11 iyul 2025 16:46
218

“Şahbağı” mağazası fəaliyyətə başladı: Quru meyvə və şirniyyat bolluğu

Sədərək Ticarət Mərkəzi Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olaraq, təkcə ölkəmizin daxilində deyil, onun hüdudlarından kənarda da geniş tanınır. Hər keçən gün böyüyən, yeniləşən və inkişaf edən bu ticarət məkanı sahibkarların və alıcıların etimadını qazanmağı bacarıb. Alıcı məmnuniyyətini əsas prioritet kimi müəyyən edən sahibkarlar öz fəaliyyətlərini də bu prinsiplər üzərində qururlar. Bu səbəbdən ticarət mərkəzində mütəmadi olaraq yeni və müxtəlif çeşidli mağazalar açılır.

Bunu “İki sahil”ə açıqlamasında Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim deyib.

O bildirib ki, bu gün isə Sədərək Ticarət Mərkəzində daha bir möhtəşəm mağaza - “Şahbağı” fəaliyyətə başlayıb. Yeni mağaza quru meyvə və şirniyyatların topdan və pərakəndə satışı ilə məşğul olacaq. Müştərilərə həm yerli, həm də müxtəlif ölkələrin məhsulları təqdim ediləcək, lakin əsas üstünlük yerli istehsala veriləcək.

Kəmaləddin Qədim qeyd etdi ki, “Şahbağı” mağazasının üstün cəhətlərindən biri də məşğulluğa verdiyi töhfədir - burada 20-dən artıq işçinin çalışacağı nəzərdə tutulur. Bu isə təkcə ticarətin deyil, həm də sosial-iqtisadi inkişafın bir göstəricisidir.