09 avqust 2025 10:15
114

Kitab sərhədləri aşan universal dildir

Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir

Kitab, yalnız kağız üzərindəki sözlər toplusu deyil; o, bəşəriyyətin intellektual arxividir. Tarixi baxımdan kitab mədəniyyətin inkişaf göstəricisi, sosial dəyişikliklərin katalizatoru və fərdi düşüncənin formalaşdırıcısı rolunu oynayıb. İqtisadi inkişaf səviyyəsi yüksək olan ölkələrdə kitab oxuma göstəricilərinin də yüksək olması təsadüfi deyil. Bu, təhsil, mədəniyyət və sosial şüur arasındakı birbaşa əlaqəni sübut edir. 9 avqust - Beynəlxalq Kitabsevərlər Günü  də məhz bu əlaqəni vurğulayan simvolik bir tarixdir. O, cəmiyyətin oxu vərdişlərini xatırladır, kitabın həm fərdi, həm də kollektiv inkişafdakı rolunu gündəmə gətirir.

Kitabın tarixi insan mədəniyyətinin tarixi ilə demək olar ki, eyni vaxtda başlayır. Qədim Misir kahinləri papirus üzərində yalnız dini mətnləri deyil, gündəlik həyatla bağlı bilgiləri də qeyd edirdilər. Onlar inanırdılar ki, yazı  ölməzliyin açarıdır. “Yazılan qalır” ifadəsinin kökləri də buradan gəlir. Daha sonra yunanlar və romalılar kitabı mədəniyyətin əsas sütunlarından birinə çevirdilər. İsgəndəriyyə Kitabxanası kimi mərkəzlər bəşəriyyətin o zamana qədər topladığı bilikləri qoruyurdu. Amma o dövrdə kitab nadir idi, yalnız varlı təbəqə və elm adamlarının əlinə keçirdi. Bütün bunlar XV əsrdə dəyişdi. Alman ixtiraçı İohann Quttenberq çap dəzgahını yaratdı və kitabı kütlələr üçün əlçatan etdi. Bu, sadəcə texniki bir yenilik deyildi, maarifçiliyin, elm inqilabının və sosial dəyişikliklərin başlanğıcı idi. İnsan artıq yalnız dinin və feodalların dedikləri ilə kifayətlənmirdi; oxuyur, öyrənir, suallar verirdi.

Müasir dünyada kitab bazarı nəhəng bir sənayeyə çevrilib. Beynəlxalq Nəşriyyat Assosiasiyasının məlumatına görə, qlobal kitab sənayesinin illik həcmi 150 milyard ABŞ dollarından çoxdur. Ən çox kitab oxuyan ölkələr arasında isə  illərdir Skandinaviya ölkələri ön pillədədir. Finlandiyada bir insan ildə orta hesabla 16 kitab oxuyur. İslandiyada hər 10 nəfərdən biri həyatında ən az bir dəfə kitab nəşr etdirir, bu, dünyada ən yüksək göstəricidir.  Yaponiyada kitab mağazalarının sayı təxminən 12 mindir və metrolarda belə kitab avtomatları quraşdırılıb. Fransada kitab sərgiləri ildə 3 milyondan çox ziyarətçi cəlb edir. Cənubi Koreyada hökumət məktəblərdə oxu saatlarını məcburi edib.

Bu statistika göstərir ki, kitab oxumaq mədəniyyətlə, təhsil səviyyəsi ilə və sosial şüurla birbaşa əlaqəlidir. Oxuyan cəmiyyətlər tənqidi düşüncəni, empatiyanı və yaradıcılığı daha yüksək səviyyədə inkişaf etdirir. Kitab təkcə müəlliflə oxucu arasında deyil, fərqli mədəniyyətlər arasında da körpü yaradır. Əgər tərcümə olmasaydı, biz heç vaxt Şekspirin sözləri ilə tanış olmazdıq, Konfutsinin fəlsəfi təlimləri Qərb dünyasına çatmazdı, Servantesin “Don Kixot”u isə yalnız ispan dilində yaşayan bir mətn olaraq qalardı. UNESCO-nun “World Translation Index” məlumatına görə, dünyanın ən çox tərcümə edilən yazarı Aqata Kristidir. Onun əsərləri yüzdən çox dilə çevrilib və dünyanın hər yerində milyonlarla oxucuya çatıb. Bu fakt bir daha göstərir ki, kitab millət tanımır; o, sərhədləri aşan universal dildir.

