30 iyul 2025 15:47
115

11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır

Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən indiyədək 14 yeni bağça istifadəyə verilib, 3 müəssisə əsaslı təmir olunub.

“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Şöbə müdiri bildirib ki, bağça infrastrukturunun inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır: “2025-2026-cı tədris ilində isə daha 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır.

Dövlət məktəbəqədər müəssisələrində optimallaşdırma prosesi həyata keçirilir. Növbəsi olmayan və boş qruplar bağlanır, əvəzində ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır. İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlbi proqnozlaşdırılır”.