15 iyul 2025 16:05
141

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi BDU ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi il' Bakı Dövlət Universiteti (BDU)  arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU rektoru Elçin Babayev və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı imzalayıb.

“İki sahil” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə BDU təhsil, elmi-tədqiqat, innovasiya, insan kapitalının inkişafı, strateji kommunikasiya, davamlı inkişaf sahələrində əməkdaşlıq edəcək, çoxsaylı layihələr həyata keçirəcək.

Memorandum çərçivəsində milli iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə ortaq tədqiqatlar aparılacaq, Universitetin elmi potensialı Mərkəz tərəfindən aparılan islahatların təhlilində istifadə olunacaq. Universitetin tələbə və tədqiqatçıları üçün Mərkəzdə təcrübə proqramları, mentorluq, seminar və təlim proqramları təşkil ediləcək. Məlumat və resurs mübadiləsi çərçivəsində açıq məlumat bazalarının, analitik hesabatların və iqtisadi təhlillərin paylaşılması, strateji sənədlər və dövlət proqramlarının elmi əsaslandırılması məqsədilə tövsiyələrin hazırlanması, davamlı inkişaf, yaşıl iqtisadiyyat və sosial rifah mövzularında ekspert müzakirələri və dəyirmi masaların təşkili, rəqəmsal iqtisadiyyat sahəsində ortaq təşəbbüslər və pilot layihələrin, startapların dəstəklənməsi də əməkdaşlıq ediləcək sahələr sırasındadır.

Bununla yanaşı, tərəflər strateji kommunikasiya və ictimai rəyin öyrənilməsi üzrə də sıx əməkdaşlıq edəcəklər. Bu çərçivədə iqtisadi islahatların ictimai təsirlərinin öyrənilməsi üzrə sorğular və sosial tədqiqatların keçirilməsi, birgə məlumatlandırma kampaniyalarının təşkili nəzərdə tutulur.