29 sentyabr 2025 10:51
102

Bu il büdcə gəlirləri 2017-ci illə müqayisədə 2 dəfədən çox artıb

2025-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 2017-ci illə müqayisədə iki dəfədən çox artıb.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə (BCAW2025) deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan Prezidenti "Azərbaycan 2030: Milli İnkişaf Yol Xəritəsi"ni təsdiq edib: "Bu strategiya qarşıdakı onillik üçün əsas prioritetləri müəyyənləşdirir, o cümlədən yaşıl inkişafı və yüksək keyfiyyətli ekoloji mühiti müəyyənləşdirilib. Bu əsas üzərində 2022–2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası artım və dayanıqlı sabitlik üçün aydın hədəflər müəyyənləşdirilib. Bu siyasətlər artıq nəticə verməkdədir. 2021–2024-cü illər ərzində qeyri-neft-qaz sektorumuz orta hesabla hər il 6,7 % böyüyüb və qeyri-neft-qaz sektorunun ÜDM-dəki payı 68 %-ə çatıb".

O əlavə edib ki, son illərdə qeyri-neft ixracı iki dəfə artıb və bu, Azərbaycanın artan rəqabətqabiliyyətini göstərir: "Bu gün özəl sektor ÜDM-in 80 %-dən çoxunu formalaşdırır. Eyni zamanda, maliyyə göstəriciləri möhkəmlənib. Strateji valyuta ehtiyatları təxminən iki dəfə böyüyüb, dövlət borcu isə ÜDM-nin 6,5 %-ə enib ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir".