2017-ci ilin yanvar-iyul aylarında həyata keçirilən texniki-geoloji tədbirlər nəticəsində hasilatın həcmi çoxalıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin bütün idarələri kimi, “Bibiheybətneft” NQÇİ-nin kollektivi də 2017-ci ilin yanvar-iyul aylarını əhatə edən dövrü yüksək texniki-iqtisadi göstəricilərlə başa vurub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, cari ilin ötən 7 ayında “Bibiheybət” yatağında həyata keçirilən tədbirlər nəticəsində hasilatın həcmində artım qeydə alınıb.
NQÇİ-nin rəisi Fəxri Haqverdiyevin sözlərinə görə, 2017-ci ilin yanvar-iyul aylarında neft-qaz hasilatı üzrə plan-tapşırıqlar artıqlaması ilə yerinə yetirilib. Plan üzrə 65605 ton neft hasilatı nəzərdə tutulduğu halda, faktiki 69607 ton neft hasil olunub. Plan 106,1 faiz yerinə yetirilib. Neft təhvili planına isə 106,7 faiz əməl olunub. Belə ki, 65370 ton neft təhvili nəzərdə tutulduğu halda, faktiki olaraq 69751,571 ton neft təhvil verilib.
Yanvar-iyul aylarında qaz hasilatı planı 136,8 faiz yerinə yetirilib. Plan üzrə 7 milyon 780 min kubmetr qazın hasil olunması nəzərdə tutulduğu halda, faktiki olaraq bu rəqəm 10 milyon 643 min kubmetrə bərabər olub. NQÇİ-də həmçinin plan üzrə 6 milyon 410 min kubmetr qaz təhvili nəzərdə tutulduğu halda, faktiki 9 milyon 274,156 min kubmetr qaz təhvil verilib. Plan 144,7 faiz yerinə yetirilib.
F.Haqverdiyev qeyd etdi ki, digər texniki-iqtisadi göstəricilər də yüksək olub. Ötən dövr ərzində 220 quyuda texniki tədbir nəzərdə tutulduğu halda, faktiki olaraq 290 quyuda texniki tədbir aparılıb. Nəticədə 960 tona qarşı, 1096 ton neft hasil olunub. Bununla yanaşı, 87 quyuda geoloji tədbir nəzərdə tutulduğu halda, faktiki olaraq 96 quyuda geoloji tədbir aparılıb. Nəticədə 4795 tona qarşı, 6298 ton neft hasil olunub. Qeyd edək ki, iyul ayında “Bibiheybət” yatağındakı quyularda 378 yeraltı, 8 əsaslı təmir işləri yerinə yetirilib.
NQÇİ-nin rəisi ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdən danışdı. Bildirdi ki, SOCAR-ın hazırladığı “Ətraf mühitin mühafizəsi üzrə 2017-ci ilin Tədbirlər Planı” ilə bağlı “Bibiheybətneft” NQÇİ-də təmiz ekoloji mühitin yaradılması işləri davam etdirilir. Belə ki, ötən dövrdə NQÇİ ərazisində bir sıra sahələrdə torpaqlanma işləri aparılıb. Bununla yanaşı, zeytun, evkalipt ağacı və müxtəlif növ gül kolları əkilib. “Azneft” İstehsalat Birliyi ilə “Ekol Mühəndislik Xidmətləri” QSC arasında bağlanan müqaviləyə əsasən ərazidə əkilmiş ağac və gül kollarına, həmçinin çəmənliklərə aqrotexniki qulluq göstərilir.
Nail Rəhimzadə, “İki sahil”