1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli kimliyini, dövlətçiliyini və mədəniyyətini təcəssüm etdirən mühüm tarixdir. Ana dilimiz əsrlər boyu milli varlığımızı qoruyub saxlamış, bizi bir xalq kimi birləşdirən ən böyük dəyər olmuşdur. Sovet dövründə milli dillərin sıxışdırıldığı çətin illərdə Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi nəticəsində Azərbaycan dili qorunmuş, 1978-ci ildə dövlət dili kimi Konstitusiyada təsbit edilmişdir.Müstəqillik illərində bu siyasət davam etdirilmiş, 1995-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dilimiz kimi rəsmiləşdirilmiş, 2001-ci ildə isə 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmişdir. 2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun dilimizin qorunması və inkişafı üçün mühüm hüquqi baza yaratmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə qəbul edilən dövlət proqramları Azərbaycan dilinin saflığının qorunması, zənginliyinin və tətbiqinin daha da genişlənməsinə xidmət edir.Azərbaycan dili zəngin söz ehtiyatı və ahəngi ilə dünya dilləri içərisində xüsusi mövqeyə malikdir. Bu dili qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur. 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü dilimizə olan sevgimizin və milli kimliyimizə sadiqliyimizin təntənəsidir.
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı