15 sentyabr 2025 23:15
133

SOCAR tərəfindən neft-qaz hasilatı sahəsində kompleks tədbirlər həyata keçirilir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin yekunlarına dair hesabatını təqdim edib. Hesabatda SOCAR-ın fəaliyyəti, şirkətin missiyası, məramı, dəyərləri, təbii ehtiyatların kəşfiyyatı, işlənmə və hasilat əməliyyatları, təbii qazla təchizat və qazlaşdırma işləri, neft-qaz, neft-kimya məhsullarının emalı, maya dəyəri, mexanika və energetika, kapital qoyuluşu, əməliyyat satınalması və təchizat, elm, texnika və nanotexnologiyalar, insan kapitalı və inklüzivlik, sağlamlıq və əməyin təhlükəsizliyi, keyfiyyətə əminlik və nəzarət, enerji keçidi, ətraf mühit və dekarbonizasiya, nəqliyyat xidmətlərinin idarəedilməsi, sosial məsələlər yer alıb.

İşlənmə və hasilat əməliyyatları

Modelləşmə üzrə 2024-cü ildə əhəmiyyətli işlər görülüb. Hansı ki, “Günəşli” yatağının 3D geoloji-hidrodinamiki modeli yenilənib, faktiki hasilat məlumatları ilə hidrodinamiki modelin hasilat məlumatları eyniləşdirilib, bununla da modeldə qeyri-müəyyənliklər azaldılıb. Rezervuarın (Yatağın) geoloji xüsusiyyətləri, neftin və qazın paylanması və hasilat potensialı haqqında daha dəqiq məlumat əldə edilib. Yatağın modelləşdirilməsi prosesində yeni məlumatlar əsasında gələcək hasilat strategiyaları hazırlanıb. Yenilənmiş hidrodinamiki model qısa və uzun müddətli qərarların verilməsində (geoloji tədbirlərin aparılması, yeni qazılacaq quyuların yerinin proqnozunun analizi və s) əsas alətlərdən birinə çevrilib. Yatağın modelinin qurulması həm da ikinci təsir üsullarının tətbiqinin (suvurma) mümkünlüyünü araşdırmağa kömək edir. Suvurma üsulu ilə hasilatın artırılması üçün texniki-iqtisadi əsaslandırma aparılıb və pilot layihə icra edilib.

Hesabat dövründə yataqlarda təzyiqin saxlanması və neftin çıxarılmasının optimallaşdırılması məqsədilə suvurucu quyular işə salınıb. Layihənin ilkin mərhələsində hasilatda nəzərəçarpan artım müşahidə edilib, bu da metodun effektivliyini təsdiq edib. Belə ki, 2024-cü ildə “Günəşli” yatağında suvurma layihəsi intensiv şəkildə inkişaf etdirilib. Cari ildə “Günəşli” yatağında 11 suvurucu quyu fəaliyyətdədir ki, bunlardan 5-i 2024- cü il ərzində hasilat quyusundan suvurucu quyuya keçib və ya yeni horizonta qaytarılma edilib. İlin əvvəlində suvurmanın potensial həcmi 4200 m3 /gün, quyular üzrə isə 2700 m3 /gün-dür. İlin sonunda isə yeni nasosların quraşdırılması ilə suvurmanın potensial həcmi 8400 m3 /gün, quyular üzrə isə 3800 m3 /gün-ə kimi artırılıb. İl ərzində suvurmadan 61665 ton neft səmərə əldə olunub. 2025-ci ildən suvurmaya yeni quyuların qoşulması ilə vurma həcminin artırılması planlaşdırılır.

