Varşava Rayon Məhkəməsi “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərini partlatmaqda şübhəli bilinən Ukrayna vətəndaşı Vladimir Juravlevin həbs müddətini 40 gün uzadıb. Bu müddət ərzində məhkəmə onun partlayışın baş vermə şəraitini araşdıran Almaniyaya ekstradisiyası ilə bağlı qərar verəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Polşanın RMF24 radiostansiyası məlumat yayıb.
Prokurorluq Juravlevin “qaçacağı qorxusu” səbəbindən onun 100 sutka həbs olunmasını istəyib. Məhkəmə vəsatəti qismən təmin edib. Onun vəkili qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Onlarla insan Varşava Rayon Məhkəməsi qarşısında toplaşaraq Vladimir Juravlevin azadlığa buraxılmasını tələb edib. Onun müdafiəsi həbsinə qarşı çıxan 2000-dən çox imza toplayıb. Juravlev günahını inkar edir.
2022-ci il sentyabrın 26-da “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd boru kəmərindən üçü təxminən 80 metr dərinlikdə partladılıb. Alman müstəntiqləri tərəfindən nəzərdən keçirilən aparıcı nəzəriyyəyə görə, təxminən altı nəfərdən ibarət qrup saxta sənədlərdən istifadə edərək Andromeda yaxtasını icarəyə götürüb və dərin dəniz avadanlıqlarından istifadə edərək boru kəmərlərinə partlayıcı qurğular yerləşdirib.
Vladimir Juravlev Almaniyanın tələbi ilə sentyabrın 30-da Polşanın Pruskov şəhərində saxlanılıb.