. Ötən il Sloveniyanın ümumi qaz istehlakının təxminən 5 %-ni təşkil edən Azərbaycan qazının tədarükünün artırılması və “yaşıl enerji”nin təchizatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik",-deyə o qeyd edib.
Onun sözlərinə görə, Lyublyana şəhərində Bojan Kumerin müşayiəti, “Geoplin” şirkətinin icraçı direktoru Simon Urbancl, “Petrol Group” şirkətinin İdarə Heyətinin prezidenti Sašo Berger, “Plinovodi” şirkətinin icraçı direktoru Marjan Eberlinc və “HSE” şirkətinin icraçı direktoru Tomaž Štokeljinin iştirakı ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığın inkişafına dair səmərəli müzakirələr aparılıb: "Sloveniyanın aparıcı enerji şirkətlərini Azərbaycanın neft-qaz sektorunda geniş əməkdaşlığa, eləcə də yaşıl enerji layihələrində həm investor, həm də alıcı qismində iştiraka dəvət etdik”.
Xatırladaq ki, 1 avqust 2024-cü il tarixindən etibarən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qaz tədarükünə başlayıb. Tədarük 17 iyul tarixində SOCAR ilə Sloveniyanın qaz bazarında ən böyük şirkəti olan "Geoplin" arasında imzalanmış qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında Anlaşma Memorandumu əsasında həyata keçirilir.
Bundan əlavə, 4 aprel tarixində Cənub Qaz Dəhlizinin məşvərət şurasının 11-ci nazirlər iclası və Yaşıl Enerji üzrə Məşvərət Şurasının 3-cü nazirlər iclası çərçivəsində Azərbaycanın energetika naziri və Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Boyan Kumer iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.
Sənəd Azərbaycan və Sloveniya arasında təbii qaz və bərpa olunan enerji sahəsində enerji əlaqələrinin inkişafını dəstəkləyir.