2024-cü ildə modelləşmə sahəsində digər uğurlardan biri də aparılmış seysmik işlərin interpretasiyasına əsasən “Neft Daşları” yatağının geoloji modelinin yenilənməsidir. Yatağın struktur xüsusiyyətlərinin dəqiq təhlili üçün 3D seysmik məlumatların toplanması və emalı həyata keçirilib. Yataq daxilində məhsuldar obyektlərin ayrılması və rezervuarların (horizontların) sərhədləri ilə bağlı daha dolğun məlumat əldə olunub. Bu da öz növbəsində, növbəti illərdə ehtiyatların hesablanmasına və dinamiki modelin işlənilməsinə təkan verəcək. “Günəşli” yatağından hasil olunan neft “Azneft” İB-nin hasilatının 60%-ni təşkil edir. Bu səbəbdən yatağın yüksək səviyyədə öyrənilməsi və işlənmə planının düzgün aparılması üçün 2024-cü il tarixində intensiv tədqiqat işlərinin aparılması qərarı verilib. “Halliburton” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb və 2024-cü ilin tədqiqat planı hazırlanıb. Bu sınaq işləri quyuların axın göstəricilərini, təzyiq rejimlərini və layların məhsuldarlıq xüsusiyyətlərini dəqiqləşdirmək məqsədi daşıyırdı. Ölçü işlərindən əldə edilən məlumatlar, xüsusən layların məhsuldarlıq qabiliyyəti və neft-qaz axını ilə bağlı nəticələr, yataqların modelləşdirilməsi işlərini təkmilləşdirmək üçün geniş istifadə edilib. Bu nəticələr modelin daha dəqiq və etibarlı olmasına, həmçinin gələcək hasilat strategiyalarının optimallaşdırılmasına şərait yaradıb.

Tədqiqat planı əsasında 2024-cü il ərzində 4 quyuda qeyd olunan şirkətlə işlər görülüb

Qazma sahəsində görülmüş işlər

2024-cü il ərzində qazma təşkilatları tərəfindən 70970 m, o cümlədən 68673 m istismar və 2297 m kəşfiyyat qazma işi aparılıb. 47 quyunun tikintisi qurtarılaraq sifarişçiyə təhvil verilib. Dəniz sahələrində ümumilikdə 20740 m qazma işi aparılıb, bunun 18443 m-i istismar, 2297 m-i isə kəşfiyyat qazması olub. 2024-cü il ərzində dənizdə tikinti ilə qurtaran 11 quyu sifarişçiyə təhvil verilib. Quru sahələri üzrə 50230 m istismar qazma işi aparılıb. 2024-cü il ərzində quruda tikintisi başa çatmış 36 quyu sifarişçiyə təhvil verilib. 2024-cü il ərzində dənizdə - “Bulla-Dəniz”, “Günəşli”, “Neft Daşları”, “Qərbi Abşeron” yataqlarında, quruda isə - “Pirallahı”, “Bibiheybət”, “Qaradağ” “Qalmaz”, “Zağlı-Zeyvə”, “Əmirxanlı” və “Sədan” yataqlarında qazma işləri aparılıb. Bunlardan yalnız “Bulla-Dəniz” yatağında istismar (118 nömrəli quyu) və kəşfiyyat (92 nömrəli quyu) qazması, qalan yataqlarda isə ancaq istismar qazması aparılıb.

“Kompleks Qazma İşləri” Tresti (KQİT) tərəfindən 44177 m qazma işi görülüb ki, bunun da hamısı istismar qazması olub. 2024-cü ildə Trest üzrə 41 quyunun tikintisi başa çatıb və sifarişçiyə təhvil verilib. O cümlədən “Neft Daşları-Günəşli” İstehsalat Bölümü üzrə 23, “Abşeron” İstehsalat Bölümü üzrə 15, “Sahil” İstehsalat Bölümü üzrə 3 quyu təhvil verilib.

