20 sentyabr Azərbaycan neft sənayesi işçilərinin peşə bayramı - Neftçilər Günüdür. Bu tarix xüsusidir, çünki 31 il əvvəl bu gün ölkənin taleyini kökündən dəyişdirən və onu dünya enerji bazarına çıxaran "Əsrin müqaviləsi" kimi tanınan əfsanəvi saziş imzalanıb.
Neft sənayesi tarixi və bu tarixin qəhrəmanları
Azərbaycanın neft sənayesi dərin tarixi köklərə malikdir. Neft yataqlarının ilk sənaye işlənməsi hələ XIX əsrdə başlayıb və Bakı tezliklə "qara qızıl şəhəri" kimi tanınmışdır. Bunun nəticəsidir ki, 1901-ci ildə Azərbaycanda 11 milyon ton neft hasil edilib və bu, dünya neft hasilatının 50 faizdən çoxunu təşkil edirdi. İkinci dünya müharibəsi illərində Bakı neftçiləri ölkənin şərqində yaradılmağa başlanan və “İkinci Bakı” adını almış neft rayonlarının inkişafına da töhfə veriblər. O zaman Dövlət Müdafiə Komitəsi Bakı neftçilərinə müraciət edərək xam neft yataqlarının işlənilməsi, neft hasilatının hər vasitə ilə sürətləndirilməsi üçün onları perspektivli neft rayonlarına köçməyə çağırdı. 1942-ci ilin iki-üç ayı ərzində Bakının doqquz qazma kontoru, neft-kəşfiyyat, neft-tikinti trestləri, boru bazaları və bəzi başqa neft müəssisələri bütün şəxsi heyəti, avadanlığı ilə şərqə köçürüldü. Bakının on mindən çox neft istehsalı komandiri, yüksəkixtisaslı mühəndis-texniki işçilər, mahir neft ustaları mütəşəkkil surətdə şərq rayonlarına göndərildi. Azərbaycanın mühəndis-texniki işçilərinin və alimlərinin səyi nəticəsində Bakının neft emalı müəssisələri cəbhə üçün yüksək oktanlı benzin istehsalını uğurla həyata keçirirdilər. Yusif Məmmədəliyevin başçılığı altında bir qrup alim neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya yanacağı əldə etdi. Cəbhəni vaxtında və yüksəkkeyfiyyətli yanacaqla təmin etmək kimi ciddi vəzifəni Azərbaycan neftçiləri böyük şərəflə yerinə yetirirdilər. Müharibədə ordunun döyüş texnikasının 75-80 faizi Azərbaycan neftçilərinin qəhrəman əməyi nəticəsində hərəkətə gətirildi. Həmin dövrdə SSRİ-də hasil edilən neftin 70-75 faizini, aviasiya benzini istehsalının 85-90 faizini Bakı verirdi. Bakı hərbi dəniz qüvvələrini də yüksəkkeyfiyyətli mazutla təmin edirdi. Paytaxt Bakı əsl mənada sovet ordusunun mühüm cəbbəxanalarından birinə çevrilmişdi. 1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil edib ki, onun 75 milyon tonu Azərbaycanın payına düşürdü.
7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 metr dərinliyində 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 ton hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsası qoyuldu. 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi - Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlayaraq, 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilərək istismara verildi (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirildi. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi (İB) yaradıldı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
Milli neft sənayesi müstəqilliyin ilk illərində
Sovet İttifaqının dağılması və bazar iqtisadiyyatına keçid ölkə qarşısında çətin vəzifələr qoydu. Müstəqilliyin ilk illərində (1992-1993-cü illər) respublikada neft hasilatı 12,5 mln tondan 9,6 mln tona, qaz hasilatı isə 9,9 mlrd kubmetrdən 6,5 mlrd kubmetrə enmişdi, yəni neft hasilatı 3 mln tonadək, qaz hasilatı isə 3,4 mlrd kubmetr aşağı düşmüşdü. Müstəqillik əldə etmiş keçmiş müttəfiq respublikalardan fərqli olaraq, 1991-1993-cü illərdə Azərbaycan iqtisadi böhranla bərabər, siyasi böhranla da üzləşmişdi. Lakin Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrildi, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etdi. Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması oldu. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratdı. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.
2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında hər üç dövlətin prezidentlərinin iştirakı ilə BTC tam istismara verildi. Mərasimdə çıxışında dövlət başçısı İlham Əliyev demişdir: "Hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda - "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanmışdır. Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində "Əsrin müqaviləsi" imzalandı və bundan sonra bütün məsələlər öz həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu, Azərbaycana ciddi təzyiqlər edilirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaranmasını istəməyən qüvvələr müxtəlif təzyiqlər göstərirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bilsin və bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır".
Dünya neft xəritəsində Azərbaycan
14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyuldu.
Bu gün Azərbaycan dünya neft xəritəsində əhəmiyyətli yer tutur. Ölkə Xəzər dənizi regionunda ən böyük neft ixracatçılarından biridir və beynəlxalq enerji layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Azərbaycanın dünya neft hasilatında payı nisbətən kiçik olsa da, strateji mövqeyi və zəngin karbohidrogen ehtiyatları onu dünya enerji bazarında mühüm oyunçuya çevirir. Azərbaycan neft və qaz hasilatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində vacib rol oynayır. Bütün bunlar isə neftçilərin zəhməti, yataqların zənginliyi hesabına baş verib. Belə ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək 660,1 milyon tona yaxın neft (kondensatla birlikdə), 487,1 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 609,5 milyon ton neft, 236,5 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 50,6 milyon tona yaxın kondensat, 250,6 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 iyun 2025-ci il tarixinədək 658,1 milyon ton neft, 180,2 milyard kubmetr qaz ixraca nəql edilib.
Bu reallığı da xüsusi qeyd etməliyik ki, neft strategiyasının həyata keçirilməsinə davamlı töhfələri ilə diqqət çəkən, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adı nüfuzlu xarici şirkətlər sırasında çəkilir. Dövlətimiz Azərbaycan neftcilərinin əməyini daim yüksək dəyərləndirir, peşə bayramları ərəfəsində edilən dövlət təltifləri də bunun bariz nümunəsidir. Qeyd etdiyimiz kimi, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyası nəticəsində Azərbaycan böyük yüksəliş yoluna qədəm qoyub və ötən 31 ildə ölkənin siması əhəmiyyətli dərəcədə dəyişib, iqtisadiyyatı şaxələndirilib, neftdən gələn gəlirlər insan kapitalına çevrilib. SOCAR artıq dünyanın neft-qaz bazarına inamla daxil olub. Şirkət bu gün böyük investisiya layihələri həyata keçirir. Qazanılmış nailiyyətlər də təsdiq edir ki, bu inkişaf davamlı olacaq, neftçilərimiz Azərbaycanın davamlı uğurlarında əhəmiyyətli rol oynayan layihələrin uğurlu icrasına öz töhfələrini verəcəklər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr ölkəmizdə “Neftçilər Günü” kimi qeyd olunur. Neftçilər Günü təkcə neft sənayesində çalışanların bayramı deyil, həm də milli qürur rəmzidir.
Sevinc Azadi, “İki sahil”