Ağdam rayonunun Quzanlı qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd edilib ki, xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilən Mərkəz ay ərzində 50-dək uşağa xidmət göstərəcək. Burada mütəxəssislər tərəfindən əlilliyi olan, həmçinin digər həssas qruplara aid uşaqlara psixoloji, pedoqoji, loqopedik və aktiv terapiya xidmətləri göstərilir.
Mərkəzdə uşaqların həm fərdi, həm qrup şəklində sosial-reabilitasiya xidmətlərinə cəlb edilməsi, valideynlərinin isə uşaqları ilə bağlı valideyn bacarıqlarının artırılması istiqamətində təlimlərə cəlbi nəzərdə tutulur.
Xatırladaq ki, hazırda ölkə üzrə Sosial Xidmətlər Agentliyinin 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir. Bu mərkəzlərdə ötən dövrdə 1059 nəfər sosial-psixoloji reabilitasiya xidməti ilə təmin edilib. Hazırda 239 nəfər müvafiq xidmətlərdən yararlanır.