“SOCAR-AQŞ” MMC tərəfindən 2024-cü il ərzində 9546 m istismar qazması, 2297 m kəşfiyyat qazması işləri aparılıb. 2024-cü il ərzində “Gulf-Drilling” FZE qazma şirkəti üzrə 2000 m qazma işi həyata keçirilib. İl ərzində kəşfiyyat qazması planlaşdırılmadığından əldə edilən qazma keçidinin hamısı istismar qazmasının payına düşür. Tikinti ilə qurtaran 2 quyu tamamlanaraq sifarişçiyə təhvil verilib. Hesabat dövründə “Glolynx” Azərbaycan qazma şirkəti tərəfindən 10750 m qazma işi aparılıb. İl ərzində kəşfiyyat qazması planlaşdırılmadığından əldə edilən qazma keçidinin hamısı istismar qazmasının payına düşür. Tikintisi qurtarmış 4 quyu qazılaraq sifarişçiyə təhvil verilib. 2024-cü il ərzində Qaz Anbarının genişləndirilməsi layihəsi çərçivəsində “DH” şirkəti tərəfindən 4497 m qazma işi görülüb. 2024-cü ildə tikintisi qurtaran quyu olmayıb. “SOCAR AQŞ” MMC tərəfindən “Bulla-Dəniz” yatağında 2024-cü il ərzində 6 saylı SDÖ-dən 118 nömrəli və 18 saylı SDÖ-dən 92 nömrəli quyularda qazma işləri davam etdirilib. “Günəşli” yatağında 8 saylı DDSÖ-dən 1 yan lülə quyusu (233a) qazılmaya başlanılıb. Qazılmasına 2023-cü ildə başlanılmış 7 saylı DDSÖ-dən 27 nömrəli quyuda da qazma işləri davam etdirilib.

KQİT tərəfindən “Günəşli” yatağında 2023-cü ildə 10 saylı DDSÖ-də qazma başlanıb 341a nömrəli yan lülə quyusu 2024-cü ildə qazılaraq təhvil verilib. “Neft Daşları” yatağında 8 quyunun qazılmasına başlanılıb və 8 quyu qazılaraq təhvil verilib. Bunlardan 2585 saylı meydançada 2 yan lülə quyusu (2581a və 2586a), 1887 saylı SDÖ-dən 3 yan lülə quyusu (2122a, 1898a və 1813a), 2387 saylı meydançada 2 quyu (2498 və 2499) və 1954a saylı EYM-dən 1 quyu (2497) qazılaraq istismara təhvil verilib. 2387 saylı SDÖ-dən qazılan 2503 və 1646 saylı SDÖ-dən qazılan 2088 nömrəli quyularda isə qazma işləri davam edir. “Qərbi Abşeron” yatağındakı 20 saylı DSÖ-dən 3 quyunun (161, 163 və 164) qazılmasına başlanılıb, 2 quyu (161 və 163) qazılaraq təhvil verilib. 164 saylı quyuda isə qazma işləri davam edir. “Pirallahı” yatağında 10 quyunun qazılmasına başlanılıb və 12 quyu tamamlanaraq istismara təhvil verilib. “Sədan” yatağında 3 quyunun qazılmasına başlanılıb, 4 quyu qazılaraq istismara təhvil verilib. “Zağlı-Zeyvə” yatağında 2 quyunun qazılmasına başlanılmış, 2 quyu qazılaraq istismara təhvil verilib. 1871 nömrəli quyuda isə qazma işləri davam etdirilir. “Əmirxanlı” yatağında KQİT tərəfindən 3 quyunun qazılmasına başlanılıb və 4 quyu qazılaraq istismara təhvil verilib. 1903 nömrəli quyuda isə qazma işləri davam etdirilir. “Bibiheybət” yatağında 8 quyunun qazılmasına başlanılıb və 8 quyu istismara təhvil verilib. “Glolynx” şirkəti tərəfindən “Bibiheybət” yatağında 2024-cü ildə 6 quyunun qazılmasına başlanılıb və 4 quyu istismara təhvil verilib. 3483 nömrəli quyuda isə qazma işləri davam etdirilir. “Gulf Drilling” FZE şirkəti tərəfindən 2024-cü ildə “Qalmaz” yatağında 1 quyuda qazma işlərinə başlanılıb, 2 quyu istismara təhvil verilib. Qaz Anbarının genişləndirilməsi layihəsi çərçivəsində “DH” şirkəti tərəfindən 2024-cü ildə “Qalmaz” yatağında 1 quyuda qazma prosesi başlanılıb və qazma işləri başa çatdırılıb. “Qaradağ” yatağında da 1 quyuda qazma başlanılıb və qazma işləri başa çatdırılıb. Hesabat dövründə qazma işlərində istifadə olunan texniki vasitələrin müasirləşdirilməsi, yeni və mütərəqqi texnologiyaların tətbiqi davam etdirilib. Qazma məhlulunun keyfiyyətli təmizlənməsində müasir tipli təmizləyici qurğuların istifadəsi daha geniş tətbiq edilib. Qazmada yüksək texniki-iqtisadi göstəricilərin əldə olunması məqsədilə müasir Drillmec, Bentech, ZJ-30, ZJ-40, ZJ-50 və ZJ-70 markalı qazma qurğularından istifadə edilib. Dərin quyuların qazılmasında yeni növ qazma qurğularının istifadəsi, yeni texnika və texnologiyanın, telemetrik sistemin, eləcə də yeni tipli qazma məhlullarının tətbiqinə şərait yaradır ki, bu da öz növbəsində, bir sıra qəza və mürəkkəbləşmələrin qarşısının alınmasına və böyük qazma sürətinin əldə olunmasına, quyuların daha keyfiyyətli və ucuz başa gəlməsinə səbəb olur. Bundan başqa “Azneft” İB-nin “Qazma mühəndisliyi və əməliyyatları” departamentinin mütəxəssisləri tərəfindən qazılmış quyular üzrə həftəlik və aylıq performans hesabatlarının tərtib olunması davam etdirilir, layihədən kənarlaşma hesabatları, baş vermiş qəza, mürəkkəbləşmələr və öyrənilmiş dərslər təhlil olunaraq, toplanır və növbəti quyularda bu kimi risklərin minimuma endirilməsi üçün qazma podratçıları ilə birgə araşdırmalar həyata keçirilir.

