17 iyul 2025 18:01
114

89 yaşlı atasını döyərək öldürən şəxsə 9 il həbs cəzası verilib

Bakıda atasını döyərək öldürməkdə təqsirləndirilən Emin Rəhimovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

“İki sahil” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Emin Rəhimova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, hadisə ötən ilin aprelin 14-də baş verib. Belə ki, 1935-ci il təvəllüdlü İsmayıl Rəhimovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla 1969-cu il təvəllüdlü Emin Rəhimov martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimova baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.