17 sentyabr 2025 11:32
139

Birgünlük lokal antiterrror əməliyyatı separatçı və terrorçu rejimin sonunu gətirdi

Azərbaycan Ordusu möhtəşəm növbəti Qələbəsini 2023-cü ilin sentyabrın 19 20-də Qarabağ iqtisadi zonasında keçirdiyi antiterror tədbirlərində qazandı. Həmin döyüşləri uğurla və qısa müddətdə  başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Cəmi bir sutkaya əldə edilən tarixi Qələbə separatçı və terrorçu rejimin sonunu gətirdi. Bu tarixi Zəfərimizlə sübut etdik ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə həmişə sadiq olub.

Belə ki, ölkəmiz  antiterror tədbirlərinədək həmişə  bu istiqamətdə bir neçə önəmli addımlar atıb. Lakin qarşı tərəfdən adekvat cavablar alınmayıb. Ancaq bununla belə, Azərbaycan dövləti 2023-cü ilin sentyabrın 19-dək Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası, ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqlarının təmin olunması üzrə səylər göstərmişdir. Son olaraq Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılmasını təşkil etmək Azərbaycanın gərginliyin azaldılmasına verdiyi digər töhfə idi.

Bəli, Azərbaycan xalqının müasir tarixi həm sınaqlarla, həm də böyük zəfərlərlə zəngindir. Qarabağ məsələsi isə bu tarixdə ən ağrılı, eyni zamanda, ən qürurlu səhifələrdən biridir. İllər boyu xalqımıza əzab vermiş erməni işğalı faktoru 2020-ci ildə Vətən müharibəsi ilə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, polad iradəsi və xalqın birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi. Lakin həmin vaxt Qarabağda yaranmış yeni reallıq arzuladığımız kimi deyildi. Qeyri-qanuni silahlı dəstələrin bölgəni tərk etməməsi, mina təhlükəsinin davam etməsi, diversiya hadisələrinin baş verməsi Azərbaycanın dövlət suverenliyini məhdudlaşdıran əsas maneələr idi

Xatırladaq ki, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanat  Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Ermənistan kapitulyasiya aktına imza atdı, amma praktiki olaraq bəyanatın bütün müddəaları yerinə yetirilmədi. Qarabağda hələ də Ermənistan ordusunun tör-töküntüləri mövcud idi. Onların fəaliyyəti bir tərəfdən bölgədə yaşayan əhali üçün təhlükə yaradırdı, digər tərəfdən isə Azərbaycanın dövlətçiliyinə açıq hörmətsizlik idi. Xüsusilə mina terroru hər gün həyatımıza acı xəbər gətirirdi. Onlarla hərbçi və mülki şəxs bu minaların qurbanına çevrilirdi. 2023-cü ilin sentyabrında baş verən partlayış nəticəsində bir neçə hərbçimizin həlak olması isə bardağı daşıran son damla oldu. Bu hadisədən dərhal sonra Azərbaycan Ordusu sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatın ən böyük xüsusiyyəti onun məqsədli və məhdud xarakter daşıması idi. Ordumuz yalnız hərbi obyektləri hədəfə aldı, mülki əhalinin təhlükəsizliyi isə diqqətlə qorundu. Bu, Azərbaycanın gücünün yanında humanist dəyərlərə sadiqliyinin də göstəricisi idi.

24 saata yaxın davam edən əməliyyat Azərbaycanın hərbi gücünün növbəti göstəricisi oldu. Dəqiq və hədəfli zərbələr nəticəsində Ermənistan ordusunun qalıqları zərərsizləşdirildi, mühüm hərbi obyektlər sıradan çıxarıldı. Əməliyyatın ən mühüm məqamlarından biri isə mülki əhalinin qorunması idi. Azərbaycan Ordusu bu məsələyə xüsusi həssaslıqla yanaşdı. Humanitar dəhlizlər açıldı, mülki şəxslərə yardım göstərildi, onların təhlükəsizliyi təmin olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycanın suverenliyi tam bərpa olunub, Qarabağda dövlət bayrağımız artıq əbədi dalğalanır. Bu sözlər hər birimimizdə böyük qürur hissi yaratdı.

2023-cü ilin sentyabrın 19–20-də keçirilmiş lokal antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Qarabağda dövlət idarəçiliyi tam bərpa olundu, ölkəmizin ərazi bütövlüyü faktiki olaraq təmin edildi, oradakı qeyri-qanuni silahlı dəstələr tərksilah edildi və bölgədə sabitlik, təhlükəsizlik bərqərar oldu. Ən əsası, Azərbaycan göstərdi ki, suverenlik yalnız kağız üzərində yazılan prinsip deyil, real siyasi iradə və hərbi güclə qorunan dəyərdir.

Artıq Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın, burada   infrastruktur layihələrinin genişlənməsi və əhalinin rifahının yüksəldilməsi üçün maneələr aradan qalxıb.  19–20 sentyabr əməliyyatı Azərbaycan tarixində sadəcə hərbi uğur deyil, həm də milli qürurun, Prezidentin siyasi iradəsinin və xalqın birliyinin təntənəsi kimi qalacaq.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri