“Z 212 Nəsli” gənclər hərəkatı tərəfindən təşkil olunan etirazlara baxmayaraq, Mərakeşin turizm sektoru adi rejimdə fəaliyyət göstərir. Turistik marşrutlarda nə ləğv, nə də fasilələr qeydə alınıb.
“İki sahil” “Akhbarona” elektron qəzetinə istinadla xəbər verir ki, etirazlar Mərakeş, Əqədir, Fes və Dəxla kimi iri şəhərlərdə nə turist axınına, nə də turizm fəaliyyətinə təsir göstərib. Hava yolları şirkətləri və mehmanxanalar tələbatda azalma müşahidə etmədiklərini bildirib. Bu yay ölkəyə gələn turistlərin sayı rekord həddə çatıb. 2024-cü illə müqayisədə 15 faizdən çox artım qeydə alınıb.
Fransa, Belçika, İtaliya və İspaniya da daxil olmaqla Avropa ölkələrinin hakimiyyət orqanları Mərakeşə səfərlərlə bağlı xüsusi xəbərdarlıq etməyib, sadəcə vətəndaşlara etiraz aksiyalarının keçirildiyi yerlərdən uzaq durmağı tövsiyə edib.
“Z 212 Nəsli” hərəkatının (1997–2012-ci illərdə doğulan gənclər) təşkil etdiyi etirazlar əvvəlcə təhsil və səhiyyə sahələrinin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə kimi tələblərlə dinc şəkildə başlamışdı. Lakin hökumətin reaksiyasının olmaması gənclərin narazılığını artırdı və bir neçə gün ərzində vəziyyət kəskinləşdi. Etirazlar toqquşmalara çevrildi, nəticədə azı üç nəfər həyatını itirdi.