30 iyul 2025 00:39
144

Fransa Ermənistandakı revanşizmin əsas ruporudur

Bu ölkənin Milli Assambleyasının anti-Azərbaycan təşəbbüsləri  haylara ayı xidməti göstərməkdir

Bu gün Fransa Prezidenti Emmanuel Makron və onun  rəhbərlik etdiyi dövlət beynəlxalq aləmdəki nüfuzunu hər gün itirməkdədir.  Hətta ötən günlərdə ABŞ Prezidenti Donald Tramp : «Makron yaxşı oğlandır, amma sözünün çəkisi yoxdur»deməsi bu həqiqəti bir daha təsdiqlədi.  Bəli, bir vaxtlar ədəbiyyat, mədəniyyət və elm mərkəzi kimi tanınan Fransa bu gün öz vətəndaşlarına qarşı zorakılıq, qeyri-demokratik davranışlarla gündəmdədir.  Makron hakimyyəti dövründə Fransada qaradərililərə və miqrantlara qarşı bir faşist əhval-ruhiyyəsi formalaşıb. Bütün bunlar isə Fransanı dünyanın məşhur KİV-lərinin manşetlərinə çıxarıb. Məsələn, ötən il İspaniyanın ABC nəşrində yer alan məqalədə Makron ən təcrid olunmuş prezident kimi səciyyələndirilib: «Şəxsi qərarlarının qurbanı olan Emmanuel Makron Fransanın davamlı hal almaq riski daşıyan institusional iflicini dərinləşdirir və ən təcrid olunmuş dövlət başçısına çevrilir.»

Görünən odur ki, əslində Fransanın Avropanın ən elitar və demokratik bir cəmiyyətə malik olması haqqındakı deyilənlər də sadəcə blef imiş. Bu ölkənin nəinki prezidenti, hətta  parlamentariləri də ikili standartları və ermənipərəstlikləri ilə dəfələrlə haqsız qərarlar və təşşəbüslərlə çıxış ediblər.  Xüsusilə onların anti-Azərbaycan fəaliyyətləri davamlı olaraq genişlənir və ölkəmizin uğurlarına qısqanclıqları və qərəzləri vulkan kimi püskürür.

Fransa Milli Assambleyası iyulun 22 –də daha bir anti-Azərbaycan qərarı ilə riyakarlıqlarını açıq şəkildə birüzə verdilər. Belə ki, qatı azərbaycanofob və türkofob baxışları ilə seçilən deputatlar - Fransa Milli Assambleyasındakı «Sağ Respublikaçılar» qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən «Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan «artsax» siyasi məhbuslarının azad edilməsini tələb etmək məqsədini daşıyan» Avropa Qətnaməsi təşəbbüsü irəli sürülüb.  Bu təşəbbüs   Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə dair  ciddi  və həssas müzakirələrin getdiyi bir dövrdə irəli sürürlürsə məqsəd aydındır: sülh prosesinə mane olmaq, prosesi dayandırmaq.

Diqqətlə analiz edəndə aydın görmək olur ki,  bu təşəbbüsdə ermənipərəstlik pik nöqtəyə çatdırılıb. Bəs təşəbbüsdə nələr yer alıb? Məsələn,  hətta rəsmi İrəvanın belə qadağan etdiyi «Artsax» ifadəsi yenidən gündəmə gətirilir. Avantürist təşəbbüsdəki  digər məsələ  Qarabağdan könüllü gedən erməni sakinlərlə bağlıdır. Onların Qarabağa qayıtması gündəmə gətirilir. Burada fransız depututların hərəkətləri onların Papadan artıq katoloik olmaq niyyətlərini ortaya qoyur.  Axı hətta Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bu məsələnin gündəmdən çıxarıldığını parlamentdəki hesabat çıxışlarında da bildirib.

Onların avantürist təşşəbüslərində yer alan başqa bir amil isə Bakıda məhkəməsi keçirilən və terrorçuluqda ittiham olunan erməni separatçıların azad edilməsidir. Bu riyakar parlamentarilər Azərbaycanın ədalət məhkəməsi qarşısında mühakimə olunan terrorçu və separatçıları  «siyasi məhbus» kimi qələmə verilirlər. Onlar hələ də anlamaq istəmirlər ki, əlləri minlərlə azərbaycanlının qanına batmış bu qatillər öz haqlı cəzalarını almağa məhkumdurlar. 

