Hazırda dadlı pizzanı təkcə İtaliyada deyil, dünyanın hər bir ölkəsində yemək mümkündür. Pizza həvəskarlarına onun hazırlanması, tarixi və s. ilə bağlı maraqlı faktları təqdim edirik.
İlk pizza evi XVIII əsrdə Neapolda açılıb. Hazırda da fəaliyyət göstərən bu məkan elə ilk adını (“Antica”) qoruyub saxlayıb.
Pizzanın ilk dəfə İtaliyada hazırlanması mübahisəli məsələdir. Norveçlilər hesab edirlər ki, ilk dəfə pizzanı vikinqlər hazırlayıblar. Bu məşhur yeməyin ilk dəfə misirlilər və yunanlar tərəfindən hazırlanması versiyası da var.
Dünyada bu günə qədər hazırlanmış ən böyük pizza isə heç bir mübahisəsiz Norvud şəhərinin sakinlərinin hazırladığı pizza hesab olunur. Onlar 1990-cı ildə 37,4 metr ölçüdə böyük bir pizza hazırlamışdılar.
Ən bahalı pizza isə Aqropoli şəhərində hazırlanmış “XIII Lüdovik” adlı pizza olub. Onun qiyməti 8300 avro təşkil edib. Tərkibi isə xüsusi un və Avstraliyadan gətirilmiş qırmızı duzdan ibarət idi.
Roma şəhərində restoranlardan birində isə 3655 avro qiyməti olan pizza hazırlanmışdı. Pizzanı restoran sahibi öz həyat yoldaşı ilə “Müqəddəs Valentin” gününü qeyd edərkən sifariş etmişdi. Onun üzərində şampan şərabında isladılmış kürü, maral ətinin dilimləri, lobster var idi. Bu pizzaya “Royal 007” adı verilmişdi.
Duço Kreşi adlı bir kosmetoloq pizza qoxusu verən unikal ətir seriyası hazırlamışdı.
2010-ci ildə Kaliforniyada pizza yemək üzrə konkursda Coui Çestnat adlı yerli sakin 10 dəqiqə ərzində 45 pizza tikəsi yeyərək qalib gəlmişdi.
ABŞ-da 1987-ci ildə qəbul olunmuş qərara əsasən oktyabr ayı dövlət səviyyəsində”pizza ayı” elan edilib.
Pizza hazırlamaq üçün xüsusi “Let’s Pizza” adlı avadanlıq hazırlanıb. Bütün məhsulları onun içərisinə daxil etməklə, 3 dəqiqə ərzində qablaşdırılmış şəkildə hazır pizza əldə edə bilərsiniz. Tərkibini özünüz seçirsiniz və prosesi şüşənin arxasından izləmək mümkündür.
Nubar Süleymanova, “İki sahil”