11 iyul 2025 14:57
157

“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun iki tələbəsinə ombudsmanın xüsusi təqaüdü veriləcək

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün insan hüquqları üzrə müvəkkilin (ombudsman) xüsusi təqaüdü təsis edilib.

“İki sahil” xəbər verir ki, bu barədə universitetdən məlumat verilib. Təqaüdün təsis edilməsi ombusdman Səbinə Əliyevanın müraciəti əsasında reallaşıb və BDU -nun Elmi şurası bununla bağlı qərar qəbul edib.

BDU və Ombudsman Aparatı arasında əməkdaşlıq bir sıra mühüm istiqamətləri əhatə edir. BDU-nun Hüquq fakültəsində bakalavriat və magistratura səviyyələrində təhsil alan gənclərin Ombudsman Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi keçmələrinə şərait yaradılır. Eyni zamanda, elmi dərəcə və zəngin təcrübəyə malik Ombudsman Aparatı əməkdaşlarının BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğul olmalarına imkan verilir. Bu əməkdaşlığın davamı kimi “Konstitusiya və Suverenlik İli” çərçivəsində cari tədris ilində yüksək akademik göstəricilərlə fərqlənmiş hüquqşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan iki tələbəyə (hər ixtisas üzrə bir nəfər olmaqla) ombudsman tərəfindən xüsusi təqaüdün ayrılması nəzərdə tutulur.

Bu təşəbbüs tələbələrin, eləcə də magistrantların insan hüquqları sahəsində ixtisaslaşmasına, bu istiqamətdə elmi araşdırmaların aparılmasına təkan verəcək.