09 iyul 2025 08:10
178

Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir - TƏHLİL

Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışının təmin edilməsi Böyük Qayıdış Proqramının uğurlu icrasından xəbər verir  

Son beş ildir ki, azad edilmiş ərazilərimiz bərpa-quruculuq dövrünü yaşayır. Bu günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində azad Qarabağda görülən işlərin təqdimatı ümumilikdə indiyədək Böyük Qayıdış Proqramının uğurlu icrasını nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyevin iyulun 2-də Qarabağa səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, həmçinin görülən işlərlə tanışlıqla yadda qaldı. Cənab İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılış mərasimində iştirak etdi. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu, Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu, Xankəndi Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışında iştirak etdi, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular. Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

   Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər və yeni mənzillərə köçən sakinlərlə görüşdülər.  Qarabağın bərpası və dirçəlişində göstərdiyi köməyə görə Qırğızıstan Prezidenti Sadır  Japarova minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, onun təşəbbüsü ilə bu regionun hazırda ən böyük yaşayış məntəqəsi olan Xıdırlı kəndində gözəl məktəb tikilib. Ona baxış keçirdik və rəsmi şəkildə açdıq. Məktəbə Ayköl Manasın adı verilib.  “Manas” qırğız xalqının dastanıdır, qırğızların ruhunu təcəssüm etdirir: «Əminəm ki, bu məktəbin və bu kəndin gələcək inkişafı üzrə hər şey bizim qırğız qardaşlarımızla bağlı olacaq. Bu gün Qarabağın, Şərqi Zəngəzurun dirçəldiyi, infrastruktur obyektlərinin, evlərin, ictimai binaların tikildiyi bir vaxtda, ilk növbədə, hər bir layihədə məktəb, uşaq bağçası, körpələr evi, tibb məntəqələri planlaşdırırıq. Bunlarsız normal həyat ola bilməz. Əlbəttə, bizim uğurla reallaşdırdığımız Böyük Qayıdış Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir… Keçən ilin aprel ayında, - hətta məktəbin içərisində bir fotoşəkil də var, - Sadır Nurqojoyeviçlə bu məktəbin təməlini qoyduq və razılaşdıq ki, hazır olanda birlikdə gələcəyik. Belə alındı ki, Xıdırlı kəndi də hazırdır - gözəl evlər, icma mərkəzi, tibb məntəqəsi və bu cür yaraşıqlı təhsil ocağı. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik.»

Dövlət başçısı İlham Əliyev daim çıxışlarında keçmiş məcburi köçkünlərin 30 illik işğal dövründə hansı çətinliklər içərisində yaşadığından bəhs edir. Bildirir ki, amma ruhdan düşmədilər, inanırdılar, bilirdilər ki,  dədə-baba torpaqlarımıza mütləq qayıdacağıq. Cənab İlham Əliyev Xıdırlı kəndinin sakinləri ilə görüşündə bir daha bildirdi: "Biz qalib kimi, bu torpaqların sahibləri kimi qayıtdıq və buna görə də burada dağıdılan hər şeyi, - nəinki Ağdam şəhərində, bütün Ağdam rayonunda bir dənə də olsun dağıdılmayan tikili qalmayıb, - bu gün yenidən həyata qaytarırıq.»

Son beş ildə 16 şəhər və kəndə keçmiş köçkünlərin qayıdışının təmin edilməsi bərpa-quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Dövlət başçısı İlham Əliyev bu il martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılış mərasimində iştirak edərkən sakuinlərlə görüşündə böyük qürur hissi ilə qeyd etmişdir ki,  Ağdam rayonunun ilk sakinləri sizsiniz: «Amma yaxın aylarda qonşularınız da gələcək, Xıdırlıya, - yəqin ki, görmüsünüz, böyük inşaat işləri gedir, - Kəngərliyə, ilin sonuna qədər Ağdam şəhərinə. Burada rahat, xoşbəxt yaşayacaqsınız.» Artıq Sarıcalı kəndinin ardınca Kəngərli və Xıdırlı kəndlərinin sakinləri də doğma yurd-yuvalarına qovuşublar. Cənab İlham Əliyev Sarıcalı kəndinin sakinləri ilə görüşündə onu da qeyd etdilər ki, Ağdam rayonunun bərpa edilmiş birinci kəndinin sakinləri ilə görüşmək, əlbəttə ki, böyük xoşbəxtlikdir. «Mən işğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərim zamanı onlara müvəqqəti yaşayış evlərini təqdim edərkən hər dəfə deyirdim ki, torpaqlar azad olunandan sonra daha da gözəl şərait yaradılacaq və biz sizi öz doğma torpağınıza qaytaracağıq» söyləyən dövlətimizin başçısı onu da əlavə etdi ki, bu gün də o sözlərimin təsdiqi bir daha öz yerini tapır. Bütün keçmiş köçkünlər üçün gələcəkdə bu cür şərait yaradılacaq. Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ağdam şəhəri  yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək.

   Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ölkə iqtisadiyyatının dayanıqlı inkişafının göstəricisidir. Dövlətimizin başçısının bu ərazilərə mütəmadi səfərlərinə diqqət yetirdikdə yol tikintisinə xüsusi diqqət yetirildiyini, səfərdən sonra yeni yolların tikintisi ilə bağlı Sərəncam imzaladığını xüsusi qeyd etməliyik. Avtomobil yolu, dəmir yolu və hava limanının tikintisi prioritetdir. Ötən  beş ilə yaxın  dövrdə  Füzuli, Zəngilan, Laçın  Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi görülən işlərin sürəti, ən əsası ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Laçın Beynəlxalq Hava Limanın açılışı Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olmaqla yanaşı, həm də həmin tarix, 28 May-Müstəqillik Günü  Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşünün keçirilməsi ilə yadda qaldı. 