XXI əsrin əvvəllərində bəziləri “Elektron kitablar kağız kitabı öldürəcək” deyirdi. Amma reallıq tam fərqli oldu. Bəli, Kindle, Scribd, Audible kimi platformalar kitab oxumağı daha rahat və əlçatan etdi. 2024-cü ildə elektron kitablar qlobal bazarın təxminən 25%-ni təşkil etdi, audio kitablar isə son 5 ildə illik 20%-lik artım göstərdi. Lakin paradoksal bir fakt var: bütün bu rəqəmsal yüksəlişə baxmayaraq, kağız kitab satışları sabit olaraq qalır. Çünki bir çox oxucu üçün kitabın qoxusu, səhifə çevirərkən çıxan xışıltı, əlinə aldığı fiziki hiss heç nə ilə əvəz olunmur. Deməli, texnologiya formatı dəyişə bilər, amma kitabın mahiyyəti qalır.

Elm adamları sübut ediblər ki, mütəmadi oxumaq insan beynində bir növ “idman” rolunu oynayır. 2013-cü ildə “Science” jurnalında dərc olunan bir araşdırma göstərdi ki, ədəbiyyat oxuyan insanların empatiya qabiliyyəti daha yüksəkdir və onlar başqalarının duyğularını daha yaxşı anlayır. Oxumaq sadəcə boş vaxtı doldurma vasitəsi deyil; o, insan zehnini formalaşdıran, dünyagörüşünü genişləndirən və daxili aləmini zənginləşdirən ən güclü intellektual məşqlərdən biridir. Bir çox alimlər, filosoflar və psixoloqlar kitab oxumağın insan həyatına təsirlərini araşdıraraq, onun həm fərdi inkişaf, həm də sosial münasibətlər baxımından mühüm rol oynadığını təsdiqləyiblər.

Belə ki, 2009-cu ildə University of Sussex tərəfindən aparılan tədqiqat göstərib ki, oxu zamanı beynin dil, təsəvvür və fokuslanma ilə bağlı mərkəzləri aktiv olur, bu da ürək döyüntüsünü yavaşladır və əzələlərdəki gərginliyi azaldır. Maraqlısı odur ki, musiqi dinləmək və ya gəzintiyə çıxmaq da stresi azaldır, amma oxu daha qısa müddətdə və daha dərin rahatlama verir. "Neurology" jurnalında dərc olunan uzunmüddətli müşahidə araşdırmaları göstərib ki, mütəmadi olaraq beyni intellektual fəaliyyətə məruz qoymaq (oxu, yazı, riyazi tapşırıqlar) sinir hüceyrələri arasında yeni əlaqələr yaradır. Bu, “koqnitiv rezerv” adlanır və yaşlandıqca yaddaş itkisini ləngidir. Oxuma vərdişi olan insanlarda Alzeymerin simptomları 30-50% daha gec ortaya çıxa bilir. Dil öyrənmənin və nitqin inkişafının ən güclü yollarından biri passiv söz toplamaqdır. Oxu zamanı kontekstdə öyrənilən sözlər daha qalıcı olur. "Cognitive Psychology" jurnalında gedən araşdırmalar göstərib ki, mütəmadi oxuyan insanların söz ehtiyatı, nitqin axıcılığı və fikrini aydın ifadə etmə qabiliyyəti oxumayanlardan əhəmiyyətli dərəcədə yüksəkdir.

Göründüyü kimi, 9 avqust  - Beynəlxalq Kitabsevərlər Günü bizə sadəcə “oxu” demir. O, həm də deyir ki, oxuduqlarını paylaş, öyrəndiklərini tətbiq et, sözün gücünə inan. Kitab yalnız şəxsi inkişaf vasitəsi deyil, həm də kollektiv yaddaşın qoruyucusudur. Bu gün həyatın sürəti içində, sosial şəbəkələrin gurultusunda bir an dayanıb kitab səhifəsi çevirmək, bəlkə də öz daxili səsimizi yenidən eşitməyin yeganə yoludur. Çünki dünya dəyişir, texnologiya inkişaf edir, amma söz  insan ruhunun əbədi kodu olaraq qalır.

Nigar Orucova, “İki sahil”