SOCAR-ın Baş ofisində yeni yaradılan Qazma, tamamlama və quyulara müdaxilə Departamentində bir sıra uğurlara nail olunub. Belə ki, bir sıra beynəlxalq şirkətlərdə olduğu kimi, quyu tamamlanmasına xüsusi yanaşma tətbiq olunmağa başlanılıb. Tamamlama üzrə mütəxəssislər tərəfindən yataqların tamamlanması metodlarının araşdırılması, korroziyaya qarşı inhibitorların istifadəsi və perforasiya işlərində uyğun duzlu məhlulların seçilməsi həyata keçirilir. SOCAR-da qazma məlumatlarının rəqəmsallaşdırılması məqsədilə “WellView” proqram təminatının tətbiqinə başlanılıb. SOCAR tarixində ilk dəfə icrasına başlanılan bu layihə hesabatlılıq və gələcək layihələndirmə işlərinin mükəmməlliyi baxımından çox vacib əhəmiyyətə malikdir. Departament tərəfindən qazma sahəsi üzrə Vahid Gündəlik Hesabat forması tərtib olunub, bütün qazma podratçıları tərəfindən bu vahid forma üzərindən məlumatların ötürülməsinə nail olunub. Qazma, tamamlama və quyulara müdaxilə sahələri üzrə proseslərin idarə olunmasının təkmilləşdirilməsi, proses zamanı yaranan problemlərin həll edilməsi, əməliyyatlarda effektivliyi, çevikliyi təmin etmək məqsədilə 02 avqust 2023-cü il tarixli 4-2/3- 1İ-105/2023 nömrəli əmrlə yaradılmış layihə qrupu tərəfindən “Qazma Transformasiyası” davam etdirilib, bu işə beynəlxalq təcrübəli mütəxəssislər cəlb olunub. Eyni zamanda, işçi layihələrin, layihə smeta sənədlərinin və iş proqramlarının hazırlanmasında istifadə olunan şirkətdaxili normativ sənədlərin tətbiqində dünya standartlarına uyğun texniki qaydalardan istifadə tələbinə uyğun olaraq Qazma, tamamlama və quyulara müdaxilə Departamenti tərəfindən müasir dünya standartlarına uyğun Vahid Texniki Qaydalar toplusunun yenilənməsinə, Texniki Praktikaların yazılmasına, həmçinin SOCAR-da tətbiq olunan Quyu Tikintisinin Layihələndirilməsi Prosesinin (QLTP) yenilənməsi işlərinə start verilib. QLTP-yə uyğunlaşdırılmış SAP PS proqram modulunun tətbiqi ilə quyuların layihələndirilməsi və qazılması dövründə lazım olan bütün sənədləşmələrin tam və şəffaf şəkildə həyata keçirilməsi təmin edilir.

