31 iyul 2025 11:48
134

Qurumuş ağaclardan biri 9 yaşlı qızın üstünə aşıb - VİDEO

Bakının Mərdanov qardaşları 117 ünvanında məskunlaşan keçmiş məcburi köçkünlər narahatlıq içərisindədirlər.

“İki sahil” AzTV-yə istinadla xəbər verir ki, buna səbəb məhəllədə yerləşən baxımsız ağacların yaratdığı təhlükədir. 

Sakinlər bildirib ki, azacıq yel əsəndə qırılıb düşən budaqlardan biri 9 yaşlı Mədinənin üzərinə aşıb. Azyaşlı həmin gündən hələ də hadisənin təsirindədir:

“Ağac üzərinə düşdükdən sonra uşaq qorxdu. Biz o vaxt gələndən bu ağaclar buradadır. Bir az külək əsən kimi, qorxudan yata bilmirik ki, ağac evlərin üstünə aşacaq”.

Vətəndaşların sözlərinə görə, aidiyyəti qurumlar yalnız hadisə baş verəndən sonra ərazidə budama işləri aparır: “Bu ağaclar çox təhlükəlidir, qurumlara müraciət edirik, gəlib təmizləyirlər sonra çıxıb gedirlər”. 

4-cü mikrarayon Mir Cəlal küçəsi 38-ci ünvanının sakinləri də eyni problemlə qarşı-qarşıyadır. 

Onlar bildirib ki, aidiyyəti qurumlar onların ünvanını unudub: “60 ilin ağaclarıdır, bu ağaclar çox təhlükəlidir. Uşaqların üstünə düşsə, kim cavab verəcək?!”

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyindən isə bildirilib ki, şəhər ərazisində monitorinqlər aparılır: “Budamaya ehtiyacı olan ağaclar müəyyən edilərək işlər həyata keçirilir. Budama işləri adətən payız mövsümündə aparılır”.