İşğaldan azad edilmiş ərazilərdə yeni müəssisələrin yaradılması gələcəkdə keçmiş köçkünlərin məşğulluğunun təmin edilməsinə xidmət edir.  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparklar yaradılır. Hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda «Araz Vadisi İqtisadi Zonası», Zəngilanda “Dost Aqropark”ı yaradılır.  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub. Azad edilmiş ərazilərimiz  böyük turizm potensialına malikdirlər. Qarabağ Azərbaycanın əsas turizm zonasına çevriləcək.   Təmir-bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevimli məkanlarından biri olacaq. Bu mühüm məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın mühüm tarixi-mədəni, ictimai-siyasi mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaq.

   30 illik işğal dövründə çətinlik şəraitində yaşayan  soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri işlər görülür. Bunun üçün hazırda vətəndaşlarımızın qayıtdıqları  ünvanlarda  yaradılan şəraitə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev daim çıxışlarında vurğulayır ki, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar. Onların məşğulluğunun təmin edilməsi prioritet məsələlər sırasındadır.

    Sosial xidmətin təminatı üçün bu ərazilərdə də “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması qarşıda dayanan hədəflər sırasındadır. İlk “ASAN xidmət” Şuşa şəhərində  tikilib. Növbəti ünvan isə Füzulidir. Tarixi sahibinə qayıdan torpaqlarımız «ağıllı şəhər» və «ağıllı kənd» layihləri üzrə yenidən qurulur. Daim ilklərə imza atan Azərbaycan bu gün «ASAN xidmət», DOST layihələrinin davamı olaraq «ağıllı şəhər» və «ağıllı kənd» konsepsiyası ilə diqqətdədir. Cənab İlham Əliyev bu hədəfi də açıqlayır ki, gələcəkdə digər bölgələrimizdə də bu layihələr tətbiq edilə bilər.  Artıq ilk «ağıllı kənd»imiz olan Zəngilanın Ağalı kəndi sakinlərinə qovuşaraq yeni həyata başlayıb. Bu ilin sonuna qədər isə ilk «ağıllı şəhər» olan Ağdam sakinlərini qarşılayacaq.  

   Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər bir güllə atılmadan geri qaytarıldı. Ağdamla bərabər, Laçın və Kəlbəcər rayonları da geri qaytarıldı. «Biz onsuz da bu torpaqları azad edəcəkdik, ancaq müharibə davam etsəydi, çoxlu itkilər olacaqdı» söyləyən cənab İlham Əliyev bildirir ki, ona görə müharibəni vaxtında dayandırdıq, ancaq öz siyasətimizdən bir addım geri atmadıq. Ondan üç il sonra tam nəzarəti ələ götürdük, suverenliyi, ərazi bütövlüyümüzü bərpa etdik və bu gün separatizmin kökü kəsildi. Bu gün burada insanlar rahat yaşayacaqlar. Ermənistan 30 il ərzində hər vəchlə çalışırdı ki, bir santimetr torpaq da bizə qaytarılmasın. Onun arxasında duran xarici qüvvələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi nəzərə almamışdılar, o da Azərbaycan dövlətinin gücü, iradəsi, cəsarəti və Ordumuzun qəhrəmanlığıdır.

    Arxada qalan hər gün bizi Böyük Qayıdış Proqramının icrasının  vaxtından əvvəl başa çatdırılmasına yaxınlaşdırır.  Azərbaycanın iqtisadi imkanları hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Azərbaycan bu gün təkmil dirçəliş modeli, eyni zamanda, müasir şəhərsalma təcrübəsi ilə dünyanın diqqətindədir. Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsinə həsr edilən, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən forumlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin ev sahibliyi özündə bütün məqamları ehtiva edir.

   Dövlət başçısı İlham Əliyev Böyük Qayıdış Proqramının uğurlu icroası ilə bağlı bugünümüzün reallığını «İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır» fikirləri ilə ifadə etdi.  Bu qayıdışla bərabər, cənab İlham Əliyev belə bir çağırışı da səsləndirdi ki, Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.

Qeyd etdiklərimiz  belə bir ümumiləşdirməyə əsas verir ki, Böyük Qayıdış Proqramı uğurla icra edilir. Proqramın birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək bu torpaqlara qayıdacaq sakinlərin sayının 140 min nəzərdə tutulması təbii ki, görülən bərpa-quruculuq işlərinin sürətinə, qayıdış ünvanlarının sayının günbəgün artmasına əsaslanır. İndiyədək 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışının reallaşdırılması qarşıdakı dövrün  mənzərəsini təqdim edir. Görülən işlər Azərbaycan xalqının necə  qurucu xalq olduğunu nümayiş etdirir. Bu torpaqların sahibi olaraq Azərbaycan bütün işləri öz daxili imkanları hesabına həyata keçirir.  Böyük Qayıdışla bağlı qəbul edilən Dövlət Proqramına uyğun ilk olaraq vacib sosial obyektlərin açılması göstərir ki, Azərbaycan xalqı öz soy-köklərinə və doğma torpaqlarına bağlıdır. Cənab İlham Əliyevin bu rayonlara hər bir səfəri xeyli sayda kəndlərin təməlqoyma mərasimlərinin, eyni zamanda, bərpadan sonra sakinlərini qarşılaması ilə  diqqətdə olur.  Prezident İlham Əliyevin  “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında  Sərəncamı Böyük Qayıdışın davamlılığının təçmin edilməsinə xidmət edir. Sərəncamda da qeyd edildyi kimi, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çeviririb.

Yeganə Əliyeva, "İki sahil"