“Neft Daşları XX əsrdən XXI əsrə atılmış körpüdür”
ümummilli lider Heydər Əliyev
Əziz neftçilər, əziz dostlar!
Neft Daşları dünyada nadir tarixi hadisələrdən biridir. Dünya miqyasında dənizdə ilk dəfə neft çıxarılması məhz Azərbaycan neftçiləri tərəfindən gerçəkləşdirilib.
Neft ölkəsi olan Azərbaycanda 67 il bundan əvvəl 1949-cu ildə Bakı şəhərindən 110 km şimal-şərqdə, Xəzər dənizində qazılmış ilk neft quyusu gündəlik hasilatı 100 tondan artıq olmaqla fontan vurdu. Bu yer tarixə Neft Daşları kimi daxil oldu. Neft Daşları akvatoriyasında neftin varlığına dair ilk mənbələr hələ XVIII əsrin sonlarına təsadüf edir. XIX əsrdə və XX əsrin birinci yarısında da bu tədqiqatlar davam etmişdir. Lakin rayonun mütəmadi geoloji tədqiqatlarına 1945-ci ildə məşhur Azərbaycan geoloqu Ağaqurban Əliyevin rəhbərliyi ilə SSRİ EA-nın xüsusi ekspedisiyası tərəfindən başlanmışdır. 3 il Xəzərin fırtınaları və sərt təbiəti şəraitində davam edən çətin və gərgin axtarışlar nəticəsində rayonun geoloji xəritəsi hazırlanmış, rayonun sənaye üsulu ilə kəşfiyyatı planlaşdırılmışdır. 1948-ci ildə 23 nəfərdən ibarət ilk dəniz neftçiləri kollektivi ilk quyunun kəşfiyyatına başladılar. Böyük neft təşkilatçısı S.Orucovun, geoloq A.Əliyevin və məşhur qazmaçı Y.Cəfərovun təklifi ilə əlavə xərclərə və işçi qüvvəsinə ehtiyac olmadan Bakı Gəmi Təmiri zavodlarından istifadədən silinmiş 7 iri tonnajlı gəmi gətirilərək Qara Daşların yanında batırılmış, süni buxta yaradılmış, qəhrəmanlıq mücəssəməsi olan əfsanəvi “7 gəmi adası” Xəzər fədailərinin isti ocağına və dənizin dərin qatlarına nüfuz etmək üçün istinad nöqtəsinə çevrilmişdi. 1949-cu ilin martında sərt qayaların üstündə dirəklər üzərində inşa edilmiş ilk evcik də o illərin qəhrəmanlığının nişanəsi kimi bu gün də qorunub saxlanılır.
1949-cu il dekabrın 1-də dənizdə qazma, neftçıxarma və tikinti ilə məşğul olacaq “Azərdənizneft” İstehsalat Birliyi yarandı. Həmin qərarla “Dənizneftqazlayihə” DETLİ yaradıldı. Xəzərdə işləri operativ həll etmək üçün SSRİ Neft Sənayesi Nazirliyi nəzdində “Başdənizneft” Ümumittifaq İstehsalat Birliyi yaradıldı ki, görkəmli Azərbaycan neft mütəxəssisi S.Orucov onun ilk rəisi və eyni zamanda SSRİ neft sənayesi nazirinin müavini təyin edildi. Bu, təbii ki, bütövlükdə Azərbaycan mütəxəssislərinin istedad və qabiliyyətinin SSRİ səviyyəsində etirafı idi.
Neft Daşlarında kəşfiyyat-qazma və tikinti işləri geniş vüsət aldı. 1950-ci ilin dekabrında Neftçi Qurbanın və M.Kaveroçkinin qazdığı quyuların neft verməsi, 1951-ci ilin fevralında neftlə dolu ilk tankerin Neft Daşlarından yola salınması neft rayonunun böyük perspektivlərindən xəbər verirdi. 1951-ci ildən başlayaraq estakada və meydançaların tikilməsi, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, yığım sistemi, istehsal və yaşayış təyinatlı obyektlərin tikintisi başlandı. Qəhrəman neftçilərimiz Xəzərin qoynunda dünyanı heyrətə salan nadir neft-qaz kompleksi və yaşayış şəhəri yaratmışlar.
Bu gün Neft Daşlarındakı “Əks Osmos” qurğularında istehsal olunan təmizlənmiş su plasmas borularla İES-ə vurulur, orada qızdırılaraq bütün sutka ərzində yataqxana korpuslarına verilir. Özül və meydançaların, iaşə obyektlərinin ərzaqla, bütün obyektlərin su ilə təchizatı, əməkçilərin sahildən iş yerlərinə və sahilə nəqliyyat vasitəsilə (gəmi və vertolyot) daşınmaları daim nəzarətdə saxlanılır. Neft Daşlarında fəaliyyət göstərən sosial təyinatlı obyektlər təmir edilir və ya yenidən qurulur, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunur, yataqxana korpuslarında cari təmir və yenidənqurma işləri aparılır.
Son illərdə Neft Daşlarında yeni park salınmış, parkda ulu öndər Heydər Əliyevin heykəli ucaldılmışdır. Heydər Əliyev Muzeyi yaradılmış, Ulu Öndərin neft strategiyasını əks etdirən foto stendlərlə bəzədilmişdir. Neft Daşlarında işləmiş şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilmişdir. 1958-ci ildə həlak olmuş neftçilərin xatirə abidəsi qurulmuşdur. Gözəl və yaraşıqlı Çay evi, idman zalı və meydançası, tibb məntəqəsi və klub müasir avadanlıqlarla təchiz edilmiş, neftçilərin istifadəsinə verilmişdir. Müasir tipli çörək sexi, yeməkxanalar neftçilərə yüksək xidmət göstərilməsini təmin edirlər.
Son illər ərzində burada həm neftçilərin məişət şəraitinin yaxşılaşdırılması, həm də Neft Daşlarının abadlaşdırılması, gözəlləşdirilməsi sahəsində əhatəli işlər görülüb. Eyni zamanda, Neft Daşlarında Azərbaycan neft sənayesi üçün əvəzolunmaz texniki qurğular yaradılıb. Bu gün də Neft Daşlarında genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir.
Neftçi peşəsi çox şərəfli peşədir və neftçilər həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da belə olacağına əminəm.
Əziz neftçilər!
Bu əziz gündə, sizi, neft sənayesinin bütün işçilərini Azərbaycan dəniz neft sənayesinin 67 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, sizə cansağlığı, çətin və məsuliyyətli işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Daşqın İskəndərov,
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru
Evi sökülən vətəndaşların nəzərinə: 5 ekspert AQC yanında xüsusi komissiya yaradır
TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib