17 avqust 2017 14:19
803

Qarpızın tumları da faydalı imiş

İnsanlar qarpızı sevsələr də, adətən onun tumlarını atırlar. Bu tumların insan sağlamlığına faydası haqqında çox adam bilmir. Qarpızın tumlarını bütöv halda udmaq yox, əzərək çay hazırlayıb içmək, yaxud çeynəyib yemək lazımdır.

Qarpızın tumunda olan liflər həzm prosesinin normal fəaliyyəti üçün əhəmiyyətlidir. Onlar, həmçinin insanı parazitlərdən qoruyur. Orqanizmin bağırsaq qurdlarından təmizlənməsi üçün ilıq süddə həll edilmiş qarpız toxumlarının tozundan istifadə edə bilərsiniz. Bir həftə ərzində səhər və axşam qəbul edilir.

Tumlarda olan sitrullin maddəsi antioksidant təsiri göstərərək damarların genişlənməsinə və arterial təzyiqi aşağı salmağa kömək edir. Tədqiqatçıların fikrincə, qarpızın tumları böyrəklər üçün də çox faydalıdır. Təzə qarpız tumlarından hazırlanan çay sidikqovucu təsirə malikdir. Qarpız tumları yaddaşı yaxşılaşdırmağa da qadirdir.

Qarpız tumlarından çay hazırlamaq üçün 4 xörək qaşığı təzə döyülmüş tumun üzərinə 2 litr su əlavə edilir və 15 dəqiqə ərzində dəmlənilir. Bunun üçün qarpız ekoloji cəhətdən təmiz olmalıdır. Öz bağ sahənizdə yetişdirilmiş qarpızlardan istifadə etməyiniz daha məqsədəuyğundur.