Əslində bu deputatlar Azərbaycan məhkəmələrinə təzyiq etməklə erməni lobbisinə ayı xidməti göstərirlər. Fransalı deputatlar məhkəmə prosesini «qondarma» adlandırmaqla bir daha ölkəmizə qarşı qərəzlərini ifadə ediblər. Halbuki, ittiham olunan şəxslərin hər biri vəkillə, tərcüməçi ilə təmin ediliblər və hər hansı bir şikayətlə çıxış etməyiblər. Hətta məhkəmə prosesində yüzlərlə şahid və erməni terrorunun qurbanı olan şəxslər ifadə verirdikləri halda terrorçular törətdikləri cinayətləri  təkzib belə edə bilmirlər.

 Burada bir məqama da diqqət yetirmək lazımdır ki, Azərbaycana  yönəlik atılan bu kimi riyakar addımlarda bir-biri ilə əlaqəli olan ölkələrin  bəzi ünsürləri bir şəbəkədən idarə olunurlar.  Ermənpərəstlikdə  ad çıxaran həmin şəbəkənin İsveçrə, Belçika və Fransa parlamentlərində, eləcə də ABŞ Konqresindəki varlıqları və onların anti-Azərbaycan təşşəbüsləri Cənubi Qafqazdakı sülh gündəliyini pozmağa hesablanıb. Maraqlıdır ki, ölkəmizə qarşı bu qərəzli qətnamələr və təşəbbüslər məhz  Nikol Paşinyanın Brüsselə və Fransaya səfərindən dərhal sonraya təsadüf edir.

Ümumiyyətlə, Azərbacanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Fransanı ciddi narahat edir.  Ən dəhşətlisi isə odur ki, «Ermənistanın böyük bacısı» kimi tanınan bu Avropa ölkəsi açıq şəkildə Azərbaycanı öz ərazilərini işğaldan azad etməkdə günahlandırır. Əslində, Azərbaycan Ordusunun son 5 ildəki tarixi  zəfərləri təkcə Ermənistanın deyil, həm də Fransanın məğlubiyyəti idi. Postmüharibə dövründə Azərbaycan dövləti haqlı olaraq ermənipərəst Fransanı Cənubi Qafqazla bağlı proseslərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasına dair danışıqlardan uzaqlaşdırmaqla əslində Parisin qlobal səviyyədə Azərbaycana qarşı bütün riyakar planlarını fiaskoya uğratdı. Ən mühümü isə odur ki, Azərbaycanın neokolonializmə qarşı başlatdığı yeni ədalətli proses Fransanın müstəmləkəçilik siyasətinə böyük zərbə vurdu. Bu  isə onun Afrikadan qovulması ilə nəticələnir. Artıq Afrikada Fransa əleyhinə başlayan azadlıq mübarizəsinə qoşulan ölkələrin sayı hər il daha da artır.

Bu, bir həqiqətdir ki, indiyə qədər Fransa Senatı və  Milli Assambleyası  ölkəmizi  hədəfə alan, Ermənistanın işğalçı siyasətinə dəstək verən bir neçə sənəd qəbul edib. Lakin  həm Prezident İlham Əliyevin müdrik və prinisipal siyasəti, həm də xalqımızın qətiyyəti  sayəsində həmin sənədlər bir kağız parçasına çevrilib.  Onu da qeyd edək ki, Milli Assambleyada irəli sürülmüş qətnamədə öz əksini tapan tezislərdən Fransa mətbuatında ölkəmizə qarşı aparılan qaralama kampaniyası çərçivəsində də istifadə edilir. Bu, bir daha onu təsdiq edir ki, Azərbaycana qarşı aparılan riyakar kampaniyanın arxasında Emmanuel Makronun administrasiyası dayanır. 

Ümumiyyətlə, bu bədbəxt haylar özlərini müstəqil dövlət kimi görməkdən çox, hansısa ölkənin vassalı kimi hiss etməyə həvəslidirlər. Belə ki, son bir neçə ilədək Rusiyanın forpostu olan Ermənistan indi də  Fransanın nökəri rolunda çıxış edir. Nikol Paşinyan hakimiyyətindəki ant-Rusiya cəbhəsi indi özlərini Fransanın çətir altında daha rahat hiss etdiklərini düşünürlər.

Digər bir qəbuledilməz məqam isə odur ki, Fransa Ermənistana silah ixrac etməklə və erməni revanşistlərini həvəsləndirməklə Qafqazda mövcud olan həssas və kövrək duruma  zərbə vurmağa çalışır. Təbii ki, Azərbaycanın qüdrəti və regionda söz sahibi olması Fransanın bu avantürasının davam etməsinə imkan verməyəcək. Hətta ölkəmiz bundan sonra  nəinki , Fransanı Cənubi Qafqaza yaxın buraxmayacaq, hətta  bu ölkənin işğal altında saxladığı dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsinə dəstək verəcək.

Elçin Zaman, «İki sahil»