SOCAR beynəlxalq əməkdaşlıq siyasətinə uyğun olaraq, 17 sentyabr 2024-cü il tarixində Özbəkistan Respublikasının Baysunsk rayonunun “Müstəqillik-25” yatağının 604 №-li quyusunun tamamlanması zamanı hidrogen-sulfid qazının təkrar sızması səbəbindən insan tələfatı ilə nəticələnə biləcək qəzanın qarşısının alınması üçün yardım göstərilməsi barədə müraciətə müsbət cavab verilib, SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsindən, “SOCAR Upstream Operations Management” MMC-dən (SUOM) və “Ümid-Babək Əməliyyat Şirkəti”ndən (UBOC) aidiyyəti mütəxəssislərin Özbəkistan Respublikasının Termez şəhərinə ezamları təşkil olunub. SOCAR-ı beynəlxalq səviyyədə təbliğ etmək məqsədilə Şirkət öz tarixində ilk dəfə 2024-cü ildə Beynəlxalq Qazmaçılar Assosiasiyası (İADC) ilə bu təşkilatın 2025-ci ildə Bakıda keçiriləcək “İADC Drilling Caspian 2025” Konfrans və Sərgisi” tədbirinin “Qızıl” sponsorluğunu üzərinə götürüb və bu öhdəliyi müqavilə ilə rəsmiləşdirib. Xəzər regionu üçün dəyişən bazar şəraiti, əməliyyat çətinlikləri, qazma işlərinin səmərəliliyi, təhlükəsizlik və texniki xidmətlərlə bağlı çətinlikləri müzakirə etmək və təcrübələri bölüşmək üçün sənaye liderlərini bir araya gətirəcək bu mühüm tədbirdə, qazma işlərinin avtomatlaşdırılması, qabaqcıl texnoloji nailiyyətlərin nümunələri barədə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin elmi-texniki təqdimatları nəzərdə tutulur. Bu konfransda 3 nəfər mütəxəssisin təqdimatı təşkilatçıların komissiyası tərəfindən seçilib və onların çıxış etmələri artıq razılaşdırılıb.

Neft-qaz hasilatı

2024-cü ildə ölkədə 29 milyon ton neft və 50,4 milyard kub metr qaz hasil olunub. 2023-cü il ilə müqayisədə neft hasilatı 1,1 milyon ton az, qaz hasilatı isə 2,1 milyard kub metr çox olub. SOCAR-ın istismar etdiyi neft və qaz yataqlarından 2024-cü ildə 7,5 milyon ton neft (kondensatla birlikdə), 7,7 milyard m3 qaz hasil edilib.

2024-cü il ərzində qalıq neft-qaz ehtiyatlarının çıxarılması baxımından perspektivli sahələrin intensiv işlənməyə cəlb edilməsi məqsədilə əlavə tədqiqatlar aparılıb, yeni hidrotexniki qurğuların layihələndirilərək tikilməsi hesabına infrastruktur genişləndirilib. Neft və qaz hasilatı sahəsində kompleks tədbirlər işlənib həyata keçirilib. 2024-cü il ərzində “Azneft” İB üzrə 4164 texniki, 488 geoloji tədbir həyata keçirilib ki, nəticədə texniki tədbirlərdən 77 min ton neft, geoloji tədbirlərdən isə 349,2 min ton neft hasil olunub. Ümumilikdə, neft-qazçıxarma proseslərini texnoloji və iqtisadi cəhətdən optimallaşdırmaq məqsədilə elmi-tədqiqat, layihə-konstruktor işləri genişləndirilib, müasir texnika və texnologiyalar sınaqdan keçirilərək istehsalatda tətbiq olunub. O cümlədən, müxtəlif konstruksiyalı dərinlik nasoslarının, kimyəvi kompozisiyaların, nanotexnologiyaların, yeni təmir və istismar avadanlıqlarının tətbiqindən müsbət nəticələr alınıb və bu işlər uğurla davam etdirilir.

Orxan Vahidoğlu, “İki sahil”