28 iyul 2025 17:52
139

Milli Məclisdə gürcü parlamentarilərlə görüş olub

İyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə bildirilib ki, komitənin sədri Şahin İsmayılov Azərbaycan və Gürcüstan arasında, xüsusilə də hər iki ölkənin dövlət və parlament rəhbərləri səviyyəsində mövcud olan dostluq və müttəfiqlik münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərdiyini söyləyib. O, milli-mənəvi dəyərlər əsasında formalaşan gəncliyin ölkənin sabit və davamlı inkişafının əsas təminatçısı olduğunu vurğulayaraq, bu baxımdan hər iki ölkənin müvafiq komitələri arasında əməkdaşlığın Azərbaycan və Gürcüstan gənclərinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Gürcüstan parlamentinin Təhsil, elm və gənclər komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadze dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən Gənclər Forumunun Azərbaycanda böyük uğurla təşkil olunduğunu vurğulayıb. Forum iştirakçılarının tədbirdən yüksək məmnunluq duyduqlarını qeyd edən Çakvetadze analoji Forumun gələn ay Gürcüstanda da keçiriləcəyini söyləyib.

Görüşdə Gənclər və idman komitəsinin üzvləri Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı və Mahir Süleymanlı çıxışlarında vurğulayıblar ki, Azərbaycanla Gürcüstan arasında uzun tarixi keçmişə əsaslanan münasibətlər bu gün həm iqtisadi, həm də siyasi sahələrdə uğurla inkişaf edir. Deputatlar gələcəkdə parlamentlərarası əməkdaşlığın birgə layihələr çərçivəsində daha da dərinləşəcəyinə əmin olduqlarını qeyd ediblər.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.